Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Unikal.org-a müraciət edən Gədəbəy rayon Arıqıran kənd sakini Yaşar Vəliyev ona sənədlərdə qeyd edilən kimi heyvanlar verilmədiyini iddia edir.O, bildirir ki, sənədlərdə heyvanların qiymətləri də şişirdilib:
"Gədəbəy rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum. 2019-cu ilin yanvar ayının əvvəllərində mənə iki inək verildi. Biznes planda inəklərin qiymətinin 4340 manat olduğu qeyd edilir. Həmçinin planda balalı inəklar olduğu yazılıb. Amma mənə verilən heyvanların balası yoxdur. İnəklərin qiymətləri də sənədlərdə olduğu kimi deyil. Həmin heyvanları bazara çıxarsaq 2500 manata satmaq qeyri-mümkündür. Mən heyvanları təqdim edən İlham adlı şəxsə iradımı bildirsəm də o sənədlərə qol çəkdirdi. Bildirdi ki, həmin bu heyvanlar sonradan dəyişdiriləcək. Amma sözünü tutmadı. İndi şikayətimə baxan da yoxdur. Bu inəklərlə heç bir iş qurmaq olmaz. Aidiyyatı qurumlardan mənə köməklik edilməsini xahiş edirəm."
Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov Unikal.org-a bildirib ki, vətəndaş Yaşar Vəliyev heyvanları təhvil alarkən imzası ilə təsdiq edib: "Əgər narazı olsaydı bu heyvanları qəbul etməzdi. Hətta heyvan tətvil verilərkən videosu da çəkilib".