Şəfəqə Doğru » Manşet » Paşinyana Avropa şilləsi: Brüssel İrəvanı pərt elədi

Paşinyana Avropa şilləsi: Brüssel İrəvanı pərt elədi

Paşinyana Avropa şilləsi: Brüssel İrəvanı pərt elədi

Avropa Birliyi Qarabağ məsələsində "heç bir ön şərt ola bilməz” dedi; NATO isə Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqlədi; İrəvanın separatçılar üçün sənədə "müqəddəratı təyinetmə” haqqını salmaq arzusu yenə gözündə qaldı...

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Avropaya ilk səfəri bu gün başa çatır. Ancaq Ermənistan KİV-ləri Brüsselə böyük bir nümayəndə heyəti ilə gedən (22 qurum rəhbəri sırasında müdafiə naziri də var) Nikol Paşinyanın Brüssel səfəri, orada keçirdiyi görüşlər haqda bir elə pafos və həvəslə yazmır. Bu da səbəbsiz deyil.

Məsələ ondadır ki, erməni baş nazirin Avropaya ilk rəsmi səfəri ilə bağlı gözləntilər özünü doğrulda bilməyib. Avropa, NATO rəsmiləri ilə keçirilən görüşlərdə və aparılan danışıqlarda işğalçı ölkə rəhbərinə heç bir real vəd verilməyib, Ermənistanın Rusiyanın təsir zonasından çıxacağı qarşılığında hansısa zəmanətlərə və ya maliyyə-iqtisadi, təhlükəsizlik qarantlarına işarə vurulmayıb. Eyni yanaşma Dağlıq Qarabağ məsələsində özünü göstərib.

*****   

Təkcə iki faktı qeyd edəcəyik. Birincisi odur ki, Avropa Birliyinin (AB) xarici işlər naziri Federika Moqerini Nikol Paşinyanla keçirdiyi görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb. "Moqerini konfliktin sülh yolu ilə həllini bir daha dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir”, - deyə o bildirib.

Bu, o deməkdir ki, baş nazir postunu tutar-tutmaz, Paşinyanın irəli sürdüyü "Dağlıq Qarabağ danışıqların müstəqil tərəfi olmalıdır” tələbini artıq AB də rədd edib, Ermənistanın yeni rəhbərliyini reallıqla barışmağa, heç bir ön şərt qoymadan danışıqları davam etdirməyə səsləyib.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa və NATO rəsmiləri ilə görüş Brüssel ile ilgili görsel sonucu

Bu fonda Azərbaycan prezidenti İlham Əliyevin Avropa və NATO rəsmiləri ilə görüşdə tam əksinə, Azərbaycanın regiondakı rolu və Avropa üçün önəmi, o sırada qitənin energetik təhlükəsizliyində ölkəmizin ildən-ilə artan əhəmiyyəti xüsusi vurğulanır.        

*****

Erməni tərəf üçün ikinci bəd xəbər, daha dəqiqi, "şillə effekti” NATO sammitindən gəlib. Alyans Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini növbəti dəfə bəyan edib. Bu barədə alyansın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa və NATO rəsmiləri ilə görüş Brüssel ile ilgili görsel sonucu

Bəyannamədə bildirilir: "Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik”. Sənəddə həmçinin Azərbaycanın ərazi bütövlüyün, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir.

"Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq” - sənəddə bildirilir.

Hərgah, bu da var ki, bəyannamədə qonşu Gürcüstanla bağlı NATO daha prinsipial mövqe sərgiləyib. Belə ki, sənəddə ilk dəfə olaraq Rusiyaya çağırış edilir ki, öz qoşunlarını təcili şəkildə Gürcüstan ərazisindən çıxarsın, çünki "bu qoşunlar Gürcüstanda qanunsuz şəkildə, sahib-ölkənin razılığı olmadan yerləşir”, - deyə sənəddə qeyd olunur. Amma Azərbaycan ərazisindəki erməni işğalçı qüvvələri ilə bağlı belə çağırış yoxdur. Bununla belə, ərazi bütövlüyümüzə sadiqlik dəyişməz qalır...

*****    

Paşinyan ile ilgili görsel sonucu

"Yeni Müsavat” xatırladır ki, NATO-nun ötənilki Varşava sammitində də Dağlıq Qarabağ məsələsinə münasibətdə eyni yanaşma əksini tapıb. O zaman hələ deputat olan Nikol Paşinyan bu sənədə görə o vaxtlı prezident Serj Sərkisyanı sərt tənqid eləmişdi. Amma alyans bu dəfə də eyni mövqe sərgilədi.

Bu, o anlama gəlir ki, NATO-nun Qarabağ mövqeyinə Ermənistandakı "məxməri inqilab”dan dolayı düşmən tərəfinin gözlədiyi təsir yoxdur və alyans "qərbyönlü” Paşinyana Qarabağ məsələsində hansısa birtərəfli güzəşt tanımaq fikrində deyil. Erməni tərəf isə dəridən-qabıqdan çıxır ki, bu kimi sənədlərdə məhz Qarabağ separatçıları üçün "öz müqəddəratını təyinetmə” hüququ əksini tapsın. Göründüyü kimi, sələfləri kimi, onun da arzusu gözündə qalıb.

Bütövlükdə Paşinyanın ilk Avropa turnesi çərçivəsində reallaşan təmaslar və bu təmaslardan sonra verilən bəyanatlardan hasil olan əsas qənaət budur ki, Avropa, NATO Ermənistanın Rusiyanın siyasi və hərbi təsir zonasında, Kremlin ağuşunda qalacağı haqda Putinə təntənəli vədlər verən Nikol Paşinyanın dərin islahatlar aparıb Qərbə, Qərb strukturlarına yaxınlaşacağına inanmırlar. Bu üzdən hələ ki gözləmə mövqeyi seçilib. Avropa səfəri də sırf "Paşinyanı dişə vurmaq” məqsədi güdür.

*****

O ki qaldı Paşinyanın Ermənistanı həqiqətən dəyişdirib, heç olmasa, Gürcüstan kimi avropayönlü eləmək və qarşılığında AB-nin, NATO-nun müəyyən imtiyazlarına nail olmaq imkanlarına, analitiklər bunu qeyri-mümkün hesab edirlər - özü də obyektiv səbəblərdən. 

"Nikol Paşinyan hökuməti erməni xalqı və dövləti üçün qətiyyətli qərar qəbul edə bilməz”. Bu fikirləri israilli politoloq Yuri Boçarov deyib (oxu.Az). "Ermənistanda inqilabdan sonra yeni ”sahiblər" gəlməsinə baxmayaraq, köhnə hakimiyyətin nümayəndələri qalıb və səmərəli hökumət qurulmayıb və buna görə də hazırda İrəvan hökuməti heç bir qətiyyətli qərar qəbul edə bilməz. Düşünmürəm ki, Paşinyan ölkə vətəndaşlarının, bütün erməni diasporunun və onun arxasında duran bütün oyunçuların maraqlarına toxunan qərarı özü tam həyata keçirə bilər", - deyə analitik Brüssel görüşlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistanda vəziyyət əsla yaxşılaşmayıb, ölkə qaynayır və hazırkı hökumətdən heç kəs bu "qayığı” irəli aparmaq istəmir.

Belə görünür ki, Paşinyanın Brüssel səfərindən sonra işğalçı ölkəni daha qaynar günlər gözləyir...

Siyasət şöbəsi,
"Yeni Müsavat”