Şəfəqə Doğru » Manşet » Azərbaycanın baş onkoloqu: ""Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir?" - MÜSAHİBƏ

Azərbaycanın baş onkoloqu: ""Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir?" - MÜSAHİBƏ

Azərbaycanın baş onkoloqu: ""Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir?" - MÜSAHİBƏ
Azad Kərimli: "Qadın gözəllik salonunda 200 manat xərcləyir, amma həkimə gedəndə qiymətlərdən şikayətlənir” 
 
"Qiymətlərlə bağlı şikayətlərin səsləndirilməsi müalicədən yayınmaq üçün səbəb deyil” 

Modern.az saytı Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlidən müsahibə alıb. Onunla söhbəti təqdim edirik. 

- Gəlin ilk sualı belə qoyaq: son vaxtlar Azərbaycanda xərçəng xəstəliyinin sürətlə yayılması barədə səsləndirilən iddialarda həqiqət payı nə qədərdir?

- Mən mətbuatdan bax buna görə narazıyam. Televiziya müxbirləri efir yeri boş olanda bizə müraciət edir, sujet hazırlayırlar. Elektron və çap mediası isə hansısa informasiyalar, sosial şəbəkələrdə məlumatlar yayılanda ətraflı dəqiqləşdirmə aparmaq üçün gəlirlər. Halbuki, bir məlumatı əvvəl araşdırmaq, sonradan fikir bildirmək lazımdır. Son zamanlar insanları təşvişə salan informasiyalar səsləndirirlər. Guya xərçəng xəstəliyi sürətlə yayılır. Əslində belə deyil. Bu iddialar heç bir halda reallığı əks etdirmir. Bu cür halların müəyyən olunması üçün hər zaman rəqəmlərə istinad etmək, demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Əgər bir neçə il əvvəl Azərbaycan əhalisi 6 milyon nəfər idisə, bu il artıq 10 milyona yaxınlaşır. Əhalinin sayı çox olan ölkələrdə tək onkoloji deyil, bütün xəstəliklərə çox təsadüf ediləcək. 

- Əhali çoxaldıqca risk faktorlarının dairəsi də genişlənir, bu təbiidir. Bəs bu göstəricilər statistik rəqəmlərdə necədir? 

- Dünya üzrə onkoloji xəstəliklərin nisbətinə nəzər salsaq, görərik ki, Türkiyə, İsrail, Rusiya və digər ölkələr Azərbaycandan dəfələrlə öndədir. Əhalinin sayı az olan yerləri müqayisə etdikdə mütləq statistik rəqəmlərə istinad etmək vacibdir. Məsələn, 3-4 il əvvəlki nəticələrə görə, Krımda 2 milyon əhali sayına müvafiq olaraq, 50 min onkoloji xəstə qeydiyyata alınıb. 1 milyon əhalisi olan Çeçenistanda isə 17 min onkoloji xəstə var. Azərbaycanın 10 milyona yaxın əhalisi olduğu halda cəmi 45756 nəfər onkoloji xəstə rəsmi qeydiyyatdadır. Bu göstəricini necə sürətlə çoxalma adlandıra bilərik? Qeydiyyatda olan onkoloji xəstələrin 17 527 nəfəri 5 il və daha çox yaşayan xəstələrdir. Açıqladığımız rəqəmlər 2017-ci ilin göstəricisidir. Bütün bu müqayisələrdən aydın olur ki, xərçəng xəstəliyi ölkəmizdə başqa dövlətlərə nisbətən xeyli azdır. 

- Milli Onkologiya Mərkəzinə daxil olduqda diqqət etdiyimiz məqamlardan biri də üzərində Səyyar Diaqnostik Kompleks yazısı olan avtobuslar oldu. Bu hansı xidmətlər üçün istifadə edilir? 

- Səyyar diaqnostik kompleks maşınlar xərçəng xəstəliyinin ilkin mərhələdə aşkar edilməsinə xidmət edir. Biz rayonlara gedir, xəstəlik şübhəsi olan insanları aşkar edir, müayinələrə cəlb edirik. Çox hallarda xəstəliyin birinci və ikinci mərhələsinə rast gəlmirik. Amma əvvəlki illərə nisbətdə birinci və ikinci mərhələdə aşkar edilmə halları artıb. Daha ağırlaşmış, üçüncü, dördüncü mərhələdə olan xəstələr isə özləri Onkoloji Mərkəzə müraciət edirlər. Əgər insanlar həkimə tez müraciət etsələr, birinci, ikinci mərhələdə xəstəlik aşkar olunsa, xərçəngin 100 faiz sağalması mümkündür. Hər kəsə aydındır ki, bütün xəstəliklərin gecikmiş formaları müalicəyə pis tabe olurlar. Bu vəziyyətdə tam sağalma mümkün deyil.

