Azərbaycanın həm ABŞ, həm də Bolqarıstanla arasını vurmaq istəyən qüvvələr var.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, həm ABŞ-da, həm də Bolqarıstanda erməni lobbisi var və onlar da Azərbaycanın ABŞ və Bolqarıstanla sıx münasibətlərindən narahatdır:
"Bir neçə gündür mediamızda belə bir xəbər yayılır ki, guya ABŞ Bolqarıstan üzərindən Ermənistana silah ötürür. Bu xəbərin mənbəyi hansısa Rusiya saytıdır. Kim zəmanət verir ki, Rusiya saytının yaydığı xəbər həqiqətə uyğundur? Bu xəbərin dezinformasiya olması istisna deyil”.
Politoloq mülahizələrini davam etdirərkən, gələn il TAP boru xəttinin işə düşəcəyini xatırladıb:
"Azərbaycan Bolqarıstana qaz satacaq, bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanın qazpaylaşdırıcı sisteminə sahib olmalıdır. Azərbaycanın Bolqarıstandakı rəqibi isə Rusiya və bu ölkənin "Qazprom” şirkətidir. Ona görə də Rusiyadan ötürülən (dez)informasilayalarda diqqətli olmalıyıq”.
Qeyd edək ki, Rusiya mənşəli "EADaily” saytının məlumatına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.
Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın "Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin "EW-450TR” reqistrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir.
Bundan əlavə, türkiyəli bloger Yürük İşıq da "Flightradar 24" naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib.