Şəfəqə Doğru » Manşet » Bank müdiri və məktəb direktorunun yarım milyonluq əməliyyatı- Sabirabadda

Bank müdiri və məktəb direktorunun yarım milyonluq əməliyyatı- Sabirabadda

Bank müdiri və məktəb direktorunun yarım milyonluq əməliyyatı- Sabirabadda
Neçə aydır maaşlarını ala bilməyən müəllimlər kömək gözləyirlər «Kapitalbank»ın Sabirabad rayon filialı ilə bağlı gundelik-baku.com-a maraqlı məlumatlar daxil olub. Həmin məlumatda bildirilir ki, rayonda çalışan müəllimlərin hüququ «Kapitalbank»ın Sabirabad filialı və Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva tərəfindən kobud şəkildə pozulub. Qeyd edək ki, 2015-ci ilin iyulun 1-də zərərçəkən müəllimlər Sabirabad Prokurorluğuna şikayət ediblər:
«Diləfruz Mustafayevaya müəllimlərə qarşı dələduzluq etməsi faktına görə 15.07.2015-ci ildə CPM-in 178.2.4-cü maddəsiylə Sabirabad Polis Şöbəsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi açılıb. 02.09.2015-ci ildə yerli məhkəmə onu günahkar bilərək (CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə ) 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdi. Lakin kimlərsə külli miqdarda dövlət vəsaitini mənimsəmiş direktoru həbsdən buraxdırmağı bacarıb. 8 aydır ki, cinayətkar direktora ev dustaqlığı verilib. Bu cinayət işində rayonun bir neçə vəzifəli şəxsinin də adı keçir. Sabirabad Prokurorluğunda sabiq direktora qarşı cinayət işinə əlavə 308.1 maddəsi ilə də iş qaldırılıb. Amma işin rayon daxilində düzgün aparılmaması səbəbindən zərərçəkən müəllimlər Baş Prokurorluğa müraciət etmişdilər. Nəticədə iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib. Korrupsiyanın müstəntiqi isə demək olar ki, işin 80 faizini yerinə yetirib. Bircə qalıb bankın əməkdaşlarını cinayət məsuliyyətinə cəlb etmək və işi məhkəməyə göndərmək». 
Mart ayında müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də, məhkəmə qəbul etməyib. Əsas kimi isə yazılan ərizələrin doğru olmaması göstərilib. Daha doğrusu, ərizələrin yazılışının yanlış olduğunu vurğulayıblar. Maraqlıdır ki, dövlət büdcəsindən 500 000 manat pul mənimsəyən sabiq direktorun ev dustaqlığı müddəti Sabirabad Məhkəməsinin sədri Qarayev Malik tərəfindən artırıla bilir, amma haqlarını tələb edən müəllimlərin şikayət hüquqları əllərindən alır. Müəllimlər deyir ki, cinayət işi qaldırılmasından 9 aydır keçir. Lakin buna baxmayaraq, nə proses yekunlaşır, nə də müəllimlər həmin vaxtdan bəri maaşlarını ala bilmirlər. Çünki bankın Sabirabad filialı onların kartlarına köçürülmüş maaşlarını tutaraq onları kredit ödənişlərinə cəlb edir: «Dəfələrlə bankın mərkəzi ofisinə müraciət edərək problemin aradan qaldırılmasını istəmişik. Lakin heç bir xeyri olmayıb. Halbuki Diləfruz Mustafayevanın törətdiyi cinayətin şərikləri elə Sabirabad filialının əməkdaşlarıdır. Əgər cinayət işini aparan korrupsiyanın müstəntiqi ekspertiza mərhələsindən sonra, yəni may ayında cinayət işini məhkəməyə ötürərsə, sabiq direktorla bank işçilərinin cinayət tərkibli əməllərinə görə həbs olunarlarsa, zərərçəkmiş müəllimlərin də plastik kartlarından qanunsuz tutulmalar dayandırılacaq. Hələ üstəlik dəymiş ziyan da ödətdiriləcək». 
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
Teref.info