Şəfəqə Doğru » Manşet » Dollar kreditləri ilə bağlı güzəştlər necə olacaq? - Ekspertlərdən izahat

Dollar kreditləri ilə bağlı güzəştlər necə olacaq? - Ekspertlərdən izahat

Dollar kreditləri ilə bağlı güzəştlər necə olacaq? - Ekspertlərdən izahat
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əhalinin problemli kreditlərinin həll edilməsi ilə bağlı fərman verib. Hüquqi dildə yazılan fərmanda əhali üçün anlaşılmaz olan bəzi məqamlar var.

İqtisadçı ekspert Rövşən Ağayev Problemli kreditlərin həllilə bağlı qərardan görünən əsas məqamları izah edib.Shafaqadogru.com  ekspertin fikirlərini təqdim edir:


1) Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;

2) Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;

3) Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. 

4) Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.

5) Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.

6) 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödənilir;

7) 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir.

8) Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.

9) Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək.

Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir;

10) Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. 

Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.


ReAl Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərliyə prezidentin fərmanını Mia.az-a belə şərh etdirib. N.Cəfərli bildirib ki, prezidentin imzaladığı fərman əhalinin böyük bir hissəsinin kreditlərlə bağlı problemini həll edəcək: "Hazırda ölkədə əhalinin təxminən 1,8 milyard manat kredit borcu var. Bu fərmanla əhalinin banklara mövcud borcunun yarıdan çoxunu dövlət öz hesabına ödəyəcək və əhalinin banklara 1 milyard manata yaxın borcu silinəcək”.
 

Ekspertin sözlərinə görə, banklara 10 min dollara və ya 17 min manata qədər borcu olan şəxslər əgər bu krediti 2015-ci ilin fevralında baş tutan birinci devalvasiyaya qədər götürmüşdülərsə, borclarını 1 dolların 0,78 manata olan ekvivalentində ödəyəcəklər, borcun qalan hissəsini isə banklara dövlət ödəyəcək: "Kreditlərini 2015-ci ilin dekabr ayında baş tutan ikinci devalvasiyadan əvvəl götürənlər də eyni qayda ilə 1 dolların 1,05 manata bərabər ekvivalentində borclarını ödəyəməyə davam edəcəklər və yerdə qalan hissə dövlət tərəfindən silinəcək”.

N.Cəfərli bildirib ki, ölkə başçısının bu fərmanı ilə fiziki şəxslərin banklara olan 1 milyard manata yaxın borcları dövlət tərəfindən silindi.