Şəfəqə Doğru » Manşet » Əlillik pensiyaları, vakant vəzifələr və daxildəki gərginliklər... - ƏƏSMN-də narazılıqlar böyüyür

Əlillik pensiyaları, vakant vəzifələr və daxildəki gərginliklər... - ƏƏSMN-də narazılıqlar böyüyür

Əlillik pensiyaları, vakant vəzifələr və daxildəki gərginliklər... - ƏƏSMN-də narazılıqlar böyüyür
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  indidən bir neçə dövlət qurumu ilə üz-üzə gəlməkləyanaşı, daxildə ciddi sıxıntılarla qarşılaşıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Reytinq” qəzetinə verilən məlumata görə, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev ƏƏSMN-in mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 100-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb: 

"Düzdür, bunların arasında vəzifədən getməyi haqq edənlər də kifayət qədərdir. Elə nazirliyin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin, mətbuat katibi Elman Babayevin, o cümlədən Səlim Müslümovun əmisi oğlu, nazir müşaviri Yalçın Müslümovun, bacısının həyat yoldaşı olan DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovun, dayısının kürəkəni olan Əmək müfəttişliyinin rəisi Fuad Əlizadənin, həmçinin ƏƏSMN-in Daxili Nəzarət, kadrlar şöbələrinin müdirlərinin işdən çıxarılması ictimaiyyətin böyük kəsimi kimi, daxildə də ürəkdən alqışlandı. Lakin keçmiş zabit Sahil Babayevin ayaq səslərinin vahiməsi bundan o yana gedə bilmədi. O, nazirliyin "kökləri”nə nəinki nüfuz edə bildi, əksinə, kənardan nazirliyə gətirdiyi təcrübəsiz kadrlarla "qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarmağa” başlayıb”.

Nazirlikdə 3 aydır sahibsiz qalan yüksək vəzifələri kimlər icra edir? 

Nazirlikdən bizə verilən məlumata görə, aprelin 21-də nazir təyin edilən Sahil Babayev hələ bu gündək aparat rəhbəri başda olmaqla bir çox vəzifələrə təyinat apara bilməyib: "O, aparat rəhbəri vəzifəsini kənardan müşavir postuna gətirdiyi, hələ də ƏƏSMN-in strukturunu mənimsəməmiş Anar Əliyevə həvalə edib. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsini  Sabir Qocayevə, Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini Əbülfət Məhərrəmova, Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini sektor müdiri Heybət İmanova,  Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsini sektor müdiri Nərmin Bayramova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinin kənardan gətirdiyi və müqavilə ilə həmin şöbəyə müavin təyin etdiyi Fazil Talıbova həvalə edib. Eyni halı nazirliyin və DSMF-nin işdən çıxarılan çoxsaylı şöbə müdirlərinin simasında da görmək olar. Hətta elə anlar olub ki, nazir əvəzediciləri belə vəzifədən çıxarıb, onların da yerinə təyinat aparılmayıb. İndi elə şöbələr var ki, orada sektor müdiri həm müavin, həm də müdir vəzifələrini icra edir.  Çox maraqlıdır ki, nazir boşalan və vacib vəzifələrə təyinat apara bilməsə də, kənardan nazirliyə topladığı təcrübəsiz kadrları vasitəsi ilə bir ucdan hələ də dəyişiklikləri davam etdirir”.

Bir gündə dağılan iki şöbə və işdən uzaqlaşdırılan 8 nəfər...

Məlumata görə, ötən həftə nazir mərkəzi aparatdan daha 8 nəfəri çıxarıb. Bununla yanaşı, o, nazirliyin ən böyük şöbələrindən sayılan İqtisadiyyat şöbəsini ləğv edib: 

"Ləğv edilən İqtisadiyyat şöbəsindən düz 5 nəfər işsiz qaldı. 3-ü qadın, 2-si kişi olmaqla işdən çıxarıldılar. Həmin şöbə ilə yanaşı, kadrlar şöbəsindən isə 3 xanım işdən azad olundular.  Bununla yanaşı, nazir yalnız ləğv edilən iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya yeni vəzifə verib. Hansı ki, nazirin digər əmri ilə ləğv edilmiş İqtisadiyyat Şöbəsinin bazasında iki yeni şöbə - Maliyyə və icmal büdcə şöbəsi və Uçot Siyasəti və Satınalmaların Təşkili şöbəsi yaradılıb. Şəlalə Cəfərova da yeni yaradılan bu şöbələrdən birinə - Maliyyə və İcmal Büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini də boş saxlayıb.

Məlumat üçün deyim ki, Şəlalə Cəfərova Səlim Müslümov hələ DSMF-nin sədri olandan onun tərəfindən irəliyə çəkilib”.

