Beynəlxalq kredit reytinq agentliyi qurumun reytinqini «BB» səviyyəsinə endirdi
"S&P” beynəlxalq kredit reytinqi agentliyi "Azərenerji” ASC-nin uzunmüddətli reytinqini "BB+” səviyyəsindən "BB” səviyyəsinə endirib. Bu barədə məlumatı fins.az yayıb. Şirkətin qısamüddətli korporativ kredit reytinqi isə "B” səviyyəsində müəyyən edilib. Reytinq üzrə proqnoz isə "Sabit”dir.
"S&P” həmçinin "Azərenerji” ASC-nin reytinqini "CreditWatch” siyahısından çıxarıb.
Xatırladaq ki, bu il yanvarın 11-dən etibarən "Azərnerji” ASC həmin siyahıda mənfi reytinqə düşmüşdü.
Qeyd edək ki, "Azərenerji” ASC-də uzun müddətdir ki, ciddi maliyyə böhranı hökm sürür. Işçilər aylardır ki, əmək haqqı ala bilmir. "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev isə vəziyyətdən çıxmağa cəhd göstərsə də, uğurlu nəticə əldə edə bilmir. Elə bir neçə gün əvvəl "Azadlıq” məlumat yaymışdı ki, Etibar Pirverdiyev martın 16-da struktur dəyişikliyi barədə əmr imzalayıb. Onun imzaladığı bu əmrlə "Azərenerji” ASC-nin idarə aparatının tərkibi ciddi dəyişikliyə məruz qalıb. Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv edilib. Əmrdə qeyd olunur ki, onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılsın.
"Azərenerji” prezidentinin sözügedən əmri qurumda kütləvi ixtisarlara səbəb olub. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradılan strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub. Kütləvi ixtisarlar isə "Azərenerji” ASC-də ciddi narazılıqlara səbəb olub. Bundan bərk narahat olan Etibar Pirverdiyev əmri ləğv etmək məcburiyyətində qalıb.
Onu da qeyd edək ki, "Azərişıq” ASC-nin yaradılması isə "Azərenerji” ASC səlahiyyətlərinin əhəmiyyətli hissəsini itirməli olub.azadliq.info