"Orta məktəb dərslikləri elə bərbad gündədir ki, müəllimlərin özləri belə, o vəsaitlərdən istifadə edə bilmirlər”.
Bunu Versus.Az-a AXCP sədri Razi Nurullayev dərsliklərin orta məktəb səviyysinə uyğun olaraq hazırlanmaması, ciddi nöqsanların olması ilə bağlı ictimai narahatlıq doğuran məsələlərə münasibətində bildirib. Onun sözlərinə görə, orta məktəblərdə tədris proqramına uyğun olaraq dərs vəsaitlərinin olmaması sonda şagirdlərin TEST imtahanlarında problemlərlə üzləşməsinə səbəb olur.
R.Nurullayev bildirib ki, bu problem şagird və müəllimlərlə yanaşı bütün valideynləri, bütövlükdə cəmiyyəti narahat edir:
"Dərsliklərdəki yanlışlıqları göstərmək üçün çox da uzağa getməyəcəm. Mənim övladlarımın müəllimləri məktəbdə paylanılan dərsliklərdən yox, onlara aldırdıqları vəsaitlərdən dərs keçirlər. Bunu da belə izah edirlər ki, onlara məhz bu kitablarla tədris etməyi tapşırıblar. Maraqlı budur ki, məktəbə yoxlama gələndə şagirdlər məhz onlara paylanılan dərslikləri masalarının üstünə qoymalıdırlar.
Göründüyü kimi, Azərbaycan təhsilinə də manapoliya yanaşması var”.
Təhsili millətin gələcəyinin inkişafında ən mühüm sahə kimi dəyərləndirən Razi Nurullayev, bu istiqamətdə ciddi monitorinqlərə ehtiyac olduğunu deyib:
"Nəinki dərsliklər, ümumiyyətlə Azərbaycanda təhsil sistemi bərbad gündədir. Azərbaycanda təhsil sisteminə hər gələn onu daha da bərbad günə salır. Təhsil elə günə salınıb ki, sanki Azərbaycan xalqının genefondunu məhv etməyə yönəldlib. Mən bunu çəkinmədən deyirəm, təhsil sistemində çalışanlar xalqın düşməninə çevrilirlər”.
Partiya sədri bu ildən ingilis dilindən dinləmə testinin də imtahana salındığını vurğulayıb. Bildirib ki, şagirdlərə ingilis dilinin yazısı keçirilsə də, onlara dinləmə və dinlədiyini yazmaq vərdişləri yiyələndirilməyib:
"Soruşmaq lazımdır, siz onlara dinlətmisinizmi ki, imtahana da salırsız? Sizin hansı məktəbinizdə linqafon otaqları var? Ancaq bir neçə məktəbdə var ki, o da görüntü üçündür. Əminəm ki, o otağın qapıları aylarla açılmır. Təhsilə olan bu cür laqeydlik Azərbaycan xalqına qarşı düşmənçilik deyil bəs nədir?”
Razi Nurullayev son vaxtlar rus dilinin orta məktəblərdə tədris edilməsiylə bağlı yaranan fikir ayrılıqlarına da münasibət bildirib. AXCP sədri rus dilinin tədris edilməsini müsbət dəyərləndirir:
"Mənim övladlarım da rus dilində təhsil alırlar. Bu o demək deyil ki, Azərbaycan dilini bilməyəcəklər. Onların öz dilləri ilə yanaşı bir neçə dili bilmələrinin nəyi pisdir?
Bir xatırlatma verim: Aprel döyüşləri zamanı ermənilər sosial mediada ölkəmiz, əsgərlərimiz haqqında xoşagəlməz fikirlər yazıb paylaşırdılar. Bir erməni model isə "ermənilərə dua edin” deyə müraciət etmişdi. Mənim övladlarım onlarla söz "döyüşü”nə çıxaraq susmalarına nail oldular. Təbii ki, söyüşlə deyil, faktlarla danışaraq. Mən bunu biləndə qürurlandım.
Rus, ingilis dilini bilməsəydilər bunu edə biləcəkdilərmi? Təbbi ki, yox. Deməli məktəblərdə dillər tədris olunmalıdır ki, övladlarımız hansısa rusun, ingilisin, fransızın və digər xalqların qarşısında zəif qalmasınlar”.
Partiya sədri hesab edir ki, Azərbaycan dilli məktəblərdə verilən təhsil uşaqların dünyagörüşünü artırsaydı, onlara rusdilli məktəblərdəki kimi bilik verilsəydi, hər kəs övladını elə Azərbaycan dilli məktəblərdə oxudardı:
"Amma etiraf etməliyik ki, valideynlər övladlarını rus məktəblərinə ona görə qoyur ki, rus dilli məktəblərdə olan müəllimlərin bilik və dünyagörüşü səviyyəsi daha yüksəkdir, Azərbaycan dilli məktəblərdə isə aşağıdır. Təhsil səviyyəsini qaldırmaq lazımdır. Hesab edirəm ki, nəinki rus dilində, ingilis, fransız, yapon və sair müxtəlif dillərdə də məktəblər yaradılmalıdır. Azərbaycan kiçik dövlətdir, biz dünyaya çıxmalıyıq, diplomatlar yetişdirməliyik. TəkcəAzərbaycan dilini bilməklə dünyaya çıxmaq mümkün deyil. Sərhəddi keçən kimi getdiyin ölkənin dilində danışmalısan. Bu baxımdan rus dilinin də məktəblərdə tədris edilməsində qüsur görmürəm. Qüsur hansısa dilin tədrisi deyil, qüsur dərslikləri bərbad gündə hazırlayan şəxslərdə və bu sahəni nəzarətsiz buraxanlardadır”.