Şəfəqə Doğru » Manşet » Dünya “məxməri inqilab”ların yeni mərhələsinə qədəm qoyur?

Dünya “məxməri inqilab”ların yeni mərhələsinə qədəm qoyur?

Dünya “məxməri inqilab”ların yeni mərhələsinə qədəm qoyur?

Tofiq Abbasov: ""Məxməri inqilab”ların məkanı hədsizdir və belə də qalacaq... Proses ötən əsrin 70-lərindən başlayıb, hələ də davam edir və edəcək”

 


Zaur Məmmədov: "Hal-hazırda dünyadanın siyasi xəritəsinin  Qərb tərəfindən dəyişilməsi davam etməkdədir. Lakin, bu inqilanların həmin ölkələrə şadlıq, sevinc sabitlik gətirməsini də biz deyə bilmərik. Bu inqilablar o cəmiyyətlərə nə verdi? İqtisadi tərəqqi varmı, demokratiya quruldumu? Bunlar çox vacib suallardır”.

Son zamanlar dünyanın müxtəlif yerlərində, misal üçün Gürcüstanda, Serbiyada, Vyetnamda "məxməri inqilab”ların ayaq səsləri eşidilməkdədir. Ermənistanda isə bu inqilab artıq baş verib. Ermənistanda baş tutan məxməri inqilabdan sonra isə Gürcüstanın paytaxtı Tiflis mitinqlərlə çalxalandı. Tiflisdə gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyalar kütləviliyinə görə ciddi vəziyyət yaratdı. Dünən axşam saatlarından yenidən Gürcüstanda parlamentin binası qarşısında aksiya başladı. Tbilisidə güclü yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.

Paytaxtın polis patrulunun rəhbəri Temur Kupatadze bildirib ki, Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb. Temur Kupatadzenin sözlərinə görə, saxlanılan ikinci şəxs aksiya iştirakçısıdır. Hər iki vətəndaş inzibati qayda pozuntusuna görə saxlanılıb. Zaza Saralidze isə  jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər  Rustaveli prospektindəki çadırdan çıxmayacaq.

Qeyd edək ki, Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər. Aksiyada iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib. Mitinqə Gürcüstanın "Vahid Milli Hərəkat”, "Demokratik Gürcüstan”, "Avropa Gürcüstanı” və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.

Serbiyada isə ötən həftə avtomobil sahibləri benzinin qiymətinin artması səsbəi ilə bir çox magistrallarda yolları bağlayıblar. Bu etirazlarla bağlı Serbiyanın müdafiə naziri Aleksandr Vulin bəyanat yayaraq Serbiyada ikinci Ukrayna "avtomaydanı” hazırlanır. Vulin etiraz aksiyalarına görə Qərb dövlətlərini ittiham edib. 

Ötən həftədən başlayaraq Vyetnamın bir çox şəhərlərində də xalq etirazları başlayıb. Etirazçılar şəhərlərarası yolları bağlayıblar və polislə çatışmaya giriblər. Qeyd edək ki, Vyetnamdakı etiraz aksiyaları Vyetnam torpaqlarının xarici şirkətlərə 99 illik icarəyə verilməsi haqqında qəbul ounan qanun ləğv olunması ilə əlaqədar keçirilir. Etirazçılar hesab edir ki, bu qanun Çinin Vyetnamdakı iqtisadi nüfuzunu gücləndirir.

Demək olar kimi, "ərəb baharı”ndan və Yaxın Şərq qan gölünə döndükdən sonra dünya "məxməri inqilab”ların yeni mərhələsinə qədəm qoyur? Hazırda baş verən "məxməri inqilabların”ın coğrafiyası və mahiyyəti barədə nə demək mümkündür?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasova və politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədova müraciət edib.



Tofiq Abbasov: "Siyasi kataklizmlər dünyanı idarə edən transmilli şirkətlərlə nəhəng maliyyə institutlarına misilsiz mənfəət gətirir”.


