Famil Zeynalovun "Hippokrat prinsipləri”: narkotika, rüşvət, avtomobillər və…
Ölkə rayonlarında baş verən sosial problemlərlə bağlı mətbuatda daim silsilə yazılar dərc olunur və demək olar ki, əhalinin ən yaralı yerlərindən biri də dövlətin vətəndaşlara sosial xidmət göstərən qurumlarıdır. Dövlətin sosial xidmət qurumları arasında isə ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri də səhiyyə sistemidir.
Bu dəfə cumhuriyyet.az-a Göyçay rayon Mərkəzi Xəstəxanası və rayonun baş həkimi Famil zeynalov haqda məlumat daxil olub. Redaksiyamızın elektron poçtuna rayon sakinlərindən daxil olan məktublarda ciddi ittihamlar yer alıb. Bu məktubların birində göstərilir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının bir qrup həkim heyəti, başda Famil Zeynalov olmaqla sağlam gənclərdən rüşvət alaraq hərbi xidmətdən yayındırır və hərbi xidmətdən yayındırdıqdan sonra hərbi xidmətə yararsız etdikləri, dinc ve müharibə dövründə yararsız hesab etdikləri gənclərə sürücülük vəsiqəsi almaq üçün sağlamlıq sənədi verilir.
Elektron poçtumuza daxil olan məktubda bildirilir ki, sürücülük vəsiqəsinin alınmasında məhdudiyyət qoyulmuş ruhi xəstələrə, karlara da bu sənəd verilib: "Bununla bağlı səfərbərlik xidmətinə rəsmi ərizə ilə müraciət edilib, faktlar müvafiq orqanlara təqdim edilib. Səfərbərlik xidməti növbədənkənar komissiya təşkil edib. Lakin üç aydır ki, yenə həkim komissiyası bu gəncləri yoxlayıb qurtara bilmir. Çünki Famil Zeynalov buna imkan vermir.Həmin gənclərin adları rayon prokurorluğuna da təqdim olunsa da, maraqlıdır ki, prokuror bu cinayəti ört-basdır edir. Prokurorluğun rəsmi cavabında bildirilir ki, Göyçay hərbi həkim komissiyasını Famil Zeynalov yox, müvafiq icra orqanı təsdiq edir. Kim təsdiq etməsindən asılı olmayaraq həmin həkimlər Famil Zeynalovun rəhbərlik etdiyi xəstəxananın həkimləridi”. Şikayət məktubunda həmçinin bildirilir ki, 03 iyun 2015 -ci il tarixdə Göyçay rayon sakini Quliyev Akif Fəxrəddin oğlu avto qəzaya düşür: "Lakin əsl qəza Göyçay rayon mərkəzi xəstəxanasında yaşanır. Bu qəzanı yaşadan səhiyyə işçiləri baş həkim Famil Zeynalov, cərrah Famil Namazov, travmatoloqlar Elman İbadov, Mərdalı Hacıyev və bir qrup səhiyyə işçisi bizdən necə rüşvət istədilər aldılar. Nəzərinizə çatdırım ki, bu nəşəxor Famil Namazovun əməliyyat etdiyi vətəndaşlar Allahın ümüdünə əməliyyatdan sağ çıxır. Hətta onun nəşə çəkməsini Famil Namazov özü də etiraf edir.Bu cinayətlərlə bağlı da Göyçay prokurorluğuna müraciət edilib. Lakin Göyçay prokuroru bu cinayəti də ört- basdır edib. Göyçay xəstəxanası heç də özəl klinikalardan fərqlənmir. Bir fərqi var, o da budur ki, özəl klinikalar dövlətə qanuni vergi verir, lakin Göyçay xestexanasi pullu olsa da vergiden yayinir”.
Göyçay Mərkəzi Rayon Xəstəxanası və baş həkim Famil Zeynalov haqda cumhuriyyet.az-a daxil olan digər bir məktubu da olduğu kimi diqqətinizə çatdırırıq: "”Mən 1993-cü il tarixdən 2012-ci ilə qədər Göyçay rayon Mərkəzi Xəstəxanasında gözətçi işləmişəm. İşlədiyim müddət ərzində heç bir qanun pozuntularına yol verməmişəm, sadəcə olaraq xəstəxananın baş həkimi Famil Zeynalovun korrupsiya əməllərindən bezərək 10 oktyabr 2012-ci il tarixdə öz ərizəmlə işdən çıxmaq məcburiyyətində qaldım. Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi hər ay mənə təsərrüfat avadanlıqları ( süpürgə, işıq lampası, vedrə, dırmıq, çəkiş, bel və sairə) aldırırdı. Demək olar ki, bir qarnı ac, bir qarnı tox yaşayırdım. Əməkhaqqım baş həkimin sifarişlərinə güclə çatırdı. Buna görə də məcbur olub öz ərizəmlə işdən çıxdım.
