Rusiya hazırda Cənubi Qafqazda çox təhlükəli bir oyun oynamaq niyyətindədir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanda ən çətin proseslər bundan sonradır:
"Bəlkə də Serj Sərkisyanın istefaya məcbur edilməsi məxməri inqilabın üzvləri tərəfindən o qədər də çətin deyildi. Onları daha çətin proseslər gözləyir. Bu proseslərin çətinliyini isə Rusiya yaradacaq. Rusiya Sərkisyana arxayın idi, ona görə də inqilabın bu mərhələsində proseslərə o qədər də ciddi müdaxilə etmədi. Onlar Sərkisyanın istefaya gedəcəyini inanmırdılar. Hətta Sərkisyan onlara söz vermişdi ki, lazım gəlsə, güc tətbiq etməklə, etirazçıları İrəvan ərazisindən çıxaracaq. Sərkisyanın digər bir planı isə Azərbaycanı ordunu hücuma təşviq edərək, ölkəni vətənin təhlükədə olduğuna inandıraraq, bu şüar altında xalqı birləşdirməyə çalışmaq idi. Amma proseslər Sərkisyanın planladığı kimi inkişaf etmədi. Əvvəla Azərbaycan tərəfi Ermənistanın cəbhədə provokasiya xarakterli cəhdlərinə cavab vermədi. Eyni zamanda Ermənistanda əsgərlər inqilaba qoşuldu və aksiyaçıların tərəfinə keçdi”.
Politoloq vurğulayıb ki, Sərkisyanın Rusiya ilə razılaşmadan istefaya getdiyi təsəvvürü yaranır:
"Öz istefası haqqında əvvəlcədən Rusiyaya məlumat vermədi ki, Rusiya bu isrefanı dayandırmasın. Çünki Rusiya Sərkisyanın istefasını ölkədə qırğın törədərək dayandıra bilərdi. Hazırda rusiyalı politoloq Markov erməniləri qorxudur ki, Azərbaycan hücuma keçəcək, ən azından, Kazan Forumu əsasında Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqları azad edəcək. Hətta ola bilsin ki, ərazi bütövlüyünü təmin edəcək. Bu prosesdə də Rusiya Ermənistanın maraqlarını qoruyacaq”.
Politoloqun sözlərinə görə, Rusiyada Ermənistanın əllərindən çıxacağını, siyasi oriyentasıyasını dəyişib NATO-ya tərəf meyllənəcəyini gözəl bilirlər:
"Rus inhisarlarının Bakıya axını güclənib. Ola bilsin ki, yaxın vaxtlarda Lavrov da Azərbaycana səfər etsin. Moskva və Bakı arasında siyasi trafik sürətlənir. Əsas məqsəd Azərbaycanı Dağlıq Qarabağ uğrunda müharibəyə qoşmaqdır. Onların hansı planları qurduğu, hansı məsələləri həyata keçirmək istədiklərini demək çətindir. Buna görə də Rusiya orada proseslərin davam etməsinin, inqilabçıların parlament seçkilərini keçirməsinin qarşısını almaq məsələləri üzərində düşünür. Bunun da əsasını bölgədə yeni olayın başlamasında görürlər. Məhz buna görə, Cənubi Qafqazda yeni müharibəni alovlandırmağa cəhd edirlər”.