- Diqqət edək, onkoloji xəstəlik adı gələndə insanlar o dəqiqə ölümü düşünürlər. Bu da insanlarda onkoloji xəstəliklərlə bağlı xof yaradır. Bu xofu yaradan həkimlərdir, yoxsa insanlar özləri? 

- Xofu insanlar özləri yaradırlar. Axır illərdə avtoqəzalar da çoxalıb. Çoxsaylı insan tələfatına səbəb olan yol-nəqliyyat hadisələri baş verir. Heç bir xəstəliyi olmayan, başı belə ağrımayan adamlar həyatını itirir. Bu cür problemlər ola-ola insanlar onkoloji xəstəlik adı çəkiləndə dəhşətə gəlirlər. İnsanda onkoloji xəstəliyin aşkar olunması həyatın sonu deyil. Qəbula getdikdə, Onkoloji Mərkəzə baş çəkdikdə, əlbəttə, xəstələr çox görsənir. Çünki bir xəstənin yanında azı 4 nəfər xəstə yaxını gəlir. Müayinələrə də xəstə yaxınları ilə birlikdə girir. Bunu müşahidə edən insanlar isə çox sayda onkoloji xəstənin olduğunu düşünür.

İnsanlar Azərbaycanda müasir tələblərə cavab verən Milli Onkologiya Mərkəzinin olmasından xəbərsizdir, hansı müasir müayinə, müalicə metodlarının mövcudluğunu bilmir. Üstəlik öz xəstəlikləri haqqında məlumatlı deyillər. Məsələn, oktyabr ayı bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Uzun illərdir, Avropa ölkələrində mübarizə ayı çərçivəsində işlər həyata keçirilir. Azərbaycanda isə 10 ilə yaxındır, Gəncə və Bakı şəhərlərində bu tədbirlər təşkil olunur, insanlara müxtəlif məlumatlar çatdırılır, bukletlər paylanır, xəstəlik haqqında informasiya verilir. Qadınlar özləri özlərini müayinə etmək metodlarını bilmirlər. Halbuki, bu çox rast gəlinən xəstəlik olduğundan insanlar əlamətləri də bilməlidirlər.

Kişilərdə ən çox ağciyər və prostat vəzi xərçəngi ilə qarşılaşırıq. Qadınlarda isə süd vəzi və uşaqlıq boynu xərçəngi üstünlük təşkil edir. Bu, bütün dünyada belədir. Bukletlərdə qadınların özünü müayinə etmək metodları haqqında məlumatlar yerləşdirmişik. Dəfələrlə qeyd edilib ki, qadınlar 30-35 yaşından sonra hər il mamoqrafiya müayinəsindən keçməli, süd vəzilərini yoxlatmalıdırlar. Buna diqqət edən yoxdur. Çünki insanlar lazımı qədər maariflənməyib. Ən böyük təbliğat maşını olan televiziyada hər gün müğənnilərdən, onların qarderobundan, doğum günlərindən söhbət açılır. Belə şit məqamlar bir növ ayıbdır. Bu böyüklükdə ölkədə bir professor, alim, savadlı insan yoxdur ki, efirə çıxarsınlar? Nəticə olaraq insanların maariflənməsi sıfır səviyyəsindədir.

Hər şeyi onkologiyanın üzərinə atmaq düzgün deyil. Söhbət mübarizədən gedirsə, onkoloqlar təkbaşına mübarizə apara bilməz. Bütün kütlə buna qoşulmalı, maariflənməlidir. 

- Bildiyimizə görə, xərçəngin yaranması haqqında 500-ə yaxın nəzəriyyə mövcuddur. Kimisi bu səbəbləri qidada axtarır, kimisə ekologiyada, kimisə də digər məqamlarda. Xərçəngin yaranmasında qidaların rolu nə dərəcədədir? 

