Şəfəqə Doğru » Manşet » Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid
Azərbaycanla həmsərhəd regionda və bilavasitə bizim qonşuluğumuzda yeni, proqnoza az yatımlı təhlükəli proseslər başlayıb. Vəziyyətin ölkəmizdən ötrü riskliliyi həm də ondadır ki, proseslərdə qarşı duran tərəflərin, demək olar, hamısı ilə bizim ya müttəfiqlik (Türkiyə), ya strateji tərəfdaşlıq (İsrail və ABŞ) əlaqələrimiz var, ya da mehriban qonşuluq əlaqələrinə malikik (İran). Fələstin xalqı timsalında ümum-islam, ümum-ümmət maraqlarını gözləmək imperativi isə Azərbaycanın durumunu başqa yandan həssas edir.

ABŞ və İsrailin gündəmə gətirdiyi İranı neytrallaşdırmaq planı bu üzdən ölkəmiz üçün məxsusi perspektiv vəd eləməklə yanaşı, baş verəcək hadisələrin mümkün siyasi gəlir-çıxarını bir daha dəqiq hesablamaq zərurəti yaradır.

*****

Bəs yaranmış durumda rəsmi Bakının xarici siyasət taktikası necə olacaq, bu kursa hansı düzəlişlər edilə bilər ki, Azərbaycan böyük geosiyasət oyununda "minalanmış sahə”ni itkisiz adlaya bilsin? Nəzərə alsaq ki, prosesləri Ermənistan da diqqətlə izləyir və proseslərdən öz xeyrinə faydalanmağa çalışacaq, eyni zamanda Qarabağ məsələsi bu fonda tamamən başqa həll müstəvisinə keçə bilər, o zaman Bakı yaranmış vəziyyəti ikiqat ciddiyə almalı olacaq. 

Təhlilçilərin şərhləri bu qəbildən suallara dəqiq cavab tapmağa tam imkan verməsə də, ən azı, vəziyyətin krtikliyini anlamaq imkanı yaradır. 

"İslam dünyası ilə ABŞ və İsrail arasında güclənən konfrontasiya beynəlxalq münasibətlər üçün çoxsaylı problemlər yaradır. Özünün çoxvektorlu xarici siyasət kursu və Amerika və İsraillə sınaqdan çıxmış əlaqələri, habelə islam kolonnasına rəhbərlik edən qardaş Türkiyə ilə strateji tərəfdaşlıq bloku ilə birgə yeni təhdidlərlə üzləşə bilər”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə politoloq Tofiq Abbasov minval.az saytındakı məqaləsində yazıb.

Onun sözlərinə görə, Fələstin ərazilərinin işğaldan azad edilməsinin Bakı üçün heç bir alternativi yoxdur və Azərbaycan da Fələstinin ərazi bütövlüyü prinsipinin toxunulmaz şəkildə gözlənilməsnə hədəflənib: "Hansını ki, Azərbaycan da suveren qurum kimi qəbul edir. Köhnə Fələstin-İsrail konfliktinin nizamlanması müstəvisində ən ağıllı yol tərəflərdən bərabər uzaqlılıq prinsipi olardı. Çünki diferensial yanaşma Bakı üçün manevr meydanı açır. Azərbaycanın müsəlman ümmətinin Fələstin və İsrail məsələsinə ortaq yanaşması faktorunu qulaqardı edə bilməməsinin də tənqidə və təşvişə ehtiyacı yoxdur. İndiki durum başqadır. İslam Əməkdaşlıq Təşkilatı həmişə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. Başqa nəzər nöqtələr burada keçərli deyil”.

*****
Əslində söhbət təkcə Fələstin məsələsində Bakının üzləşdiyi dilemmadan getmir. Fələstin-İsrail problemi belə görünür ki, ABŞ və İsrailin Yaxın Şərqlə bağlı böyük layihəsində yalnız elementlərdən biridir. Əsas hədəf isə əksər analitiklərə görə, İrandır, daha dəqiqi, oradakı 40 illik teokratik rejimi dəyişib dünyəvi sistemi bərqərar eləməkdir.