Müşavir, aparat rəhbəri, yoxsa kadrlar üzrə təqdimatçı: Anar Əliyev kimdir?

Məlumat üçün bildirək ki, Sahil Babayevin vəzifədən müxtəlif iddia və bəhanələrlə çıxardıqlarının çoxu  "dövlət qulluqçusu” statusu daşıyır: "Onların böyük əksəriyyəti məhz müşaviri Anar Əliyevin təqdimatı və "proflaktik söhbətləri” əsasənda vəzifələrindən çıxarılıblar. Bəli, bu cavan oğlan, yaxud onun naziri qanunla belə şəxsləri vəzifədən arzuladığı kimi işdən çıxara bilməzlər. Ona görə də bəzən aparat rəhbəri əvəzi Anar Əliyev işdən uzaqlaşdırmaq istədikləri şəxslərdən ilk növbədə könüllü ərizə almaq istəyirlər. Hətta çoxlarından yeni vəzifə vermək adı ilə aldadıb, ərziə alıblar, bəzilərini isə təhdid ediblər. İndi bu səbəbdən nazirlikdə hamı maraqla soruşur: axı bu Anar Əliyevin vəzifəsi müşavir, aparat rəhbəri əvəzi, yoxsa kadrlar üzrə təqdimatçıdır? Kimdir axı o? Sahil Babayevlə bunu hansı gizlinlər birləşdirir?”.

Məleykə Abbaszadəyə, yoxsa qanunlara sayğısızlıq?

Məlumata görə, aldadıqlarını sonradan anlayan bir çox işçilər artıq birgə hərəkət üçün təşkilatlanmağa başlayıblar: "Onların çoxu birləşərək, məhkəməyə və aidiyyatı orqanlara, həmçinin ölkə rəhbərliyinə müraciət etmək istəyirlər. Qanunsuz azad edildiklərini əsas gətirən bəzi "Dövlət qulluqçusu” statusu olan keçmiş işçilər həm də hesab edir ki, Sahil Babayev-Anar Əliyev birliyi "Dövlət qulluğu haqqında" qanunu da nəinki kobud şəkildə pozub, hətta baş verənlər bu qanuna açıq şəkildə məhəl qoymamaqdır Üstəlik, kənar sahələrdən ƏƏSMN-ə yeni vəzifəyə təyin edilənlərin çoxu da dövlət qulluqçusu deyil, onlar yalnız daxili müqavilələrlə işə alınaraq, "köhnələr” üzərində təzyiqə çevrilirlər”.

Məlumatda qeyd olunur ki, Sahil Babayev vakant vəzifələrlə bağlı (Hansı ki, bu vəzifələrin tutulması üçün mütləq dövlət qulluqçusu status olmalıdır) indiyədək mütləq Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməli idi: "Lakin DİM-in son 3 gündə məmur olmaq istəyənlər üçün yaydığı rəsmi məlumatlarda göstərilən vakant vəzifə siyahılarında ƏƏSMN-dən bir vəzifə belə göstərilməyib. Bu isə o deməkdir ki, yeni nazir həm qanunları, həm də DİM-in direktoru Məleykə Abbaszadəni saymır. Açıq görünür ki, Sahil Babayev DİM-ə və qanunlara məhəl qoymadan dövlət qulluqçusu statuslu şəxsləri məcburi işdən  qovur, üstəlik, qanuna uyğun olaraq, bu barədə vakansiya elan etmir. Bu azmış kimi, daxili müqavilələrlə kənardan gətirdikləri təcribəsiz işçiləri ƏƏSMN-ə toplayırlar. Bu gün ƏƏSMN-nin dəhlizlərində belələrinin xeylisini görmək olar. Bir sözlə, indi ƏƏSMN-də vəzifəyə gətirilənlərin bəziləri "qalib ordunun fərariləri”ni xatırladır ”.

Sahil Babayev Cavid Qurbanovun qardaşını işdən niyə azad edə bilməyib? 

Məlumatlı şəxs deyir ki, hazırda nazirə yaxın olan bir neçə şəxs mərkəzi aparatda tez-tez görünürlər: "Bir gün nazirliyin qarşısından keçəndə diqqət edin, 150-300 minlik maşınlar ƏƏSMN-in qabağında göz oxşayırlar. Onlar yeni nazirdən yeni vəzifə gözləyənlərdir. Maraqlıdır, maksimim maaşı 1000 manat olan vəzifələrdən bu adamlar nə gözləyirlər? Axı bu pul heç onların benzin pulu etməyəcək”.

