Ermənilər və Qərb dövlətləri tarixən türklərə, özü də təkcə Türkiyə türklərinə yox, bütün dünya türklərinə düşmənçilik hissi ilə yanaşıblar. Qondarma erməni soyqırımı da onların türklərə düşmənçilik hissi ilə yanaşmasının bir göstəricisidir. Düşmənçilikdir, bunun başqa adı yoxdur. Sadəcə olaraq, Türkiyəyə təzyiq etmək, onun nüfuzuna zərbə vurmaq, onu gələcəkdə başqa sıxıntılara soxmaq üçün xristian dünyasının bir təzyiq vasitəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, bu istiqamətdə uzun illərdir işləyirlər:
"Özü də erməni diasporunu, lobbisini-filanı çox şişirirlər. Təkcə onu deyim ki, rəsmi statistikaya görə, Fransada yaşayan türklərin sayı ermənilərin sayından təxminən 10 dəfə çoxdur. Necə olur ki, 200 min erməni Fransa hökumətinə təsir etdi, amma 2 milyon türk Fransa hökumətinə təsir edə bilmədi?! Bu, yalnız və yalnız erməni diasporu və lobbisini şişirtməkdir. Həmin ölkələr Türkiyəyə qarşı düşmənçilik edirlər. Edə-edə də gedirlər. Amma bircə onu bilirəm ki, Türkiyə və bütövlükdə türklər – təkcə Türkiyə türklərini nəzərdə tutmuram, – heç bir şeyin önündə sınmayıblar və sınmayacaqlar. Biz yenə onların cavabını verəcəyik, narahat olmayın”.
Bununla belə A.Abbas qeyd edib ki, erməni lobbisinin fəaliyyətini də inkar etmək olmaz:
"Onlar 100-150 ildir təşkilatlanıblar. Onların arxasında dayanan da həmin o xristian dövlətləridir. Bunu deməklə Amerika kəşf etmirik. Ermənilər Fransanın nəyinə lazımdır? Fransa erməniləri çox istəyir? Xalası oğludur, dayısı oğludur? Yaxud, Amerika istəyir? Qondarma erməni soyqırımını ilk dəfə Uruqvay qəbul edib. Uruqvaydakılar heç bilmirlər ki, Ermənistan harda yerləşir. Bəlkə heç Uruqvayın Prezidenti də xəritədə Ermənistanın yerini tanımır. Demək istəyirəm ki, bu, Türkiyənin üzərində qurulmuş bir oyundur. Yəni, Türkiyə məhv olarsa,onu bölərlərsə, dağıda bilərlərsə, başqa türk respublikalarını və 300 milyonluq xalqı küncə sıxışdırmış olurlar”.
Müsahibimiz türk dilinə dünyada yaradılan əngəllərdən də danışıb:
"Necə olur ki, ərəb dili, ispan dili, Çin dili BMT-nin rəsmi işçi dillərindən olur, ancaq türk dili olmur. Halbuki bu dildə yüz milyonlarla insan danışır. Böyük bir xalq var. Qazax və Türkiyə türkü danışarkən, bir-birini yaxşı başa düşməsə də, türkdürlər axı. Uyğur da həmçinin. Məgər Misir ərəbi ilə Əlcəzair ərəbi, yaxud İraq ərəbi ilə Tunis ərəbi bir-birini başa düşür? Xeyr. Onlarda da dil fərqi var. Ərəbləri yalnız ədəbi dil, yəni "Quran” dili bağlayır. Yəni, "Quran” dilində – dinin dilində danışanda hamısı bir-birini başa düşür. Vəssalam. Biz özbəklə necə anlaşa biliriksə, Mərakeş ərəbi ilə də Suriya ərəbi elə anlaşa bilir. Belə məqamlar var. Yəni, bu türklərə qarşı bir hücumdur, Türkiyə də onun qarşısında dayanıb və dayanacaq. Dövrandır da... İndi çaqqal-çuqqal dövranıdır. Amma bir gün bozqurd, – canavar yox, bozqurd – canavar adamyeyənə, qurd xilas edənə deyilir, onların fərqi var – canavar vəhşidir, qurd vəhşi deyil – bir gün o qurd onların hamısını boğar. Narahat olmayın”.