Qazax rayon sakini Tahir Rəhimov ölümə tərk edilmiş vəziyyətdədir. Dostlarının qoçaq, daim hərəkətli adam kimi dəyərləndirdiyi T.Rəhimov ard-arda 3 dəfə iflic olub. Kəllədaxili qansızma nəticəsində bir ildir hərəkət qabiliyyətini itirib. Yaşadığı durumdan cana doyan xəstə öləcəyi günü gözləyir.
Onu həyatda saxlamağa çalışan dostları T.Rəhimovun vəziyyəti və üzləşdiyi çətinliklərlə bağlı Sputnik Azərbaycan-a müraciət ediblər.
Heç bir sosial müavinət almayan, əlillik üçün müraciəti rədd edilən Tahir kişi bölgə müxbirimizə 20 ildir tək yaşadığını deyib: "Bir il əvvəl 3 dəfə dalbadal insult keçirdim. Xəstəxanadan çıxandan pendir-çörək və su ilə dolanıram. Bir az sol əlim işləyir, çəliyə söykənib zorla dayanıram ayaq üstdə. Qazı yandırmağı, qazanı, çaydanı qaldırıb endirməyi bacarmıram ki, çay-xörək hazırlayım".
T.Rəhimov deyir ki, indi, ancaq dostlarının yanında olanda ölüm arzusunu unudur: "Bircə lampa yandırıram ki, kommunal xərc çox yığılmasın, gəlib işığımı kəsməsinlər. Sağ olsunlar dostlar, kömək edirlər, çörəyimi alıb gətirir, suyumu doldururlar. Maşına mindirib şəhərə çıxarırlar. Ən azından bir neçə saat onlarla birgə olanda ölməyi arzulamıram".
Ona yaşamağında ən çox kömək edən isə hər iki gözdən əlil dostu İlqar Əliyevdir. Xəstə dostunun yaşaya bilməsi üçün əlindən gələn köməkliyi göstərən İ.Əliyevin ən böyük istəyi dostunun əlillik dərəcəsini ala bilməkdir. Buna görə o, yerli xəstəxanalar tərəfindən əlilliyin müəyyən edilməsi üçün elektron müraciət göndərilməsinə nail olub. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin edilmədiyi cavabı gəlib.