Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Azərbaycana silah satdığı üçün Minski günahlandırdığına görə Belarus prezidenti Aleksandr Lukaşenkonun onunla sərt dillə danışmasına və Putinə qarşı qorxaqlıqda ittiham etməsinə münasibət bildirib.
Shafaqadogru.com erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan MDB iclasında Lukaşenko ilə arasında olan həmin söhbətin və ümumiyyətlə, bağlı qapılar arxasında keçən görüşün detallarının ictimaiyyəyə açıqlanmasının düzgün olmadığını bildirib. Bunu bəhanə gətirərək, yenə də Lukaşenkoya nə cavab verdiyini deməyib və məsələyə aydınlıq gətirməkdən qaçıb.
"Sizi əmin edirəm ki, Lukaşenkonun iclasda verdiyi suallara yerindəcə konkret və aydın cavablar verilib. Və düzünü desəm, məndə elə təəssürat yarandı ki, Belarus prezidenti bu cavablarla qane oldu. Daha sonra isə nə baş verib bilmirəm. Mən indi də deyirəm ki, həmin söhbət məni qane etdi və bu məsələnin mənim tərəfimdən davam etdirilməsinə ehtiyac görmürəm”, - deyə Paşinyan vurğulayıb.
Nikol öz mətbuat katibinin yaydığı bəyanata istinad edərək onu da əlavə edib ki, vaxtaşırı Rusiya prezidenti Vladimir Putinlə söhbətdə Azərbaycana silah satışı məsələsini qaldırıb.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Minskin Azərbaycana silah satışı ilə bağlı Paşinyanın narazılığına verdiyi təhqiramiz və həqiqəti əks etdirən cavabı, özü də məhz Azərbaycan prezidentinin yanında Nikolu susdurması Ermənistanda ciddi ajiotaj doğurub. Lukaşenko bildirib ki: "İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyana) dedim: Nikol, gəl, bu məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Onda niyə dilini bir yerinə soxub susmusan? Vladimir Vladimiroviçi də tənqid et də. Nədir, qorxursan?”
Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. "Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur: ""Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum.”