Azərbaycanda aşkar olunan işçiləri əmək müqaviləsiz işlədənlər yayındığı vergiləri, sığorta haqqını və sair ödədikdə, işçi ilə müqaviləni bağladıqda cinayət məsuliyyətindən azad olunacaqlar.

Shafaqadogru.com-un  məlumatına görə, bununla bağlı Azərbaycan Perzidenti tərəfindən Cinayət Məcəlləsinin 162-1 (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsinə əlavələr təklif edilib.

Layihəyə görə, maddəyə edilən əlavədə bildirilir ki, qeyd olunan maddənin 1-ci bəndində nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətinddəna zad ediləcək.

Əməlin nəzərdə tutulduğu 1-ci bənd isə belədir: "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi”.

Qeyd edək ki, hazırda bu əməlin cəzası 7 000 manatdan 10 000 manatadək miqdarda cərimə, yaxud 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmədir.

Təklif olunan layihə Milli Məclisin 1-5 tarixlərindəki iclaslarının birində müzakirəyə çıxarılacaq.