Şəfəqə Doğru » Manşet » ERMƏNİSTANIN NÜVƏ ŞANTAJI – QƏRB MEDİASINDA

ERMƏNİSTANIN NÜVƏ ŞANTAJI – QƏRB MEDİASINDA

ERMƏNİSTANIN NÜVƏ ŞANTAJI – QƏRB MEDİASINDA

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv” xəbər portalında "Ermənistanın keçmiş baş naziri ölkəsinin nüvə silahlarına malik olduğunu deyir” başlıqlı məqalə dərc olunub.

 

Məqalədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın aprelin 29-da keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahlarına malik olması ilə bağlı verdiyi bəyanatlardan bəhs edilir. Müəllif qeyd edir ki, Ermənistanla Azərbaycan hazırda müharibə şəraitində olduğu üçün verilən bəyanat narahatlıq doğurur.

 

Daha sonra "İsrail Demokratiya İnstitutu”nun beynəlxalq əlaqələr bölməsinin rəhbəri Maayan Jaffe-Hoffmanın mayın 8-də "The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsindən bəhs olunur. Vurğulanır ki, İsrailin əsas beyin mərkəzinin bölmə müdiri məqaləsində Q.Baqratyanın açıqlamasının ciddi qəbul edilməli olduğunu bildirib, son vaxtlarda ermənilər tərəfindən qonşu Gürcüstan ərazisinə nüvə materialları keçirilərək onların satışı və qaçaqmalçılığı ilə məşğul olmaları ilə bağlı faktları misal gətirib.

 

Bununla yanaşı, məqalədə mayın 3-də "The Washington Times” qəzetində Aleksandr Murinsonun (İsrailin "Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzi və "Bar İlan Universiteti”nin aparıcı elmi işçisi) sözügedən məsələyə həsr olunmuş yazısına da nəzər salınır. Bildirilir ki, A.Murinson bir nəfər yaşlı Gürcüstan vətəndaşı və Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş və hazırkı əməkdaşları olduqları güman edilən bir neçə Ermənistan vətəndaşının 200 (iki yüz) milyon dollar dəyərində nüvə materiallarının qeyri-qanuni satışına cəhd edərkən həbs olunmaları ilə bağlı Gürcüstan dövlət orqanlarının yaydığı xəbərdən yazıb.

 

Məqalənin sonunda "EurActiv” xəbər portalının Ermənistanın Avropa İttifaqı yanında daimi nümayəndəliyindən Q.Baqratyanın bəyanatlarına münasibət bildirilməsini xahiş etdikləri qeyd olunur