Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı, azərbaycanlı analara müraciət olundu
Ötən gün sentyabrın 15-də Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb. Shafaqadogru.com "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, görüşdə 2016-cı ilin aprel döyüşlərində Qarabağda öldürülən 40-a yaxın erməni hərbçilərinin anaları itirak edib. Onlar Anna Akopyanın bir neçə ay əvvəl Moskvada başlatdığı "Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsünə qoşulduqlarını bildiriblər.
Baş nazirin iqamətgahında qəbul zamanı döyüşlərdə ölən erməni əsgərlərinin analarını erməni-azərbaycan münaqişəsini dayandırmaq üçün Azərbaycan analarını da onlara qoşulmağa çağırıb.
"Qoy dünyanın bütün analarını ayağa qalxsın. Biz xüsusən Azərbaycan analarına müraciət edirik. Bu yaxınlarda onlar da internetdə müharibəni dayandırmağa çağırış ediblər. Biz müharibə istəmirik, biz övladlarımızı itirmək istəmirik”-bunu aprel döyüşlərində öldürülmüş kapitan Armenak Urfanyanın anası Amest Nersisyan deyib.
"Biz istəyirik ki, birdəfəlik sülh əldə olunsun...öz övladlarını orduya göndərən analar əzablı iztirabla gözləməli olmasınlar. Biz istəyirik ki, yeni Ermənistanda bizim kimi analar olmasın”-bunu da görüşdə iştirak edən və övladını Qarabağda itirmiş digər qadın deyib.
Qarabağ müharibəsində oğlunu itirən başqa erməni qadın da təşəbbüsüə qoşulub: "Mən övladlarını, atalarını, qardaşlarını bu münaqişədə itirən bütün qadınların hüquqları uğrunda mübarizə aparıram. Mübarizə aparıram ki, onlar bir daha övladlarını itirməsinlər”.
Anna Akopyan isə öz çıxışında qeyd edib ki, "Qadınlar sülh naminə” kampaniyasını böyük inamla davam etdirir, xüsusən də aprel döyüşlərində övladlarını itirmiş analardan dəstək alanda inamı artır. Onun sözlərinə görə, azərbaycanlılara ünvanlanmış sülh təşəbbüsü Ermənistanda birmənalı qarşılanmır və kampaniyanın başlanmasından sonra onu tənqidə məruz qoyublar.
"Amma bizim cəmiyyətdə bu təşəbbüsün birmənalı qarşılanmaması sizin azərbaycanlı analara müraciətinizi xüsusilə mühüm edir. Çıxışımdan sonra belə ittihamlar eşitdim ki, mən azərbaycanlı və erməni analarını bir tutmamalıyam. Mən sizdən soruşuram, ananın milliyəti, vətəndaşlığı və ya dini varmı?”-Anna Akopyan deyib.
Nikol Paşinyanın arvadı azərbaycanlı qadınları da onun başlatdığı sülh təşəbbüsünə qoşulmağa çağırıb. "Ümid edirəm ki, sizin və bizim səsimiz azərbaycanlı analara da gedib çatacaq, onlar da müharibəyə qarşı çıxıb sülhə çağıracaqlar. Əgər bu baş versə gözəl günlərin birində bizim çağırışımız atəş açmağı və müharibə başlamağı əmr edən adamlara da gedib çatacaq”-Anna Akopyan bildirib.
Görüşü izləyən jurnalistlərdən biri Anna Akopyana xatırladıb ki, onun sülhə çağırdığı bir vaxtda Azərbaycan-Ermənistan sərhədində atışmalar gedir. Akopyan isə kampaniyanı dövlətin adından deyil, qadınların və anaların adından aparır. O qeyd edib ki, sülhə çağırışla yanaşı Ermənistanda hərbi təlimlər də keçirilir.
"Kimin qalib gələcəyini həyata göstərəcək. Ya biz qalib gələcəyik və onları silahı yerə qoyub danışıqlar masası arxasına keçməyə məcbur edəcəyik, ya da uduzacağıq və onlar bir-birlərinə atəş açmaqda davam edəcək. Mən məğlubiyyət variantını istisna edirəm və əminəm ki, nə vaxtsa təşəbbüsümüz qalib gələcək”-o bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan son günlər Qarabağa dair qızışdırıcı, danışıqlar prosesinə zərbə vuran və davakar bəyanatlarının dozasını artırıb. Gah Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü deyir, gah bildirir ki, Dağlıq Qarabağın adından danışa bilməz və Azərbaycan sülh istəyirsə gərək özü "dqr”lə birbaşa danışıqlara girsin. Paşinyanın arvadının sülh təşəbbüsü əlbətdə ki, alqışlana bilər, amma Anna Akopyan nədən birinci öz ərindən başlamasın ki?