Yeni hökumət kabinetində ən diqqətçəkən təyinatlar kənd təsərrüfatı, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri postlarıdır. Hər iki sahə dövlət üçün mühüm əhəmiyyət kəsb edir: kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafı, sosial müdafiə və sosial təminat isə dövlətin sosial siyasətinin tənzimlənməsi baxımından. Bu amilləri nəzərə alsaq, hər iki nazirin qarşısında ciddi vəzifələrin durduğunu söyləyə bilərik.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, hər iki nazir - İnam Kərimov və Sahil Babayev gəncdir, pozitiv obrazları ilə seçilirlər, adları bu və ya başqa neqativ proseslərdə hallanmayıb: "Hər iki nazirlik həm idarəçilik baxımından, həm əhatə dairəsinə görə, eyni zamanda iqtisadiyyatın prioritetləri nöqteyi-nəzərindən çox önəmli və çətin nazirlikdir. Çünki Azərbaycan iqtisadiyyatında aqrar sektor prioritet təşkil edir. Əsasən iş yerlərinin təminatı nöqteyi-nəzərindən iqtisadi siyasətin əsas hədəflərindən biri də aqrar sahədə məşğulluğun təminatı, bu sahədə məhsul istehsalı sayəsində əmtəə bazarında məhsul bolluğunun yaradılması, xaricdən idxalı əvəz edən yerli istehsalın qurulmasıdır.
Amma məsələ burasındadır ki, həm aqrar sektorla bağlı, həm də sosial sferayla bağlı ciddi çətinliklər var. Çətinliklər nədən ibarətdir - aqrar sektorda subsidiyalaşma sahəsində şəffaflığa və hesabatlılığa ciddi ehtiyac var. Yəqin ki, yeni nazirin ən əsas fəaliyyət istiqamətlərindən biri bu olacaq. İkinci mühüm məsələ elmi-texniki, innovativ sahədə dəyişikliklərə ehtiyac var. Daha bir vacib məsələ kadr potensialıdır. Təəssüflər olsun ki, KTN-in kadr potensialı elə də yüksək deyil. Keçmiş partiya nomenklaturasından qalan kadrların yeni, gənc, peşəkar və yüksək potensiallı gənclərlə əvəz edilməsi zərurəti var. Bu baxımdan, yəqin ki, yeni nazir "ASAN xidmət"dəki bir sıra rəhbər şəxsləri nazirliyə dəvət edəcək”.
Q.İbadoğlu deyir ki, həm aqrar sektorda, həm də sosial sferada çalışanların əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqından xeyli aşağıdır: "Təsəvvür edin ki, sosial müdafiə sistemində sıravi işçilərin orta aylıq əməkhaqqı 220-250 AZN-dir. Kənd Təsərrüfatı Nazirliyinin işçilərində də buna yaxın vəziyyətdir. Bu baxımdan, yeni nazirlərin çətin işlərindən biri də layiqli əməkhaqqı sistemi qurmaqla korrupsiyanın qarşısını almaq olacaq. Hər iki nazirlikdə indiyədək müəyyən korrupsiya elementləri ona görə olub ki, orada çalışanların sosial cəhətdən özünəbəraət hissi formalaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi sistemində ən böyük problemlərdən biri ünvanlı sosial yardıma ehtiyacı olanların onu ala bilməməsi, ikincisi isə ethiyacı olmayanların ünvanlı sosial yardım almasıdır. Elmi dildə buna giriş və çıxış problemləri deyilir. Bu da ona görə baş verib ki, orada böyük şəbəkə var, o şəbəkə çalışır ki, prosesdən öz mənafeləri naminə yararlana bilsin. Buna görə də düşünürəm ki, ən vacib məsələlərdən biri həm sosial müdafiə sistemində, həm də kənd təsərrüfatı sahəsində dövlət qulluğunda çalışanların əməkhaqqının artırılmasıdır. Ümid edirəm ki, yeni nazirlərin buna nail olmağa imkanları çatacaq.
Qeyri-rasional xərclər aradan qaldırılmalıdır. Məsələn, bu gün Dövlət Sosial Müdafiə Fondunda xidməti maşınların sayı həddindən artıq çoxdur. Bu qədər maşın bir çox nazirliklərdə yoxdur. Onlara qulluq xərcləri kifayət qədər yüksək rəqəmlərlə ifadə olunur. Bunun qarşısı alınmalı, vəsaitlərdən daha qənaətli istifadəyə keçilməlidir".
"Yeni Müsavat”