ABŞ-ın Türkiyəyə uzun müddətdir səfir təyin etməməsi zaman-zaman müzakirə mövzusu olur. Donald Tramp hakimiyyətinin dünya siyasətində xüsusi çəkisi olan qardaş ölkəyə səfir təyinatını yubatması çox ciddi suallar doğurur.
Ekspertlər hesab edirlər ki, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ankaranın Vaşinqtonla münasibətlərinin kəskinləşməsi burada əsas rol oynanır.
Cənubi Qafqaz ölkələrindən Azərbaycanda da aylardır ABŞ-ın səfiri yoxdur. Eyni zamanda, Gürcüstana Amerika bir müddətdir səfirini göndərmir. Doğrudur, Tiflisdə ABŞ səfiri qısa müddətdir yoxdur. Amma Bakıda artıq 6 aydan çoxdur ki, bu post boşdur.
Politoloq Əhəd Məmmədli Amerikanın Türkiyəyə səfir təyin etməməsinin səbəblərinin çox olduğunu söylədi: "Gəzi olayları, PKK, YPG, PYD-nin silahlandırılması, hərbi xunta, FETÖ, İran, s-400 və sonda da açılan iqtisadi savaş səfir təyinatının gecikməsində səbəb kimi birbaşa rol oynayır. Kipr böhranından sonra ilk dəfədir ki, Türkiyə-ABŞ münasibətlərində bu qədər geriləmə var. Amerika qardaş ölkəyə səfir təyinatı düşünür, sadəcə qeyd edilən səbəblərə görə səfir təyin etmir. Münasibətlər yumşalmalıdır, üstəlik Trampın qeyri-sabit xarici siyasətini də nəzərə almalıyıq. Üstəgəl, ABŞ-da elitalar savaşı da Türkiyəyə səfir göndərmək məsələsini yubadır. Burada əsas səbəb Türkiyənin müstəqil siyasət yürütməsidir, böyüməyə doğru getməsidir. Qərbin yeganə ehtiyatlandığı müsəlman ölkə Türkiyədir. Türkiyə hələ də xristian dünyası üçün son xilafət deməkdir. Türklər son əsrlərdir İslam bayrağının daşıyıcılarıdır, müsəlman xalqlarının güvəncidir. İndi bir anlığa düşünün, türk dövləti yenidən bu mövqelərinə qayıtsa, Qərb üçün nə deməkdir? Bu Qərb üçün də, şimal üçün də Yaxın Şərqi, bütövlükdə müsəlman Şərqinin itirilməsi deməkdir. Bu torpaqların yenidən əsl sahibləri müsəlmanlara qaytarılması deməkdir. Ona görə Amerikanın Türkiyəyə bu cür mövqeyi məlum məsələdir. Bütün əngəllərə rəğmən Türkiyə böyüdükcə Amerika səfirini də göndərəcək, bərabər hüquqlu tərəfdaş kimi eyni masaya da oturacaq. ABŞ səfir təyinatına laqeyd yanaşmır, sadəcə Trampın rəhbərliyi ilə indiki administrasiya üçün xarici siyasət prioritet təşkil etmir. Ən azı görünən budur. Tramp ölkəsini daha çox biznesmen kimi idarə edir, nəinki diplomat kimi. Kifayət qədər uğurlu da idarə edir. Trampın dövründə ABŞ-ın iqtisadi nəticələri maksimum səviyyəyə qalxıb. Kapitalist Amerikada sıravi amerikalıların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Bunların hamısı prezident postunda yerləşən biznesmen Trampın apardığı uğurlu iqtisadi siyasət nəticəsində baş verdi. Biznesmen Tramp üçün bir çox amerikalıların tanımadığı uzaq, balaca Azərbaycan, Gürcüstana səfir göndərməkdənsə, əsas ölkəsinin iqtisadi yüksəlişidir. Gürcüstana səfir göndərməməyə gəldikdə isə çox güman ki, bu ölkədə keçiriləcək prezident seçkilərindən sonra səfir göndərəcəklər. Amerika Gürcüstandakı seçkilərin nəticələrini gözləyir. Azərbaycan da daima Vaşinqtonun diqqətindədir”.
Nəzərə çatdıraq ki, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib. İ.Litsenberger Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviridir və bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edir. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberger onun səlahiyyətlərini icra edir.
Lakin onun namizədliyi hələlik Senat tərəfindən təsdiqlənməyib. Onun namizədliyi təsdiqlənərsə, 2019-cu ilin əvvəlində yeni səfirin Azərbaycana gələcəyi güman edilir.
Əhəd Məmmədli deyir ki, ölkəmiz Amerika üçün regionda çox önəmli tərəfdaşdır: "Demokratiya məsələsinə görə Azərbaycanla Amerika arasında bəzən problemlər yaranır, amma sonda həmişə dövlət maraqları qalib gəlir. Lazım olanda demokratiyanı yenidən birinci sıraya gətiriblər, alverlərini edib, yenidən ikinci sıraya göndərirlər”.
Politoloq onu da qeyd etdi ki, Türkiyə tarix boyu həmişə ciddiyə alınan dövlətlər sırasında olub: "Türkiyəni çox ciddiyə aldıqları üçün hələ də müəyyən edə bilməyiblər ki, səfir qismində Ankaraya kimi göndərsinlər. Gürcüstan və Azərbaycana gəldikdə isə bu ölkələr balaca olmalarına rəğmən regionda ABŞ üçün çox önəmlidirlər. Gürcüstan Cənubi Qafqazda ABŞ-ın Rusiyaya qarşı plasdarmına çevrilir. Azərbaycan da İslam dünyasında Vaşinqton və Tel-Əviv üçün vacib dünyəvi müsəlman dövlətidir. Azərbaycana da İrana qarşı plasdarm gözü ilə baxılır. Azərbaycan və Gürcüstanla ABŞ arasında heç bir soyuqluq müşahidə edilmir. Türkiyə ilə bağlı bunu demək mümkün deyil. Tezliklə Türkiyə ilə buzların əriməsini gözləyirəm. Türkiyə, Azərbaycan, Gürcüstan ABŞ-a lazımdır, ABŞ da bu ölkələrə. Sadəcə Türkiyə artıq özü dünyada bir oyunçuya çevrilir. ABŞ hələ bunu həzm edə bilmir, amma həzm edəcək. Türkiyə Azərbaycanın təbii, Gürcüstanın isə strateji müttəfiqidir. ABŞ isə Türkiyə ilə NATO-da önəmli ittifaqdadır. Müsəlman, dünyəvi Azərbaycan İslam dünyasında ABŞ və İsrailin əsas tərəfdaşıdır. Düşünürəm ki, gələn il həm Türkiyəyə, həm Azərbaycan, həm də Gürcüstana Amerikanın səfir göndərmə problemi həll ediləcək”.
"Yeni Müsavat"