Bir müddət əvvəl saytımıza müraciət edən Mingəçevir rayon sakini Elgiz Mirzəyev problemli kreditlərin həlli ilə bağlı Prezident fərmanının ona aid olduğunu, lakin adının siyahıda olmadığını bildirmişdi. Vətəndaş iddia edir ki, 2014-cü ildə "AtaBank”ın Mingəçevir filialından götürdüyü 15 min manat kredit pulunu bir müddət ödəmədiyinə görə vəsait 20 min 600 manata qədər artıb. Lakin sonradan bankla razılaşma əsasında hər ay 200-300 manatlıq ödəniş edilib. Lakin onun kredit qarşılığında zamin qoyduğu 5 otaqlı evini bank dəyərindən dəfələrlə ucuz qiymətə satıb. İndi evdən çıxarılması üçün məhkəməyə müraciət edib.
E.Mirzəyevin bu müraciəti əsasında biz də "AtaBank”ın problemli kreditlər departamentinin əməkdaşı Mövsüm Əmiraslanov ilə əlaqə saxladıq. O, məsələnin aprelin 18-dəki məhkəmədə həll ediləcəyinə söz verdi:
"Aprelin 18-də keçiriləcək təkrar prosesdə bu məsələ Prezidentin fərmanına uyğun olaraq baxılmamış saxlanılacaq. Çünki vətəndaşın adı problemli kreditlərə görə kompensasiya və ya güzəştlərlə bağlı müvafiq siyahıya düşür. Məhkəmə qərarından sonra vətəndaşın evdən çıxarılması prosesi dayandırılacaq. Bundan sonra onun adı kompensasiya və ya güzəştlər tətbiq edilən borclular siyahısına salınacaq. Vətəndaşın adı siyahıya düşəndə onun bütün cərimələri, faizləri silinəcək, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qalıq borc hesablanacaq. Həmin borc restrukturizasiya olunacaq və borclu illik 1 faizlə 5 ilə həmin borcu ödəməlidir”.
Lakin Elgiz Mirzəyev aprelin 18-dəki məhkəmədə işin mayın 6-na təxirə salınması barədə qərar verildiyini bildirib. Bu səbəbdən məsələni yenidən araşdırmaq qərarına gəldik.
"Sonuncu dəfə "AtaBank”ın problemli kreditlər departamentinin əməkdaşı Mövsüm Əmiraslanov mənə bildirmişdi ki, aprelin 18-də məhkəmədə işə baxılacaq və qərar ləğv ediləcək. Mənim də adım problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısında qeyd ediləcək. Lakin həmin tarixdə baş tutan məhkəmədə proses təxirə salındı. Hakim bildirdi ki, yalnız Maliyyə Bazarına Nəzarət Palatasından rəsmi müraciət daxil olduğu halda işə xitam verilə bilər. Palatadan isə bildirdilər ki, onların məhkəməyə sənəd göndərmək kimi bir səlahiyyətləri yoxdur. İşə baxılması üçün aprelin 23-də Apellyasiya Komissiyasına müraciət məktubu yazdım. Müraciətə 10 gün ərzində baxılacağını dedilər. Palatadan həmçinin bildirildi ki, onlar bu məsələdə banklarla əməkdaşlıq edir, bu ayın sonuna kimi bütün banklarla bağlı məsələ həllini tapacaq. Təkrar Mövsüm Əmiraslanovla əlaqə saxladım. O bildirdi ki, Prezidentin müvafiq fərmanından əvvəl evimin hərraca çıxarılıb satıldığına görə bu qərar mənə aid ola bilər. Əgər belə ehtimal var idisə, nə üçün əvvəldən mənə işə məhkəmədə baxılıb, son qoyulacağı deyilmişdi?” - deyə Elgiz Mirzəyev bildirib.
