Shafaqadogru.com Modern.az-a istinadən, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.
Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda (yəni növbədənkənar seçkilərin keçirildiyi 11 aprelə) bitir.
Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir.
Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır). Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. Seçki Məcəlləsinə təklif edilən dəyişikliyin noyabrın 27-də Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacağı bildirilir.