Azərbaycanda gənclər arasında cinayətkarlıq sürətlə artmaqdadır. Belə ki, törədilmiş cinayətlərin əksəriyyəti oğurluq və ağır cinayətlərdir. Təkcə, 18 – 24 yaş aralığında olan gənclər tərəfindən 2017-ci ildə törədilmiş 2741 cinayətdən 841-i oğurluq, 60-ı quldurluq, 222-i xuliqanlıq, 189-u isə narkotik vasitələrlə bağlı cinayətlərdir.
Eyni zamanda, 6 cinayət zorlama və zorlamaya edilən cəhd, 94 cinayət qəsdən sağlamlığa zərər vurma, 411 cinayət isə ağır və xüsusilə ağır cinayətlərdir. 2016-cı ildə isə törədilmiş 2855 cinayətdən 828-i oğurluq olub. 2017-ci illə müqayisədə gənclər arasında oğurluq əməllərinin artması görünür.
Kriminoloq, sosioloq İnqilab Şahbazov "Yeni Sabah”a gənclər arasında cinayətkarlığın artma hallarından danışarkən qeyd edib ki, ilk olaraq cinayətin törədilməsi ilə bağlı ümumi səbəblərə baxmaq lazımdır:
"Bunu gənclərə və digər yaş qruplarına aid edə bilərik. Əsas səbəblər kimi maddi ehtiyaclar, düzgün ailə tərbiyəsinin olmaması, uğursuz təhsil həyatının olması – hansı ki, bu, gələcəkdə insanın iş tapmaq perspektivlərini zəiflədir- göstərə bilərik. Bundan başqa ədalətsizlik hissi ola bilər, təbii, bu da gənclərdə daha qabarıq şəkildə özünü büruzə verir.
"Yaşadığım cəmiyyət mənə qarşı ədalətsizdir, qisas alacam” kimi fikirlər. Bu qisası isə cinayət formasında almaq mümkün olur.
Ümumiyyətlə, dünyanın hansı ölkəsinə baxsaq, biz insanın cinayət törətmə ehtimalı və yaş arasında əlaqə görə bilərik. Yəni 18-35 yaş arası insanlar bütün cəmiyyətlərdə daha çox cinayət törədən qrup kimi tanınır. Bu da həmin yaşda insanın cinayət törətməyə enerjisinin olmasından, eyni zamanda o insanın uşaqlıqdan yetkinliyə keçid vaxtından, əmək bazarına daxil olduğu üçün maddi ehtiyaclarının güclənməsindən irəli gəlir. İnsan maddi ehtiyaclarını təmin etmək üçün əgər legal yollarla iş tapa bilmirsə, qanunsuz üsullardan istifadə edir, başqasının əmlakını əldə etməyə yaxud hədə-qorxu ilə ondan nəsə almaq üçün xəsarət yetirməyə çalışır və s.
Azərbaycanda fikir versəniz, ən çox oğurluq və narkotik hallarına rast gəlinir. Gənclər arasında məhz bu cinayətlər çox yayılıb. Və cinayət sayının artması birbaşa maddi durumun aşağı düşməsi ilə bağlıdır. Bundan əlavə dolayısı təsirlər var. Maddi durumlar zəif olan halda ailələrdə problem yaranır və həmin gənc yaxud uşaq düzgün tərbiyə görə bilmir, bu da gələcəkdə cinayət törətmə ehtimalını artırmağa başlayır.
Maddi durum pisləşdikcə eyni zamanda əmək bazarında iş yerlərinin sayı da azalır, bu da o insana iş tapmaqda çətinlik yaradır.
Bilirik ki, ötən illərə nisbətən Azərbaycanda iş yerlərinin sayında azalma müşahidə edilir. Ümumi vəziyyət budur. İşsizlik problemi isə birbaşa cinayətlərlə əlaqəlidir. Burda fikrimcə, maddi səbəbləri birinci qoyub, onun özünün və ailəyə göstərdiyi təsirləri bu cinayətlərin səbəbləri kimi göstərə bilərik. Maddi sıxıntıdan yaranan ailə, təhsil problemləri, ədalətsizlik hissi mövcuddur”.
İ.Şahbazov qeyd edib ki, Azərbaycanda ən çox törədilən üç cinayətdən biri məhz narkotik maddələrlə bağlıdır:
"Onun qanunsuz dövriyyəsi, istifadəsi və s. Təəccüblü deyil ki, gənclər bu cinayəti çox geniş miqyasda törədən demoqrafik qrupdur. Çünki istənilən cəmiyyətdə gənclər arasında narkotik geniş istifadə olunur. Bu istiqamətdə hansısa araşdırma aparılmadığı üçün ən yaxşı halda təxminlər irəli sürə bilərik. Başqa ölkələrdə olduğu üçün düşünürəm, Azərbaycanda da bu səbəb aktual ola bilər. Məsələn, qeyd etdiyim maddi problemlər, qəzəb, ədalətsizlik hissi – bunların hamısını sakitləşdirmək üçün insanlar narkotikə əl ata bilərlər. Onun istehlakı ilə həmin şəxs bir növ problemlərini unudur, müvəqqəti də olsa özünü rahat hiss edir. Bu qədər problemlər içində bu onun üçün çıxış yolu kimi görünür.
Bir insan stressli həyat yaşayırsa, onun da narkotikə, içkiyə meylli olmasını müşahidə edə bilərik. Bu baxımdan qeyd etdiyim səbəblər bizdə də aktualdır. Görünür, narkotik maddələrin əldə edilməsi çətin olmadığı üçün bizdə bu qədər geniş yayılıb.
Rəsmi statistika baxmayaraq ki, tamamilə düzgün olmaya bilər, amma o belə bu cinayətlərin geniş yayıldığını göstərir. Son bir neçə aydır ki, gənclərin cinayətə meylliliyi ilə bağlı araşdırma aparıram. Və bu çərçivədə sosioloqlar, psixoloqlar, sosial işçilərlə müzakirələr etmişəm. Burda Azərbaycana məxsus bir şey var. Belə ki, problemli ailə həyatı yaşayan, valideynsiz və ya bir valideyni olan gənclər bir çox hallarda bizim "vorzakon” adlandırdığımız kriminal fiqurları və ya televiziyada gördüyümüz bu cür obrazları rol modeli kimi qəbul edirlər və onları izləməyə çalışırlar. O insanların həyatı kriminal elementlərlə zəngin olduğu üçün bizim gənclər də təəssüf ki, boşluğa düşərək onları izləyir, bunu çıxış yolu kimi görürlər. Məsələn, mən filan cinayəti etsəm, həyatım dəyişəcək kimi yanlış düşüncələrə qapılırlar. Nəticədə həmin insanın həbs olunmasına, cinayət törətməsinə gətirib çıxarır. Bu da bir faktordur ki, normal ailə həyatı görməyən, işi olmayan, təhsilsiz insanlar boşluğa düşəndə özlərini təsdiq etmək üçün özlərinə nümunəvi insan axtarırlar və qeyd etdiyim şəxslərdə bunu tapırlar”.
Günay Rəsulqızı