İndi isə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, hüquq mühafizə orqanlarına Famil Zeynalovun Göyçay Mərkəzi Rayon Xəstəxanasında yaratdığı korrupsiya şəbəkəsinin cinayətləri barədə məlumat vermək istəyirəm. 2006-cı il tarixdə Göyçay MRX-nın baş həkimi vəzifəsinə təyin olunan Famil Zeynalov 2004-cü il tarixdə xəstəxanaya verilmiş küllü miqdarda qiyməti olan səyyar "Flaqman” maşınını sataraq mənimsəmişdir. Bu maşın səyyar olaraq ağciyərin flaqrafiya müayinəsini istənilən yerə gedərək edir. Təcili Tibbi Yardım Stansiyasına hər gün 80 litr benzin yanacağı ayrılsa da təcili yardım maşınlarına cəmi 15 litr benzin verilir. Qalan 65 litr satılaraq baş həkimin cibinə gedir. Və bu da aya və ilə vuranda xeyli miqdarda pul edir. Rayon mərkəzindən 50 km aralıda yerləşən Məlikkənd kəndinə, 30 km aralıda yerləşən Alpoud kəndinə çağrışa gedən təcili yardım maşınının nə qədər yanacaq işlətməsini hesablasaq hər şey aydın olacaq. 12 manata Binə bazarında satılan tibb əməkdaşları üçün paltarı Famil həkim tibb işçılərinə 30 manata özü satır. 2012-ci ilin yayında Masallıdan Göyçay Mərkəzi Rayon Xəstəxanasına 2 yük maşını gətirilmiş təzə mebellərin yarıdan çoxu satılaraq mənimsənilmişdir.
Təcili Tibbi Yardım Stansiyasına məxsus olan 23 AA 028 dövlət nömrə nişanlı "Niva” markalı avtomobil bir neçə ildir Famil həkimə məxsus 3000-dən çox qoyun sürüsü olan rayonun Qarayazı kəndindəki fermasına xidmət edir. Aylıq əmək haqqı 250 manat olan Famil Zeynalovun özünün istifadəsində olan hər birinin dəyəri 150.000 manatdan çox olan 4 avtomobili var. Bura hektarlarla torpaq sahələrini, ticarət obyektlərini və möhtəşəm villaları da aid etsək baş həkimin baş korrrupsioner olduğunu aydın etmək mümkün olacaq. Aldığı rüşvətə görə ali təhsilli tibb işçisini vəzifəsindən kənarlaşdırıb İnçə kənd xəstəxanasına orta təhsilli tibb işçisini baş həkim təyin etmişdir.
Analoji qaydada orta təhsili olan Könül Əliyevanı baş mühasib vəzifəsinə təyin edib ki, xanım öz fərasəti hesabına az müddətdə iki ədəd bahalı avtomobilə, obyektlərə və villalara sahib olub. Orta təhsilli mühasib, ali təhsilli baş korrupsioner Famil həkimin fərasətlərindən yararlana bilmişdir. 2013 və 2014-cü ilin yanvar aylarında rayon üzrə 6400 nəfər şəkər xəstəsi, 1000 nəfər onkoloji xəstə və 3000 nəfər vərəmli xəstələr üçün dövlət tərəfindən ayrılmış dərmanlar satılaraq mənimsənilmişdir. Araşdırma aparılmalıdır ki, həmin xəstələr dövlətin ayırdığı pulsuz dərmanlarla təmin ediliblərmi? Bu artıq korrupsiya cinayətindən başqa həm də genoisid sayılmalıdır ki, bütün bunları Famil həkim öz maraqlarına görə törədib. Səhiyyə Nazirinin 2011-ci il 130 nömrəli əmrinə əsasən xəstələrə pulsuz verilməsi nəzərdə tutulan 146 növ dərmanlar apteklərdə pulla satdırılır.
Göyçay Mərkəzi Rayon Xəstəxanasına stasionar müalicə alan xəstələrə gündəlik yemək verilmədiyindən onlara qohumları yemək gətirirlər. Bütün ərzaqlar isə özünə məxsus mağazalarda satdırılır. Bundan başqa yaş senzinə görə qocalıq yaşı tamam olan rüşvət verməyə imkanı olmayan işçiləri dərhal təqaüdə göndərdiyi halda yaşı 65 dən çox olan mühasib Könül Əliyevanın anasının xəstəxananın mətbəxində baş aşpaz kimi adı gedir, ancaq orada nə yemək bişirilir, nə də aşpaz var. 2014-cü ilin oktyabr ayında Famil həkimin övladının xarici ölkədə müalicəsi üçün işçilərdən məcburi pul yığıldı. Hazırda Göyçay MRX-da cərrahiyə əməliyyatının qiyməti 800-1000 manat, doğum 500-600 manat, əlillik təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün lazım olan forma 88 sənədi 500 manata ödəməlisən. Əks halda xidmət göstərlilmir ki, bu da insanların həyat və sağlamlıqlarını ciddi təhlükə qrşısında qoyub. Bütün şöbə həkimlərinə aylıq haqq kəsilib. Göyçay MRX-da baş alıb gedən Famil Zeynalov adlı korrupsiya xəstəliyindən bütün tibb işçiləri və rayon sakinləri çox əziyyət çəkirlər. Ümumiyyətlə Famil Zeynalovun yaratdığı korrupsiya şəbəkəsinin bütün cinayətləti hər tərəfli araşdırılmalı və onun barəsində qanuna uyğun tədbirlər görülməlidir”.