Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Rusiyanın Ermənistana satdığı qazı bahalaşdırmaq istəməsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, öncədən də Paşinyan hökumətinin yürütdüyü siyasətin Rusiya ilə aralarındakı münasibətlərdən asılı olacağı məlum idi:
"Rəsmi İrəvan istənilən siyasəti yürütməkdə sərbəst olsa da, bu siyasətin nəticələrindən doğacaq fəsadlara qatlanmağa da məcburdur. Yəni Paşinyan hazırda nəinki AB-yə doğru addım atsa, hətta balanslı siyasət yürütsə belə Rusiya tərəfindən qəbul edilməyəcək. Çünki bütün sahələrdə asılılıq o həddədir ki, icazəsiz balanslı siyasət yürütməsi ilə Rusiyadan imtina etməsi eyni anlama gələr. Ona görə də Paşinyanın bu gün dərdi Rusiyaya özünü qəbul etdirmək və dəstəyini almaqdır. Amma Rusiyanın bunu sözün əsl mənasında qəbul edəcəyi hələ məlum deyil. Kreml situasiyasını izləməklə bərabər proseslərə nəzarət edir və lazım gəldiyi anda hərəkətə keçmək üçün planlarını hazırlayır. Ermənistana veriləcək qazın qiymətinin qaldırılması ilə bağlı yerli mətbuatda gedən məlumatların nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Çünki "Qazprom” rəsmiləri tərəfindən bu barədə hər hansı açıqlama olmayıb. Əgər etibarlı mənbələrdən alınmış doğru məlumatdırsa, o zaman bu, Paşinyana qarşı təzyiq vasitələrindən biri kimi görünə bilər. Yeri gəlmişkən, bu, Ermənistana mümkün təzyiq vasitələri arasında hələ ən zəifidir. Daha güclüləri var ki, Ermənistanın onların qarşısında dura bilmə ehtimalı yoxdur”.
Ekspert vurğulayıb ki, gərginliklər zamana yarana biləcək vəziyyətdən Azərbaycan maksimum istifadə edə bilər:
"Tək Dağlıq Qarabağ faktoru kifayət edər ki, bu sahədə ola biləcək məğlubiyyət Ermənistanın bugünkü siyasi elitasının hamısını siyasi səhnədən silsin. Rusiya Ermənistanda mövqelərini güclü etmək naminə hər cür üsullardan istifadə edə bilər. Amma bir məsələni unutmamalıyıq ki, onlar arasında gərginliklər nə qədər güclü olsa da, siam əkizləri kimi bir yerdə olmağa məhkumdurlar. Bu Ermənistan üçün daha vacibdir”.
Qeyd edək ki, dünən "Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaq istəyir. "Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiq vasitəsidir”, – deyə nəşr təlaşla qeyd edib.