Şəfəqə Doğru » Manşet » Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər

Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər

Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər


KİV-lər bundan sonra çox diqqətli olmalıdırlar

 


Əvvəllər yalnız 18 yaşına çatmayan uşaqlar təqsirləndirilən şəxs olanda onlar haqqında məlumat yalnız valideynlərin razılığı ilə yayıla bilərdi. İndi isə yetkinlik yaşına çatmayan şəxslər hətta zərərkəçəkən şəxs olduqda belə, onlar haqqında məlumatlar valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan yayıla bilməz.

Bu barədə Milli.az-a "Kütləvi informasiya vasitələri haqqında" Qanununun 11-ci maddəsinə edilmiş və dünəndən etibarən qüvvəyə minmiş dəyişikliklər şərh edən hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, belə məlumatların yayılması bəzən həmin media orqanı üçün cinayət məsuliyyəti də yarada bilər: "Məsələn, bəzi KİV-lər bu günlərdə özünü "İŞİD"çi kimi təqdim edən şəxs tərəfindən girov götürülən 8 yaşlı uşağı danışdırmağa çalışırdı. Bu düzgün deyil. Qanunda edilən dəyişiklik də artıq bunu qadağan edir. Mövcud qanunvericiliyə əsasən, konkret olaraq Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər belə bir məlumatın yayılmaması barədə xəbərdarlıq olunubsa, lakin yayılıbsa və o, istintaqın gedişinə və ya yetkinlik yaşına çatmayan şəxsə maddi və ya mənəvi ziyan vurarsa, bu zaman həmin KİV-ə qarşı cinayət işi başlana bilər. Amma bunu müəyyən etmək də asan məsələ deyil".

Ekspert qanunda edilmiş digər bir dəyişikliyə də aydınlıq gətirib: "İstintaq məlumatları hər əlinə keçən şəxs tərəfindən yayılmamalıdır. İstintaq orqanı, yəni vergi orqanı, polis, prokurorluq istintaq məlumatlarının yayılmasına nəzarət eməlidir ki, onlar istintaqın gedişinə ziyan vurmasın. Əvvəla, KİV-də yalnız yayılmasına icazə verilən məlumatlar verilməlidir. İkincisi, xüsusi vurğulanır ki, isintaq zamanı hər hansı şəxsin ifadəsi başdan-ayağa, olduğu kimi yayıla bilməz. Oradan yalnız müəyyən epizodlar ümumi informasiya şəklində KİV-də verilə bilər".

Qeyd edək ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanununda dəyişikliklər edilməsi barədə qərar "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununa uyğunlaşdırmaq məqsədi ilə Milli Məclis tərəfindən qəbul edilib.