Kənd Təsərrüfatı Nazirliyi son zamanlar bəzi kütləvi informasiya vasitələrində broyler toyuqlarının ziyanı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toyuq ətinin və digər heyvandarlıq məhsullarının keyfiyyətinin təyin edilməsi üçün dünya praktikasında göstərilən üsuldan və avadanlıqdan istifadə edilmir: "Buna oxşar çoxlu sayda materialı internet resurslarından əldə etmək olar. Broyler toyuqları haqqında qeyd edilən material respublikamıza aid deyil”.
Məlumatda qeyd edilir ki, nümayiş etdirilən aparat isə Çinin Tyan-Şi firmasının istehsalı olan ozonator aparatı olmaqla bir çox məqsədlər üçün istifadə edilir.
Nazirlik əhalinin nəzərinə çatdırır ki, belə saxta cihazların "müayinəsinə” uymasınlar: "Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. İstehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilir".
Nazirlik dezinformasiya yayan bəzi KİV-lərə daha geniş məlumat almaq üçün peşəkar mütəxəssislərin rəyinə və araşdırmalarına diqqət yetirməyi tövsiyə edib.