Bu il ötən illərlə müqayisədə, bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə edilir. Bolluq olmaqla bərabər, həm də qiymətlər xeyli aşağıdır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a meyvə-tərəvəz bolluğunun səbəblərini açıqlayıb. O deyib ki, əvvəlki illərlə müqayisədə istehsalda ciddi artım yoxdur:
"Azərbaycanın ixracı azalıb. Kartof, pomidor , xiyar kimi məhsullar əvvəlki illərdə daha çox Rusiyaya göndərilirdi. İndi rubl neft amilinin təsirlərindən nisbətən bahalaşdığı üçün bizim fermerlərə Rusiya bazarları sərf eləmir. Çünki Rusiya bazarlarına mal-məhsul çıxarıb sərfəli qiymətə satmaq imkanları yoxdur. Ona görə də ixrac azalıb. İxrac azaldığı üçün məhsul əsasən daxili bazara yönəldilib. Daxili bazarda əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün mal-məhsulun qiyməti ucuzlaşıb. Bir də 2017-ci ilin müvafiq dövrünə nisbətən bu il hava şəraiti meyvə-tərəvəz istehsalı üçün daha əlverişli olub. Amma ümumilikdə ötən illə müqayisədə istehsalda ciddi artım yoxdur ki, bu, təklifin artmasına və bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarsın. Təklif artıb ona görə ki, ixrac azalıb”.
V.Məhərrəmov may ayında kiloqramı 50 qəpiyə kartof, 1 manata xiyar, 1, 5-2 manata pomidor təklif edilməsini məhz ixrac amilinin azalması ilə əlaqələndirir:
"İstehsal olunan pomidor-xiyar, həmçinin faraş kartof daxili bazara yönəldilib. Yoxsa Azərbaycan özünün kartofa olan tələbatını ödəyə bilmir. Hər il qonşu ölkələrdən bizə 200 min ton kartof idxal olunur”.
Ekspert hazırda bazarlarda idxal kartofa çox az rast gəlinməsini belə izah edib:
"İndi idxal kartofa çox rast gəlmirik. 25 günə yaxındır ki, idxal kartof azalıb. Daxildə istehsal olunan kartof daxilə yönəldildiyindən idxal dayandırılıb. Faraş kartof bir müddət bazara çıxarılacaq. Çünki bu kartofu uzun müddət saxlamaq mümkün deyil. Özünüz də şahidi olacaqsınız ki, yaxın zamanlarda bu kartoflar tükənəcək. Bir də sentyabr-oktyabr aylarında daxildə istehsal olunan kartof çıxarılacaq. O müddətə qədər yenə idxal artacaq və qiymət bahalaşacaq. Təxminən iyun ayının ortalarında idxalın artması yenə müşahidə ediləcək”.