Şəfəqə Doğru » Manşet » Sabah prezident seçkisidir

Sabah prezident seçkisidir

Sabah prezident seçkisidir

ATƏT DTİHB-nin 280 nəfərlik seçki müşahidə qrupu Azərbaycana gəldi

Aprelin 10-da saat 8-də prezident seçkiləri ilə bağlı namizədlərin seçkiqabağı təşviqatı başa çatıb. Ona görə də aprelin 10-u "sükut günü”dür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni "sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb.

Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı dünən açıqlanıb. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, aprelin 9-dək prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Seçki günü seçkiləri izləyəcək qısamüddətli beynəlxalq müşahidə missiyaları isə dünəndən ölkəyə gəlməkdədir.

ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyası Azərbaycanda səfərdədir. Qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir. ATƏT  Parlament Assambleyası, ATƏT DTİHB və AŞ PA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər. Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq.

Avropa Şurası  Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası da Bakıya gəlib. Missiyanın tərkibində yer alan AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak məlumat verib ki, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər. Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞ PA missiyasına 33 müşahidəçi daxildir.

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası da Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir. Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də  Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq  müşahidəçilərin  Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

Missiya üzrə koordinator Rusiyanın Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov təyin edilib. Missiyaya 6 MDB ölkəsindən 17 deputat və parlament əməkdaşları daxildir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə «RİA Novosti»yə müsahibəsində bildirib ki, prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir. M.Pənahov deyib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb: "Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən prezident seçkilərində fəallıq yüksək olur”.

M.Pənahov həmçinin qeyd edib ki, prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı:"Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: "Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

MSK sədri sonra bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir, artıq aralıq hesabatla çıxış ediblər: "Bizim razılaşmadığımız müəyyən məqamlar da var. Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu, reallıqdır, faktdır. Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur. Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir. Konkret olaraq ATƏT-ə gəldikdə isə bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil. Biz hazırda fəal surətdə əməkdaşlıq edirik.

Məzahir ile ilgili görsel sonucu

Müşahidə prosesinin özü çox həssas işdir. Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır. Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox. Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir".

M.Pənahov aprelin 9-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib. Sechki-2018.az saytının xəbərinə görə, M.Pənahov seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib.

O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

M.Pənahov qeyd edib ki,  seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və dörd təşkilat qeydə alınıb ki, onların da ikisi öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək: "Bunlarla yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində vebkameraların quraşdırılmasını qeyd etmək olar. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, seçki məntəqəsində olmadan MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan yaradır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”