"Rusiya dövləti bizim yaxın qonşumuzdur. Azərbaycanın xarici siyasətdə strategiyası belədir ki, ölkəmiz bütün dövlətlərlə, ilk növbədə də öz yaxın qonşuları ilə çox yaxın münasibətdə olmalıdır. Azərbaycan bu sahədə də böyük nailiyyətlər əldə edib”. Bunu SİA-ya açıqlamasında "Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya ilə münasibətlərimiz heç də rəvan deyildi: "Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə çox böyük səylər göstərdi və bu münasibətlər normallaşdırıldı. Ulu Öndərimizin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanla Rusiya arasında münasibətləri strateji müttəfiqlər səviyyəsinə gətirib çıxarıb. Rusiya ilə istər iqtisadi, hərbi sahədə, istərsə də digər sahələrdə münasibətlər çox normaldır. Cənab Prezidentimizin təbirincə desək Rusiya ilə Azərbaycan arasında heç bir məsələ yoxdur ki, o məsələlər həll olunmasın. Yəni bu asan məsələ deyil. Ona görə də elə hesab edirəm ki, cənab Prezidentin bu yaxınlarda Rusiya Federasiyasına səfəri və Rusiya-Azərbaycan arasında dövlət başçımızın iştirakı ilə imzalanmış müqavilələr də bu ikitərəfli əməkdaşlığın daha da inkişaf etməsinə və hər iki dövlət üçün sərfəli səviyyədə bu münasibətlərin inkişafına təkan verdi.
Eyni zamanda cənab İlham Əliyevin dediyi kimi Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həllində Rusiyadan çox böyük gözləntiləri var. Rusiya ilə Azərbaycan arasındakı bu xoş münasibətlər elə hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin də həllində öz töhfəsini verəcək”.