Şəfəqə Doğru » Manşet » Paşinyanı Rusiyada gözləyən “imtahan” və ya Lavrovun İrəvana ikinci xəbərdarlığı - TƏHLİL

Paşinyanı Rusiyada gözləyən “imtahan” və ya Lavrovun İrəvana ikinci xəbərdarlığı - TƏHLİL

Paşinyanı Rusiyada gözləyən “imtahan” və ya Lavrovun İrəvana ikinci xəbərdarlığı - TƏHLİL
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Ermənistanda doğurduğu həyəcan açıq şəkildə özünü göstərir. Bakı ilə Moskvanın arasını vurmağa çalışan Rusiyadakı erməni dairələri buna nail olmadığı üçün olduqca narahatdırlar. Bir müddət öncə "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” iddiasını ortaya qoymaqla ermənilərin xoşuna gəlməyə çalışan Rusiyanın baş diplomatı Sergey Lavrov da Rusiya və Azərbaycan prezidentlərinin görüşdən sonra səsləndirdikləri bəyanatları dinlədikcə dilxor olmuşdu, bu, prezidentlərin brifinqindən yayınlanan reportajdan da aydın görünürdü. Azərbaycan prezidentinin Dağlıq Qarabağ məsələsini ölkəmiz üçün prioritet olaraq vurğulaması və məsələnin yeganə həll yolunu bir daha xatırlatması, eyni zamanda prezident Putinin Azərbaycanın önəmini dəfələrlə vurğulayaraq, Qarabağ tənzimlənməsində ölkəsinin maraqlı olmasını qeyd etməsi, üstəlik, hərbi əməkdaşlığın davamı ilə bağlı səslənən fikirlər şübhəsiz ki, işğalçını təşvişə salır.

Ancaq məsələ burasındadır ki, Ermənistan Rusiyaya arxa çevirməyə cəhd etməsindən dolayı da sürprizlərlə üzləşə bilər. Düzdür, İrəvan sentyabr ayında Gürcüstanda keçirilən növbəti NATO hərbi təlimlərində iştirakdan imtina etdi. Sözsüz ki, burada Ermənistan XİN sözçüsü M.Zaxarovanın avqustdakı hərbi təlimlərə qatılan müttəfiqinə ünvanladığı xəbərdarlıq öz sözünü deyib. Ancaq görünən budur ki, Nikol Paşinyan hökumətinin üzünü Qərbə çevirmək istiqamətində manevrləri Kremldə diqqətlə izlənilir və haqq-hesab çəkmək məqamı yetişib.

Görünür, elə buna görədir ki, N.Paşinyan Moskvaya çağırılıb. Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək. Onun prezident Putinlə görüşü planlaşdırılır. Paşinyan bunu facebook səhifəsində canlı yayında bildirib. O deyib ki, Rusiyaya ikinci dəfə səfər edəcək. "Biz çoxlu məsələləri müzakirə edəcəyik. Mən demirəm ki, bütün məsələlər həllini tapıb. Ancaq əməkdaşlığımız davam edir və mən əminəm ki, təbii axarı ilə davam edəcək” - Paşinyan əlavə edib.

Paşinyanın diplomatik açıqlamasından belə qənaətə gəlmək olar ki, ortada heç bir problem yoxdur. Ancaq Rusiya XİN başçısı Sergey Lavrovun açqılaması müəyyən qənaətə gəlməkdən ötrü ipucu verir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Lavrov təsdiqləyib ki, yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyan arasında daha bir görüş planlaşdırılır. "Düşünürəm ki, bizim üçün vacib məsələ Ermənistanın yeni liderindən öz ölkəsindəki situasiyanın inkişaf perspektivlərini necə dəyərləndirməsini eşitmək olacaq. Bu situasiyada Ermənistanın KTMT qarşısındakı öhdəliklərini necə icra edəcəyinə laqeyd qala bilmərik”, - deyə o bildirib. (axar.az)

S.Lavrovun bu fikirləri Ermənistan hökumətinə açıq hədədir. Bundan əvvəl də Rusiya XİN başçısından İrəvana sərt mesaj verilmişdi. 31 iyuldakı bəyanatında Lavrov demişdi: "Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Rusiya Yerevanın müttəfiqi kimi həmişə erməni dövlətinin sabitliyində maraqlı olub, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu narahatlıq həmçinin Ermənistanın iştirak etdiyi MDB məkanında fəaliyyət göstərən təşkilatların normal işinin təminatı baxımından da mövcuddur”. S.Lavrov bildirmişdi ki, son günlər öz narahatlıqlarını bir neçə dəfə Ermənistan rəhbərliyinin nəzərinə çatdırıblar. "Ümid edirik ki, vəziyyət konstruktiv məcrada davam edəcək”-nazir demişdi. Belə çıxır ki, Rusiyanın gözləntiləri özünü doğrultmayıb, elə Paşinyanın Moskvaya çağırılması da bundan xəbər verir.