Dünyada tüğyan edən saxta demokratiya təbliğatına uymamağın strateji əhəmiyyət kəsb etdiyini vurğulayan politoloq Tofiq Abbasov PİA.AZ-a açıqlamasında əlavə edib ki, indi təhlükəli prosesləri layihələşdirən qüvvələrin əsas və kəsərli silahı məhz mətbuatdır. Politoloqun fukrincə "məxməri inqilab”dan xilas olmağın yolu mənfi təcrübədən, yəni, başqalarının bədnam təcrübəsindən nəticə çıxarmaqdan ibarətdir:

"Məxməri inqilab”ların məkanı hədsizdir və belə də qalacaq. Çünki onların arxasında siyasi biznes maraqları durur və siyasi kataklizmlər dünyanı idarə edən transmilli şirkətlərlə nəhəng maliyyə institutlarına misilsiz mənfəət gətirir. Onlar özlərinin gəlirlərini diversifikasiya etməkdən ötrü müharibələr və inqilabları daim qidalandırırlar. Demokratiya və insan haqları tələbləri isə bəhanədir ki, suveren ölkələrin, bacarıqlı xalqların daxili işlərinə qatılmaq imkanı olsun. 

Odur ki, prosesi mərhələlərə bölmək olar, lakin proses ötən əsrin 70-lərindən başlayıb, hələ də davam edir və edəcək. "Məxməri inqilab”dan xilas olmağın yolu mənfi təcrübədən, yəni, başqalarının bədnam təcrübəsindən nəticə çıxarmaqdan ibarətdir. 

Nəhayət, dünyada tüğyan edən saxta demokratiya təbliğatına uymamaq strateji əhəmiyyət kəsb edir. Çünki indi təhlükəli prosesləri layihələşdirən qüvvələrin əsas və kəsərli silahı məhz mətbuatdır. Bütün bu məqamlar son dərəcə vacib rol oynayır.”



Zaur Məmmədov: "İndiyə qədər heç  bir demokratik ölkədə "məxməri inqilab” baş verməyib”.


Rejimlərin qapalı olması, ölkələrdəki korrupsiya və s. bu kimi amillərin inqilabların reallaşmasına səbəb olduğunu qeyd edən politoloq Zaur Məmmədova görə, əsas məqamlardan biri də cəmiyyətlərdə hökm sürən sosial iqtisadi vəziyyətdir. Əgər xalqın iqtisadi gəlirləri normaldırsa, orada inqilablar nadir hallarda baş verir:

"Əgər biz həmin inqilablara onların əhatə dairəsinə baxsaq o zaman çox aydın şəkildə görərik ki, həmin inqilabların baş verməsində bir neçə səbəb var. İndiyə qədər heç  bir demokratik ölkədə "məxməri inqilab” baş verməyib. Rejimlərin qapalı olması, ölkələrdəki korrupsiya vəs. bu kimi amillər inqilabların reallaşmasına səbəb olur. 

Bir də əsas məqamlardan biri cəmiyyətlərdə hökm sürən sosial iqtisadi vəziyyətdir. Əgər xalqın iqtisadi gəlirləri normaldırsa, orada inqilablar nadir hallarda baş verir. 

O ki qaldı, "məxməri inqilab”ların coğrafi areallarının genişlənməsinə, məsələ  burasındadır kı, Qərbin siyasi insitutlarının bu proseslərdə oynadıqları rolu biz heçə endirə  bilmərik. Hal-hazırda dünyadanın siyasi xəritəsinin  Qərb tərəfindən dəyişilməsi davam etməkdədir. Lakin, bu inqilanların həmin ölkələrə şadlıq, sevinc sabitlik gətirməsini də biz deyə bilmərik. Bu inqilablar o cəmiyyətlərə nə verdi? İqtisadi tərəqqi varmı, demokratiya quruldumu? Bunlar çox vacib suallardı. 

İnqilab küçələrdə deyil beyinlərdə olmalıdır. Bundan sonra isə dəyişiklərə ehtiyac var”.

Nərminə UMUDLU