Maliyyə Bazarına Nəzarət Palatasının "Qaynar xətti”ndən bildirdilər ki, onların məhkəməyə sənəd təqdim etmək səlahiyyətləri yoxdur:
"Banklar tərəfindən edilən müraciətlər əsasında adı siyahıya düşməli olan vətəndaşlar barədə məlumatlar siyahıya salınır. Lakin vətəndaşın adının siyahıda olmamasının səbəbləri ola bilər. Bank tərəfindən adı siyahıda göstərilməyə bilər. 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17000 manatadək olan 360 gündən çox gecikdirilmiş kreditləri olanların adı siyahıya salınır.
Vətəndaş hesab edirsə ki, adı məhz həmin kompensasiya alanların siyahısında olmalıdır bu barədə fimsa.az saytında apellyasiya şikayəti bölməsinə müraciət etməlidir. Bu zaman məsələ araşdırılacaq”.
Mingəçevir şəhər məhkəməsində Elgiz Hacıyevin işinə baxan hakim Məhburə Kərimovanın köməkçisi Fəzail Hacıyev işin təxirə salınması və bundan sonra atılacaq addımlar barədə məlumat verdi:
"Problemli kreditlərlə bağlı bütün məhkəmə işləri təxirə salınıb. Çünki burada kompensasiyanın ödənilməsi məsələsi var. Konkret bu məsələdə isə ev hərraca çıxarılıb və evi bank alıb. Yəni Elgiz Mirzəyevin evinin boşaldılması işinə məhkəmədə baxılır, banka olan borcuna görə iş aparılmır. Məhkəmə problemli kreditlərlə bağlı məsələni əsas tutaraq evin boşaldılması barədə qərar verə bilməz. Hazırda biz vətəndaşın bankla problemini həll etməsi üçün vaxt vermişik, ona görə də məhkəmə təxirə salınıb. Biz mülkiyyətçinin hüquqlarını qorumalıyıq”.
F.Hacıyev bildirib ki, növbəti iclasda evin boşaldılması barədə dəqiq qərarın verilib-verilməyəcəyi bəlli deyil:
"Elə əsaslar gətirilə bilər ki, iş yenidən təxirə salınar. Məsələn, sonuncu dəfə vətəndaş bankın baş idarəsi ilə danışacağını və razılığa gələcəklərini dedi. Biz də ona görə də işi təxirə saldıq”.
"AtaBank”ın problemli kreditlər departamentinin əməkdaşı Mövsüm Əmiraslanov bildirib ki, Maliyyə Bazarına Nəzarət Palatasında banka göndərilən müraciətə baxılıb.
"Bank rəhbərliyi tərəfindən mənə Elgiz Mirzəyevin işi ilə bağlı Maliyyə Bazarına Nəzarət Palatasının məktubu əsasən konkret atılacaq addım barədə tapşırıq verilməyib. Mən Palatadan göndərilən məktubun məğzi barədə məlumatsızam. Proses bu mərhələyə çatana qədər ödənişlə bağlı müəyyən təkliflər edilir. Bu zaman müəyyən bir hissə əvvəldən ödənilir, qalanı isə yenidən kredit cədvəli hazırlanır. Konkret bu halda isə evin hərraca çıxıb satılması Prezidentin müvafiq fərmanından əvvəl baş tutub. Ona görə də bu qərarın həmin vətəndaşa aid olması real görünmür. Hazırkı durumda qərarı məhkəmə verməlidir”.
M.Əmiraslanov bildirib ki, bu qərarı bank rəhbərliyi verə bilər:
"Bəzi müştərilərə müəyyən güzəştlər edilib. Mən bu işi yalnız rəhbərliyə çatdıra bilərəm, lakin veriləcək qərarı dəqiq bilmirəm. Vətəndaş bu məsələ ilə bağlı Maliyyə Bazarına Nəzarət Palatası və ya Mərkəzi Banka müraciət edib. Biz bank olaraq üst qurumlara tabeyik. Adıçəkilən qurumlardan veriləcək tapşırığa uyğun bank addım atacaq. Hazırda isə bu məsələ barədə heç bir qurumdan konkret tapşırıq yoxdur”.
Publika.az