Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda məktəbli oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəxanı qəsəbəsində yaşayan və yataq otağında özünün asaraq həyatına son qoyan 15 yaşlı Quluzadə Əli Asif oğlunun meyitinin müayinəsi zamanı onun dırnaqlarını xeyli uzatdığı üzə çıxıb. Orta məktəbin rus bölməsinin 9-cu sinfində oxuyan Əlinin dəftərlərində isə çoxlu qəribə cin-şeytan, özünü asmış insan fotoları və digər qeyri-adi görüntülər üzə çıxıb. Ailə üzvləri bildiriblər ki, Ə.Quluzadə bir müddət imiş ki, özünə qapanıbmış və qaranlıq otaqda qalmağa çalışırmış. Onun dəftərlərində ölüm və nifrəti əks etdirən digər qeydlər də olub. Yaxınlarının bildirdiyinə görə, yeniyetmə son vaxtlar internetdə hansısa təsirlərin altına düşüb və bundan sonra davranış və düşüncələrində köklü dəyişikliklər nəzərə çarpıb.
Qeyd edək ki, 15 yaşlı Əli Quluzadə özünü asarkən evdə tək olub. Onun orta məktəbə davamiyyəti və qiymətləri normal olub.
Onu da qeyd edək ki, intihar edən məktəblinin anası, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi olan İlhamə Poladova övladının intiharı ilə bağlı ictimaiyyətə müraciət edib. O, müraciətində bildirib: "Ay analar, atalar! Ayılın. Övladını itirən ana kimi sizə müraciət edirəm. Mənim gül kimi təmiz balam sosial şəbəkələrdə paylaşılan oyunun qurbanı oldu. Uşaqlara şüuraltı təsir edib, psixi dünya görüşlərini dəyişirlər . Bunu paylaşmaqda məqsədim odur övladlarınızı qoruyun. Mən balamı qoruya bilmədim. Sosial şəbəkələrdə yayılan oyunların qurbanı olub həyatına son qoydu. Birinci əlamət uşaqlar telefona, kompüterə çox bağlanır. Sonra qaranlığı sevirlər, sonra hiss edilmədən özlərinə cüzi xəsarətlər edirlər. Baxışları dəyişir, Aqressivləşirlər. Ayılın. Nəzarət edin, onları xilas edin. Mənim balam sosial şəbəkələrdəki terrorun şəhidi oldu”.