- Xərçəng, təbiətin xəstəliyidir. Bütün canlı orqanizmlərdə xərçəngə rast gəlinir. Məsələn, bir müddət əvvəl xarici mətbuatda informasiyalar yayıldı ki, qazıntılar zamanı hətta dinozavrların sümüklərində şiş aşkar edilib. Göründüyü kimi, tək insanlar deyil, heyvanlar, hətta bitkilər arasında da xərçəng özünü göstərir. İnsanlar arasında bu xəstəliyin tez-tez hallanması isə demoqrafik göstəricilərə və şüura əsaslanan məsələdir. İnsanlar öz narahatlıqlarını araşdırır və xərçəngin yayılması ilə bağlı ortaya statistik rəqəmlər qoyurlar. Xəstəliyin yaranma səbəbi tam şəkildə bəlli deyil. Səbəb kimi göstərilən müxtəlif məqamlar isə sadəcə nəzəriyyələrdir. Bəli, qidalanma faktorunun xərçəngin yaranmasında rolu var. Lakin beş əsr əvvəl qidalar daha təmiz idi. Halbuki, həmin vaxt da insanlar arasında xərçəng xəstəliyi mövcud idi. Daha çox adı hallanan ekoloji faktor isə irimiqyaslı problemdir. Ekoloji çirklənmə bütün təbiəti əhatə edən məsələdir. Hər il Onkologiya Mərkəzində təxminən 10-11 nəfər qeydə alınır. Bu göstəricini şişirtmək lazım deyil. Əksinə, maarifləndirmə ilə problemi azaltmaq olar. Bu gün Milli Onkologiya Mərkəzində yaxşı şərait yaradıldığı halda Azərbaycan qadınının süd vəzi xərçəngi ilə başa çıxa bilməməsi hətta cinayətdir. Xəstəliyin 3-cü, 4-cü mərhələsində həkimə müraciət etməklə problemi aradan qaldıra bilmərik. Onkologiya adı gələndə insanların canına vahimə düşür. Bunu tək sıravi vətəndaşlar, regionlardan gələn sakinlər deyil, ziyalılar da belə qəbul edirlər. Məsələn, qadın müraciət edib, deyir, süd vəzisinə məsləhətlə zəli qoydu ki, düzələcək. Həmin zəli qadının xəstəliyini daha da kritikləşdirmişdi. Şiş dağılıb, müalicə çətinləşmişdi. Bu metodla "müalicə" tətbiq edən həmin qadın da ziyalı idi. Nə qədər çətin olsa da, biz onu müalicə edib, yola sala bildik. 

- Milli Onkologiya Mərkəzinin xarici ölkələrlə əməkdaşlığı hansı səviyyədədir? 

- Çox dövlətlər əməkdaşlıq etmək istəyirlər. İsrail, Türkiyə, Bolqarıstan, Rumıniya, Gürcüstan və s. dövlətlər bizimlə əməkdaşlıq etmək istəyirlər. Avropanın heç bir ölkəsində bizdə olduğu kimi 7 ədəd şüa müalicəsinin aparılmasına xidmət edən aparat yoxdur. Bütün bunlar insanların sağlamlığı üçün təşkil olunur. Onkologiya Mərkəzinin açılışı 2009-cu ildə baş tutub və daxili nizam-intizam hesabına mərkəzin fəaliyyəti günü-gündən müsbət irəliləyir. 

- Bir tərəfdən insanları ittiham edirsiniz. Bəs Onkologiya Mərkəzində müalicə olunmaq üçün qiymətlər necə, insanlar üçün əlçatandırmı? 

- Qiymətlərlə bağlı şikayətlərin səsləndirilməsi müalicədən yayınmaq üçün səbəb deyil. Siz pulu qazanırsınız, yoxsa pul sizi qazanır? İnsanlar elə şeylərə pul xərcləyirlər ki, məəttəl qalırsan. Bir qadın saçını boyatmaq üçün 60-70 manatından keçir, gözəllik salonunda 200 manat xərcləyir, amma həkimə gedəndə qiymətlərdən şikayətlənir. Kiminsə maddi imkanı aşağıdırsa, o ölməli deyil. Onkologiyada istifadə olunan dərmanları yalnız onkoloji xəstələrdə tətbiq etmək mümkündür. Bu, adi qrip dərmanı deyil ki, necə gəldi, kimə gəldi, istifadə edilsin. Sadəcə insanlar vaxtında yoxlanmalıdır. Qeyd etdiyim kimi, son illər maarifləndirmənin, səyyar müayinələrin hesabına aşağı mərhələdə aşkarlanma da artıb.

- Azərbaycanda bu qədər şərait yaradıldığını deyirsiniz. Amma insanlar müalicə üçün xarici ölkələrə müraciət edirlər. Bəs bunun səbəbi nədir? 