Məlumdur ki, Donald Trampın Ağ Evə gəlişi ilə ABŞ yəhudi lobbisi və İsrailin bilavasitə təzyiqi ilə İrana qarşı sərt kurs götürüb, İran Birləşmiş Ştatlar təhlükə yaradan 3 ölkədən biri elan edilib, eks-prezident Barak Obama dövründə (2015) "Altılıq” səviyyəsində İranla imzalanmış nüvə anlaşmasından birtərəfli qaydada çıxıb, Tehrana qarşı 12 maddəlik şərt irəli sürüb və yeni sanksiyalar elan edib.

Son günlər isə bir sıra analitiklər Amerikanın İsraillə birgə İrana qarşı hərbi müdaxiləyə hazırlaşdığını iddia edirlər. Hətta bildirilir ki, hazırda İran İslam Respublikası ilə gərgin münasibətlərdə olan Səudiyyə Ərəbistanı da bu müdaxilədə maraqlıdır. 

***** 

"Ya indi, ya da heç vaxt”. ABŞ-ın "Stratfor” kəşfiyyat-analitik agentliyinin yeni məruzəsi belə adlanır və İsrailin İrana zərbə endirməsindən bəhs edir. "Bir də nə vaxt İsrailin əlində İranla nüvə sazişini ləğv etmək istəyən ABŞ prezidenti, yəhudi dövləti ilə İrana qarşı aşkar əməkdaşlıq arzusunda olan Səudiyyə şahzadəsi olacaq?”, - deyə "Stratfor” sual edib.

Nə baş verir və vəziyyət necə inkişaf edə bilər? "Yeni Müsavat”ın məlumatına görə, "Avrasiya ideyalar emalatxanası” Elmi araşdırmaların dəstəklənməsi fondunun ekspertlər şurasının sədri Qriqori Trofimçukun virtualaz.org-un suallarına verdiyi cavablar bu xüsusda diqqət çəkir.

Onun fikrincə, ABŞ və İsrailin bu hərəkətlərində təsadüf amili yoxdur: "Bir çox analitiklər, o cümlədən mən də Trampı Rusiyanın ”dostu" hesab etməklə ciddi səhvə yol verdilər. Hazırda Vaşinqton öz məsələlərini heç öz tərəfdaşlarına, ələlxüsus Avropa İttifaqına müraciət etmədən də həll edə bilir. İsrail isə xüsusi müttəfiqdir, onu heç tərəfdaş da adlandırmaq düzgün olmazdı. Tərəfdaş iqtisadiyyat deməkdir, müharibə olan yerdə isə müttəfiq olur. Hazırda isə İsrail ABŞ-la birlikdə iri strateji, geosiyasi layihəni həyata keçirir".

Ekspertin sözlərinə görə, İsrail bir çox dövlətlər üçün narahat həmsöhbətdir: "Misal üçün, Rusiya ABŞ-a qarşı hər hansı hücumu özünə rəva görə bilirsə, İsrailə qarşı bu cür hərəkətlərə yol vermir. Bu, tarixdə unikal hadisədir ki, kiçik bir dövlət kimə gəldi, hətta Vaşinqtonun özünə belə öz şərtlərini diktə edə bilir. Əgər Amerika və İsrail İranı yerli-köklü dəyişmək fikrinə düşüblərsə, onlar bu istiqamətdə hərəkət edəcəklər”.

Azərbaycana gəlincə, ekspert qeyd edib ki, ölkəmizi bütün bu proseslərə cəlb etməyə çalışacaqlar: "İlk növbədə Türkiyə ilə müttəfiq münasibətləri hesabına”.

*****

Söz yox ki, İran mövzusu kritikləşsə, üç paytaxt - Tehran, Vaşinqton və Təl-Əviv, ola bilsin həm də Ankara Bakıdan daha konkret mövqe istəyəcək. O zaman Azərbaycana tərəflərdən bərabər uzaqlıqda durmaq mümkün olacaqmı? Cavabı zamanın öhdəsinə buraxaq və bu yerdə vaxtilə deputat Səməd Seyidovun ABŞ-da olarkən söylədiyi bir fikri xatırlatmaqla yetərlənək. Seyidov Amerikadakı çıxışların birində guya Rusiya və İrandan gileylənərək demişdi ki, Azərbaycanı bu iki dövlət arasında sendviç kimi sıxırlar. Azərbaycan indi də sıxılır, ancaq iki yox, artıq 3-4 dövlət arasında...