Əliməmməd Nuriyev: "Əvvəlcədən hansısa şəxslərin əfv olunmasını demək yanlış olardı”
Novruz bayramına bir həftə qalır. Günlər keçdikcə bu bayramda və ya mayda verilə biləcək əfv sərəncamı ətrafında gedən müzakirələr qızışır. Bu müzakirələr ölkəmizdə 2018-ci ildə siyasi məhbus probleminin tamamən aradan qaldırılacağı yönündədir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlunun modern.az-a verdiyi açıqlama bir sıra suallara yol açıb. O, açıqlamasında hazırlayıb Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib. Onun dediklərinin müzakirələr doğurmasına əsas səbəb sabiq nazirdir. Belə ki, İ.Məmmədovun əfvə düşmək şansları hər cəhətdən yüksəkdir, o, 7 illik cəzasının 5 ildən çoxunu geridə qoyub, amma İnsanovda belə deyil. Sabiq nazir ona 13 illik cəzasının ardından verilən 7 il beş gün cəzanın heç bir ilini çəkməyib. Əfvə isə adətən cəzasının 3/1-i, yaxud yarıdan çoxunu çəkən məhbuslar düşürlər. Bütün bunların fonunda sabiq nazirin adının əfv siyahısında olub-olmayacağı ciddi müzakirə mövzusudur. Onun barəsindəki ən ciddi iddia ondan ibarətdir ki, İnsanov müəyyən razılıq əsasında azadlığa çıxacaq və bir müddət sonra hər kəs onun ölkədə olmadığını, xarici ölkələrin birinə gedəcəyini görəcək...
N.Cəfəroğlu "Yeni Müsavat”a açıqlamasında İnsanovun adını siyahılarına salmalarına bu cür şərh verdi: "Əli İnsanov da, İlqar Məmmədov da buraxılacaq. Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: "Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik. Digər tərəfdən, qanunvericiliyin mövcud tələbləri var. Hazırda qanunvericiliyə görə, böyük ictimai təhlükə törətməyən cinayətlərlə məhkum olunmuş şəxslər dərhal qanuni məhkəmə hökmü qüvvəyə mindikdən sonra onların özləri, vəkilləri, QHT-lər, deputatlar və ya ayrı-ayrı şəxslər əfvlə bağlı müraciət edə bilərlər. Digər tərəfdən, az ağır cinayətlər törətmiş şəxslər cəzanın 3/1-ni çəkməlidirlər. Yalnız bu cəzanı çəkdikdən sonra onların əfv üçün müraciət etmək hüquqları var.
Amma ağır, xüsusilə ağır cinayətlər törətmiş şəxslər cəzalarının yarısını çəkdikdən sonra barələrində vəsatətlər verilə, özləri əfv üçün müraciət edə bilərlər. Ömürlük azadlıqdan mərhum edilmiş şəxslərə isə cəzalarının 10 ilini çəkdikdən sonra əfv üçün müraciət hüququ yaranır. Bütün hallarda son qərar cənab prezidentə aiddir. Nəzərə alsaq ki, əfv mərhəmət duyğusunun, humanizmin həyata keçirilməsini müəyyən edən aktdır, ona görə cənab prezident tərəfindən göstərilən müddətlərə əməl etmədən də şəxslər tərəfindən müraciətlər edilərsə, onlar barəsində vəsatətlər verilərsə, onların əfv olunma ehtimalları yarana bilər. Amma istənilən halda əvvəlcədən hansısa şəxslərin əfv olunmasını demək yanlışlıq olardı”.