- Sizdən əvvəl bir xəstə yola saldıq. Burada qeydiyyatda idi və Türkiyəyə gedib, orada da müayinə olunub. Artıq yenə qayıdıb, bizim mərkəzdə müalicəsini davam etdirir. Kiminsə xaricə getməyinə əngəl ola bilmərik. Əvvəllər Azərbaycanda bir çox xəstəliklər üzrə mütəxəssis yox idi. İndi isə bu sarıdan problem yaşanmır. Xəstələrimiz hansı ölkəyə müraciət etsələr də, qayıdıb, Azərbaycana gələcəklər. Çünki Onkologiya Mərkəzində müalicə, müayinə, cərrahiyyə və şüa bütünlüklə bir şəhərcikdə həyata keçirilir. Xəstələr üçün heç bir çətinlik yaranmır. İnsanlar isə sadəcə qonşudan dala qalma prinsipi ilə hərəkət edirlər.

Məsələyə təktərəfli yanaşmaq lazım deyil. Xarici ölkələrdən bizə müalicə üçün müraciət edənlər də kifayət qədər çoxdur. Orta Asiya ölkələrindən, Rusiyadan, ərəb ölkələrindən və digər dövlətlərdən xəstələr Milli Onkologiya Mərkəzinə gəlirlər.

Bizdəki həkimlər də xaricdə təhsil almış mütəxəssislərdir. İstifadə olunan tibbi avadanlıqlarımız isə Amerika, Avropa ölkələrindən gətirilir. Amerikanın "Varian” şirkəti öz təkmilləşdirmə bazalarını Milli Onkologiya Mərkəzində açdılar. Avropada 6-cı təkmilləşdirmə bazasının Azərbaycanda açılması Onkologiya Mərkəzinin nailiyyətidir. 

- Sosial şəbəkələrdə, internetdə xərçəngi guya sağaltmaq üçün türkəçarə üsullardan misal gətirərək, "reseptlər” təqdim edilir. Hər şey bu qədər asandırmı?

- Bizə də müraciət edirlər. Adam var, deyir, mən ilan zəhəri ilə xərçəngi müalicə edirəm. Guya keçi südü ilə qaşığın ucunda ilan zəhərini qatıb, xəstəyə tətbiq etdikdə xərçəngi sağaldır. Bu şəxs "kəşf etdiyi” müalicə üsulunu tətbiq etmək üçün bizdən xəstə istəyir. Belə insanlar xəstələrin həyatı ilə oynamağın faciələrindən xəbərsizdirlər.

Həmin insanlardan biri yanıma gəlmişdi. Soruşdum ki, bu müalicəni neçə insan üzərində tətbiq etmisən və nəticə almısan?. Dedi ki, heç bir xəstəyə tətbiq etməyib. Dedim həmin zəhəri xərçəngə tutulmuş öz yaxınına verərsənmi? Səsi çıxmadı.

İnsanlar belə dırnaqarası metodlara inanmamalıdırlar. Hazırda bütün dünya müasir texnologiyalarla, təkmil aparatlarla müalicə edirlər. Əvvəllər Onkologiya Mərkəzində il ərzində 350-400 cərrahi əməliyyat baş tuturdusa, artıq bu rəqəm 4000-dən çoxdur.

- Sosial şəbəkələrdə qarşılaşdığımız bir iddia ilə sizi tanış edək. Bir nəfər yaxınının göbələk xəstəliyinin olduğunu, Onkologiya Mərkəzində isə ona xərçəng diaqnmozu qoyulduğunu bildirirdi. Bu iki xəstəlik arasında yaxınlıq nə qədərdir ki, həkimlər bunu ayırd etməkdə çətinlik çəkirlər? 

- Mən belə iddialara inanmıram. Bu xəstəliklər tamamilə başqa cür xarakterizə olunur. Xərçəng diaqnozu qoymaq üçün həkim birbaşa məsuliyyət daşıyır. Çünki hər şişə xərçəng demək mümkün deyil. Şişdən tikə götürülür, laboratoriyaya göndərilir, əkilir və təxmini 10 gündən sonra aparatdan çıxarılıb, mikroskop altında baxılır. Ancaq bundan sonra xərçəng diaqnozu qoyula bilər.

Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Məsələn, hamımızın "Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.

Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir. 

- Azad müəllim, qiymətlər məsələsinə qayıtmaq istərdim...

- Xeyr, bu suala qayıtma! Niyə qiymət məsələsində israrlısan? Provakasiya xarakterli suallara cavab vermirəm. 