Buna qədər Putinlə Paşinyan arasında telefon danışığı da olmuşdu. KTMT-nin baş katibi Yuri Xaçaturov həbsdən buraxılsa da, onunla bağlı proses bitməyib. Eyni zamanda Rusiyanın himayəsi nəticəsində eks-prezident Robert Köçəryanla bağlı da həbs-qətimkan tədbiri dəyişdirildi. Hətta prezident Putin R.Köçəryana ad günü münasibətilə telefon açdı. Bununla da Putin Paşinyana ciddi mesaj vermiş oldu. Heç şübhəsiz, R.Köçəryanın parlament seçkilərində iştirak edəcəyini bəyanlaması da Rusiyadan aldığı stimulla əlaqədardır. Əslində hələ Ermənistana qayıdıb həbsxanaya girəndə bəzi ekspertlər Köçəryanın "içəri”də çox qalmayacağı və Rusiyanın dəstəyi ilə həbsdən "qəhrəman” kimi çıxıb hakimiyyət uğrunda mübarizəyə başlayacağını proqnoz etmişdilər. Serj Sərkisyandan fərqli olaraq, Köçəryan Rusiyaya daha sadiq prezident olduğu üçün Kreml onu mükafatlandırmaq istəyir, təbii ki, Paşinyanı cəzalandırmağın bir yolu da buradan keçir. Ola bilsin erməni baş nazirin "ipə-sapa yatmaması” Kremli daha sərt mövqe sərgiləməyə vadar edib, qarşıdakı Rusiya səfəri də bununla əlaqədar ola bilər.

Çətin durumla üz-üzə qalan N.Paşinyan parlament seçkilərinin vaxtını açıqlayıb. "Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun birinci ongünlüyündə keçirilməlidir" - Nikol Paşinyan facebookda canlı yayımda deyib. O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür. Heç şübhəsiz ki, Paşinyan konstitusiyaya bu əlavəni özünü təhlükələrdən sığortalamaqdan ötrü etmək istəyir.

Daxildəki etirazlar da səngimir. Elə sentyabrın 3-də bir qrup ticarətçi üzləşdikləri problemlərlə əlaqədar aksiya keçirərək Paşinyanla görüş tələb ediblər. Həm xalq etirazları, həm Rusiyanın təzyiqləri ilə üz-üzə qalan erməni hakimiyyəti hər an fors-major situasiya ilə üz-üzə qala bilər. Bu arada 1 mart 2008-ci il cinayətlərinin araşdırılması istiqamətində yeni addımın atılması Paşinyan əleyhdarlarını daha da aqressivləşdirir. Ancaq baş nazirin geriyə yolu yoxdur, rəqiblərini vaxtında cəzalandırmasa, hakimiyyətdən nakam gedəcək. Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart qırğınları ilə bağlı yeni cinayət işi açıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb. "İnterfax” xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda Azadlıq meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: "Sənədi Ermənistan prezidenti Serj Səkisyanın təsdiqlədiyi ”Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu" saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, "vəzifə səlahiyyətlərini aşmaq” və "qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib".

2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanın iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Səkisyanın seçkidə qalib gəldiyi elan edilmişdi.

Ermənistanda konstitusiya quruluşunun devrilməsi ittihamı əsasında keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlayıb.

Ermənistan hakimiyyəti reytinqini yüksəltmək naminə Qarabağ kartından istifadə edir. Elə N.Paşinyanın ardınca prezident A.Sərkisyanın Qarabağa gəlməsi də bundan xəbər verir. Xüsusilə də Azərbaycan və Rusiya prezidentlərinin görüşü ilə eyni vaxta təsadüf edən təxribatçı əməlləri ilə İrəvan destruktiv fəaliyyətindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirdi.

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a dedi ki, Ermənistan prezidentinin Dağlıq Qarabağa gəlişləri təəssüf ki, adiləşib: "Bu, Putin-Əliyev görüşünə cavab deyil, sadəcə, ”tədbirə" gəlmişdi". Ekspert dedi ki, bundan sonrakı mərhələdə Qarabağla bağlı bir dəyişiklik olmayacaq: "Bunu da öncəki açıqlamalarımda söyləmişəm. Paşinyan seçkiyə qədər Qarabağ mövzusu ilə maraqlanmayacaq”. E.Şahinoğlu qeyd etdi ki, Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var: "Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır”. E.Şahinoğlu dedi ki, Kreml Köçəryanla bağlı Ermənistan hökumətinə "qulaqburması” verəcək: "Ancaq Qarabağla bağlı geniş müzakirənin olacağını zənn etmirəm”.

Politoloq Qafar Çaxmaqlı isə "Yeni Müsavat”a dedi ki, Ermənistan rəhbərləri qondarma rejimin ildönümünə həmişə gəlib: "Prezidentin bu səfəri də Putin-Əliyev görüşü ilə əlaqələndirilməməlidir. Amma bir şey məlumdur ki, ermənilər bu görüşdən narahatdırlar. Bölgədə gedən proseslərin dəyişəcəyi onları qorxudur. Paşinyanı Rusiya həzm etmir və bu mənada Azərbaycan bəzi üstünlüklər əldə edə bilər”. Ekspert prezidentlərin görüşündən sonra Qarabağla bağlı ciddi dəyişiklik olmayacağı qənaətindədir: "Paşinyan parlamenti də özününkü etmək üçün addımlar atacaq. O, hakimiyyətini bərkidir. Qarabağ danışıqları ilə bağlı Rusiyada müzakirələr olacaq. Seçkilərə bunun heç bir aidiyyəti yoxdur. Paşinyan da digər rəhbərlər kimi hərəkət edəcək”.

Bu arada qardaş Türkiyə növbəti dəfə Qarabağla bağlı prinsipial mövqeyini ortaya qoyub. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində deyib. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycana bütün sahələrdə dəstək göstərəcək. Dövlət başçısı bildirib ki, bütün türkdilli dövlətlər münaqişələrin həllinə və dünyada sabitliyin bərqərar olmasına kömək etməlidir. Azərbaycan prezidentinin də qatıldığı mötəbər tədbirdə səslənən bu bəyanat həm də düşmənə ciddi mesaj sayıla bilər.