Ötən il Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunub, 1,1 faizi dispanser nəzarətə alınıb, 2,9 faizi sağlamlaşdırılıb, 32,1 faizi əlavə müayinələrə cəlb edilib, 0.5 faizi hospitalizasiya olunub.
Ümumilikdə isə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət daxil olub, 727 min xəstə stasionar müalicə kursu keçib. 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. Bəzən rəsmi statistika real mənzərə ilə üst-üstünə düşmür.
Azvision.az ölkədə müxtləif xəstəliklərdən əziyyət çəkən insalarla bağlı araşdırma aparıb
Belə ki, ölkədə böyrək çatışmazlığı xəstələyindən əziyyət çəkən şəxslərin sayında artım müşahidə olunur. 2006-cı ildə 3 hemodializ mərkəzində 241 xəstə müalicə almışdısa, indi 43 hemodializ mərkəzində 3600 böyrək xəstəsi dövlət hesabına müalicə olunur. Hazırda hemodializ müalicəsi alan ən kiçik xəstənin 6, ən böyüyünün 87 yaşı var. Xəstəliyin vaxtında aşkarlanması nəticəsində Azərbaycanda hər milyon nəfər əhaliyə 450-520 nəfər böyrək çatışmazlığı olan xəstə düşür.
Ölkəmizdə yayılan digər bir xəstəlik QİÇS-dir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır. QİÇS-lə yoluxanların sayında narkotik istifadəçələr üstünlük təşkil edir. Narkotik istifadəçilərinin sayına gəlincə isə rəsmi məlumata grə, ölkədə 30 131 nəfər narkoman qeydiyyatdadır. Onların 25 139 nəfəri dispanser qeydiyyatındadır. Narkomanların 4 992 nəfəri profilaktik, 1 031 nəfəri anonim müalicə alır. Respublika üzrə 1621 hemofiliyalı xəstə qeydiyyata alınıb.
Baş və onurğa beyinin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəliyi - Dağınıq sklerozdur. Bu xəstəliyə ən çox 18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər. Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır. Bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. Hazırda respublikada 45.756 onkoloji xəstə qeydiyyata alınıb. 2016-cı ildə belə xəstələrin sayı 43.927, 2015-ci ildə isə 40.653 idi.
Lakin vərəmlə xəstələnlərin sayında azalma müşahidə olunur. Son 5 ilin statistikasına baxsaq, 5 il əvvəl hər il 100 min əhaliyə xəstələnmə göstəricisi 50 nəfərdən çox idisə, indi 38-ə düşüb. Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir. Hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Belə ki, 2017-ci ildə 918 xəstə müalicəsini davam etdirirdisə, 2018-ci ilin təkcə altı ayında Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub. Onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir.
Bakıda 18 yaşdan yuxarı əhali arasında ağciyərlərin xroniki obstruktiv xəstəliyinin, bronxial astma və allergik rinitin yayıldığı ərazini müəyyən etməklə xəstəliklərin yayılması tədqiq edilib, risk faktorları ilə əlaqə dəyərləndirilib. Tədqiqat nəticəsində məlum olub ki, Bakı şəhərində bronxial astma böyüklər arasında təxmin edilən yayılması hər 1000 nəfərə 26.8 nəfər olub. Spirometriya əsasında diaqnozu təsdiq edilmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyinin böyüklər arasında hər 1000 nəfərə təxmin edilən yayılması Bakı şəhərində 4.3 təşkil edib.
Statistik məlumatlar göstərir ki, Azərbaycanda diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, 2018-ci ilin 8 ayı ərzində onların sayı 263 min 057 nəfərə çatıb. Bundan əlavə, Azərbaycanda 1654 uşaq bu xəstəli̇kdən əzi̇yyət çəki̇r. Lal böyər daşı kimi insanı incitməyən, vaxtında aşkarlanmasa ölümə səbəb olan hepatit virusları. Respublikada son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanıb, statistik araşdırma aparılıb. Bu, ölkə əhalisinin 2 faizini təşkil edir. Bu araşdırma zamanı onların 1,99 faizinin hepatit B, 2,08 faizinin hepatit C-yə yoluxduğu üzə çıxıb. Yəni həm B, həm də C hepatitinə yoluxanların sayının təxminən 2 faiz olub. Bu araşdırmanın nəticəsinə əsaslansaq, ölkədə təxminən 200 min insan bu viruslara yoluxub. Hər il kəskin B və kəskin C hepatitinə ayrı-ayrılıqda təxminən 300-ə qədər insan yoluxur və həmin xəstələrin sayı Səhiyyə Nazirliyinin nəzdində B və C hepatitlərinin müalicə və profilaktikası üzrə Komissiyasına məlumdur. Bu xəstələrin adları qeydiyyata alınmır. Çünki kəskin hepatit keçirən insanlar əksər hallarda tam sağalır.
Evlənmək istəyən çütlüklərdə də ciddi problemlər aşkarlanır. 2015-ci il iyun ayının 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb. Bütün ani ölüm hallarının 88 faizi ürək qüsurlarının vaxtında aşkar edilməməsi və belə xəstələrin vaxtında ixtisaslı invaziv kardiologiya xidməti ala bilməməsinə görə baş verir. 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub.
Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. 2018-ci ilin statistikası barədə məlumat yayılmasa da, aydın olur ki, ötən il dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılmış və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub. Ölkəmizdə hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Son 5 ildə Azərbaycanda təxminən 2000-ə yaxın ürək qüsurlu uşaq əməliyyat olunub.
Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatlıq doğuran xəstəliklər sırasındadır. Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 - 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 - 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 mindən çox insan epilepsiyadan əziyyət çəkir.
Dünyada hər il qalxanabənzər vəzi xəstələrinin sayı 5% artır. Ölkəmizdə da bu vəziyyət müşahidə edilir. 2018-ci ilin statistikası açıqlanmasa da, 2017-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə 16 986 nəfər dispanser qeydiyyatına götürülüb. Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 hipotireoz, 1060 nəfər tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir.