"Ermənistan tərəfindən müraciət təqdim olunmadığına görə KTMT güc tətbiq edə bilməz". Shafaqadogru.com ordu.az-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.
Sidorov Ermənistan-Azərbaycan sərhədində sülhün davam edəcəyinə ümidvar olduğunu bildirib.
"Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik”, - deyən Sidorov bununla Ermənistanın KTMT-yə bel bağlaması ümidlərini puça çıxarıb.
Öz növbəsində, KTMT-nin mətbuat katibi Vladimir Zeynətdinov bildirib ki, ötən gün Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan, vəziyyətlə bağlı bəyanatla çıxış edib. O, bəyanatında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinə vəziyyətlə bağlı məlumat verilib. Lakin Ermənistan KTMT-yə müraciət etməyib. "Mən hesab edirəm ki, bu məsələ bununla bağlanıb", - deyə KTMT-nin mətbuat katibi qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib. Ermənistanda KTMT-nin məsələyə müdaxilə etməsi haqqında tələblər səsləndirilsə də, İrəvanın təşkilata müraciət etmədiyi deyilir. Ermənistan KTMT-nin üzvü olduğu üçün, nizamnaməyə görə təşkilat Qarabağ cəbhəsindən kənarda, sərhəddə baş verə biləcək toqquşmada İrəvanı müdafiə etməlidir. Lakin bu məsələnin kağız üzərində olduğu və KTMT daxilində daha çox Azərbaycana dəstək verildiyi də məlumdur.