Hazırda nazirlikdə bir neçə vəzifəli şəxsin də yol üstə olduğunu deyən müsahibimizin sözlərinə görə, bunlardan biri də ƏƏSMN yanında Tikilməkdə Olan Obyektlərtin Müdriyyətinin baş direktoru Natiq Əzizovdur. Bildiyimə görə, yaxın həftələrdə onu nazirin yaxın dostlarından biri əvəzləyəcək. Bundan başqa DSMF və məşğulluq sistemində də yeni dəyişikliklər yaxınlarda həyata keçiriləcək. Və ən maraqlı dəyişiklik isə böyük ehtimalla ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovla bağlı olacaq. O, "Azərbaycan Dövlət Dəmir Yolları" ASC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır, 7-8 aydır səhhəti ilə bağlı işə də çıxa bilmir. Nazir bir neçə dəfə onu vəzifədən azad etmək istəyib. Lakin səhhəti ilə bağlı bülletendə olduğundan bunu həyata keçirə bilməyib.  

Əlbəttə ki, bütün bunlar yeni nazirə kifayət qədər böyük pöroblemlərinin içərində əlavə problemlər də yaradacaq. Zatən nazir hazırda DİM və Səhiyyə Nazirliyi ilə konflikdə həddindədir, bir yandan da Cavid Qurbanovla toqquşmaq yeni nazirə yeni sıxıntılar aça bilər”.

Sahil Babayev Səhiyyə Nazirliyinin səlahiyyətinə necə müdaxilə edir?

Yeni nazirin saxta pensiya adı ilə pensiyaçılara qarşı fəaliyyətinin onun Səhiyyə Nazirliyi ilə toqquşması kimi izah edən müsahibimizin sözlərinə görə, Sahil Babayev iki həftə əvvəl bununla bağlı işçi qrupu yaradıb: "Həmin işçi qrupu ünvanlı sosial yardımları araşdırmaqda bəlkə də tamam ilə haqlıdır. Amma onların əlil və digər pensiya hüquqlu şəxslərin sənədlərinə məhəl qoymadan araşdırmaq, hətta bu zaman xəstələrlə kobud davranmağa nə hüquqi, nə də mənəvi səlahiyyətləri var.

Yəqin ki, bir neçə gün əvvəl saytlarda telejurnalistlərdən birinin xərçəng xəstəsi olan bacısının başına açılan oyundan xəbəriniz var. Bəli, həmin xəstəyə Əlillərin Bərpa Mərkəzindən zəng edib, çox kobud danışaraq təhdid ediblər. Deyiblər ki, dərhal mərkəzə gəlməsən, əlilliyə görə ödəniş (pensiya) dayandırılacaq.

Bu fakt göstərir ki, ƏƏSMN tamamilə qanunsuz bir addım atmaqla kifayətlənməyib, eyni zamanda, digər nazirliyin səlahiyyətinə də kobud müdaxilə edib. Əvvəla, prezident İlham Əliyevin hər dəfə dediyi kimi, heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz. 

İkincisi, hamı əla bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epikrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevlik deyil. ƏƏSMN yalnız onu təsdiqləməklə görəvlidir. 

Üçüncüsü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin kurasiyasında onkoloji xəstələrə aid heç nə yoxdur. Belə olan halda, belə təhdidvari zəng tamamilə qanunsuz olmaqla yanaşı, həm də hüquqi məsuliyyət yaradır. 

Ancaq son həftələr xəstəlik sənədinə baxmadan belə zənglər ucdantutma çox adama edilib. Təkrar edirəm, bu, sadəcə dərəbəylikdir, qanuni deyil və birmənalı olaraq, nazir Sahil Babayevin qanunsuz tələbindən qaynaqlanan özbaşınalıqdır. 

 Çox yaxşı olardı ki, Nazirlər Kabineti ƏƏSMN-in strukturlarında dəyişiklik aparıb, VTEK-ləri də Səhiyyə Nazirliyinin tabeliyinə versin. Çünki əgər bir sətəni xəstəxanalar müayinbə edir, onunla bağlı qərar verirsə, o zaman əlillik qruplarını digər nazirliyin müəyyənləşdirməsi məntiqli deyil. Yaxşı olardı ki, bunu elə ilk andan müayinə və müalicə edən səhiyyə sisteminin kurasiyasına verilsin. Yoxsa, gec tez Sahil Babayev təcrübəsizlikdən ölkədə çox ciddi səs-küy yaradacaq qalmaqallara imza atacaq”.

Son…

Son olaraq bildirək ki, işdən qanunsuz azad edildiyini iddia edən  bir neçə nəfər redaksiyaya müraciət edib. Həm bu, həm də Sahil Babayeviun ƏƏSMN və onun strukturlarından anlayışı belə olmayanları hansı səbəbdən, özü də müqavilə əsasında nazirliyə toplaması ilə bağlı araşdırmalarımız davam edəcək. O zaman Sahil Babayevin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə də niyə məlumat verməməsinin də gizlinlərini öyrənməyə cəhd edəcəyik.

F.ƏHMƏD