Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb və onların dərhal ləğv edilməsi həyata keçirilib.
Bu barədə danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb. Nazirin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hamını maraqlandıran sual ödənilən pulun geri qaytarılması mexanizmilə bağlıdır. İctimaiyyət nümayəndələri illərlə ödənilən 10 minlərlə manat vəsaitin heç nəyi olmayan bir vətəndaşdan hansı şəkildə geri alınacağı ilə bağlı suallar ünvanlayıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıobov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmləri var:
"Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı, təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyatı sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”.