- Burada provokasiya olduğunu zənn etmirik, biz insanların sosial şəbəkələrdəki şikayətləri haqqında sual veririk. 

- Bu suala cavab vermirəm. Sosial şəbəkələrə, orada yayılan qeyri-real fikirlərə də diqqət etmirəm. 

- Azərbaycanda ilik transplantasiyasının gerçəkləşdirilməsi mümkündürmü? 

- Gələcəkdə reallaşacaq. Bunu çox istəyirik, lakin asan başa gələn məsələ deyil. Çox ağır proses olduğuna görə, ilik transplantasiyasının Onkologiya Mərkəzində həyata keçirilməsi zaman alır. 

- Siz efirlərdə maarifləndirmənin aparılmamasından narazısınız, aparıcılar, jurnalistlər isə peşəkar həkimlərin qəbuluna düşə bilməməkdən şikayətlənirlər. Hətta bu səbəbdən meydanın qeyri-peşəkar həkimlərə qaldığını iddia edənlər də var. Bu məsələyə münasibətiniz də maraqlıdır. 

- Yalandır. Hansı aparıcı tibb elmləri doktorunu verilişə dəvət etsələr, imtina edər? Tək jurnalistlər deyil, adi insanlar da həkimlərin qəbulunun sıx olduğundan şikayətlənir. Xəstə gəlir ki, növbədə filan qədər insan var, məni qabağa keçirin. Niyə? Hərə bir rayondan gəlir, yolu uzaqdır, oturub növbəsini gözləyirlər. Kimisə qabağa keçirməyim, haqsızlıqdır. Həkimin qəbuluna düşmək üçün müraciət edib, növbəni gözləmək lazımdır. Efirə isə peşəkar həkimlər əvəzinə verilişi maraqlı edənlər, insanlarda maraq oyadacaq, reytinq qazandıracaq həkimləri dəvət edirlər. 

- Azərbaycanda uşaq onkologiyası ilə bağlı vəziyyət necədir? 

- 2012-ci ilə qədər uşaq onkologiyası ölkəmizdə olmayıb. Bu vaxta qədər imkanı olan övlkadını xaricə aparıb, olmayan isə yarıdüzgün, yarıqeyri-düzgün müalicə götürüblər. 2012-ci ildə Prezident İlham Əliyevin, vitse-prezident Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin səyi nəticəsində uşaq onkoloji klinikasının açılışı həyata keçirildi. Ölkədə uşaq onkoloqu olmadığına görə, Cəmil Əliyev Belarusdan həmyerlimiz, professor Reyman İsmayılzadəni klinikaya dəvət etdi. Gənc həkimləri isə xarici ölkələrə göndərərək, təcrübə keçmələrinə nail oldu. Reyman İsmayılzadənin rəhbərliyi altında Uşaq Onkologiya Mərkəzi yüksək səviyyədə fəaliyyət göstərir. Uşaqlar arasında müşahidə olunan onkoloji xəstəliklər böyüklərə nisbətdə tamamilə sağalmaya meyillidirlər. Uşaqlarda ən çox embrional – ana bətnində təməli qoyulan şişlərə rast gəlinir. 

- Kadr çatışmazlığı məsələsinə diqqət çəkək. Regionlarda bu sahədə ciddi problem var. Bununla bağlı tədbirlər görülürmü? 

- Rayonlarda fəaliyyət göstərən həkimlər ölkədə uşaq onkologiyasının olmasından xəbərsizdirlər, kənddə yaşayan camaat necə bilsin? Televiziyada imkan yaradılsa, məşhur uşaq onkoloqları maarifləndirmə üçün çıxış etsələr, valideynlər, sahə pediatrları, rayonlardakı həkimlər nəyə fikir verməli olduqlarını bilərlər. 

- Hazırda Milli Onkologiya Mərkəzində nə qədər xəstə qeydiyyatdadır? 

- Mərkəzdə üç bölmə var - cərrahiyyə, müalicə və şüa terapiyası. Müalicə bölməsi isə gündüz ambulator müalicə və stasionar kimyaterapiya müalicə kursu olmaqla iki hissəyə bölünüb. Hazırda 432 nəfər stasionar müalicə alır. Gündüz ambulator hissədə isə 573 nəfər qeydiyyatdadır. Bu şəxslər mərkəzə gəlir, iynə vurdurur, müvafiq müalicəsini alıb gedirlər. Bütün bu göstəricilərin müqabilində xərçəngin artması barədə qeyri-real fikirlər səsləndirib, insanları qorxutmaq lazım deyil.