Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
DSX-dən verilən məlumata görə, 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub. Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur. Xatırladaq ki, bundan əvvəlki günlərdə Ermənistanın təxribatlarına cavab olaraq açılan atəşlər nəticəsində bir erməni hərbçi məhv edilmiş, ikisi isə yaralanmışdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatdan aydın olur ki, düşmən digər istiqamətlərdən də təxribatlarına ara vermir.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. L. Abdullayeva özünün twitter səhifəsində bildirib ki, Ermənistanın xarici işlər naziri "stabilliyin” mənasını yanlış anlayır. "Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə ”stabillik adası" ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir", - XİN rəsmisi qeyd edib.
APA-nın xəbərinə görə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı "stabillik adası” adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib. Göründüyü kimi, qonşu ölkənin ərazilərini üçüncü onillikdir işğalda saxlayan, üstəlik, sərhəd boyunca təxribatlarını davam etdirən Ermənistan özü barədə "sabitlik adası” mifini uydurmağa çalışır. Əslində isə bu ölkə özünü təcrid edən bayquş yuvası adına haqq edib.
Ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət mədəniyyət sahəsində də özünü göstərir. Modern.az-ın xəbərinə görə, ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişirlər. İranın "Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın "İDEA” fondunun maliyyə yardımı ilə aparılan işlər məscidin xarici görünüşünü tamamilə dəyişib.
Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub. Göründüyü kimi, işğalçı bütün istiqamətlərdə vandal mövqeyini nümayiş etdirməkdədir.
Bir neçə gündür ki, təmas xəttində vəziyyətin gərginləşməsi Azərbaycanın 2016-cı ildə olduğu kimi lokal hərbi əməliyyatlar keçirə biləcəyi ilə bağlı təklif və ehtimallara yol açmaqdadır. Bəs belə bir hücum əməliyyatının reallaşması mümkündürmü?
Politoloq Tofiq Abbasov moderator.az-a Azərbaycanın istənilən an əks-hücuma keçə biləcəyini deyib: "Nəzəri baxımdan belə bir imkan var. Biz istənilən zaman, istənilən gün və anda əks-hücuma keçə bilərik. Azərbaycanın buna siyasi-hüquqi, eləcə də ideoloji və s. baxımdan haqqı var. Beynəlxalq qanunlar da buna imkan verir. Ancaq Azərbaycan hələ ki bu məsələdə təmkinli davranır. Problemin həlli dünyanın mühüm siyasi institutlarının diqqətindədir. Doğrudur, ermənilər bu danışıqlar prosesinə mane olur, müxtəlif bəhanələrlə konkret nəticənin əldə olunmasına imkan verməməyə çalışırlar. Baxın, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın özü etiraf edir ki, Ermənistan bütün parametrlər üzrə köçür. Ümummilli lider Heydər Əliyev də zamanın Azərbaycanın xeyrinə işlədiyini vurğulamışdı. Zamanla bizim üstünlüyümüz artır və Ermənistanla ölkəmiz arasındakı fərq böyüyür. Məhz bu fərq Ermənistanı hədələyir.
Biz istənilən zaman hücuma keçə bilərik. Lakin görünən odur ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu məsələdə tələskənliyə yol vermək istəmir. Azərbaycan istəmir ki, sonra onu süni şəkildə tələskənlikdə ittiham etsinlər. Fəqət qeyd etdiyim kimi, biz hər an hücuma keçə bilərik və bu hücumun anını ölkənin siyasi-hərbi yetkililəri müəyyənləşdirəcək. Bu hücumun Ermənistanın ağır məğlubiyyəti ilə yekunlaşacağı şübhəsizdir".
Bu arada məlum olub ki, ABŞ hökuməti Azərbaycanın işğal altındakı torpaqlarında qondarma separatçı-terrorçu rejimə verilən maliyyə yardımını azaltmağı planlaşdırır.
Ermənistan və qondarma rejim saytlarının həyəcanla yaydığı məlumata görə, bu barədə işğalçı ölkənin siyasi analitiki Suren Sərkisyan facebook səhifəsində bildirib. O əlavə edib ki, bəhs edilən yardım Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün verilir. "Bu, ”USAİD" tərəfindən maliyyələşdirilən bir proqramdır və onun ləğvi özündə ciddi siyasi mesaj daşıyır. ABŞ-da yaşayan dostlarımı "Hay Dat” ofisi tərəfindən təşkil olunan kampaniyaya qoşulmağa çağırıram. Bir daha təkrar edirəm, bu, ciddi siyasi nəticələrə səbəb ola bilər. Bu, siyasi və hüquqi presedent olacaq ki, gözlənilən nəticələrini hamımız bilirik" - deyə S.Sərkisyan ermənilər üçün həyəcan təbili çalıb.
Ermənilər çox ağır duruma düşdüklərini anlayırlar. Xüsusilə də ABŞ-ın Azərbaycana 101 milyon dollar yardım göstərməyə qərar verməsi işğalçıları rəncidə edib. Hesab olunur ki, cəbhədəki gərginliyi tətikləyən həm də bu məsələdir. Ermənistan 1992-ci ildəki kimi, ABŞ Konqresinin Azərbaycana yardımı qadağan edən düzəlişi qəbul etməsinə çalışır. Sözsüz ki, burada ABŞ Konqresindəki erməni lobbisinin gücünə arxayındırlar.
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a dedi ki, bu məsələ ilə bağlı fərqli düşünür: "Keçmişdə də gərginlik olduğu halda belə, Ermənistan çox çalışıb, amma nəinki KTMT-ni, hətta Rusiyanı da proseslərə qoşa bilməyib. Rusiya uzaqbaşı müharibənin başlamasını əngəlləyə bilər, amma sərhəd toqquşmalarının qarşısını ala bilməz”. Analitik gərginliyin tətiklənməsinin Azərbaycan üçün əlverişli imkan yaratdığı qənaətindədir: "Açığı, elə biz gərginliyin artmasında maraqlı olmalıyıq ki, düşmən təzyiqi hiss etsin. Özü də təkcə Dağlıq Qarabağ istiqamətində deyil, elə Tovuz, Qazax, Naxçıvan istiqamətində də gərginlik hökm sürməlidir ki, Ermənistan hakimiyyəti vəziyyəti anlasın. Yəni birdəfəlik dərk etsin ki, sülh, Azərbaycanla anlaşma olmayana kimi, bu gərginlikdən yaxa qurtara bilməyəcək”.
Deputat Qüdrət Həsənquliyev hesab edir ki, düşmənə sarsıdıcı zərbə vurmaq üçün zəmin yaranıb: "Biz erməni xalqını döyüşdə məğlub etməsək, ”Böyük Ermənistan" xəstəliyinə yoluxdurulan bu xalq heç vaxt imkan verməz ki, hansısa hökumət başçısı Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyan sənədə imza atsın. Heç bunu vasitəçilər də istəmir. Ona görə də biz mütləq hərbi yolla ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı azad etməliyik ki, erməni xalqı reallıqla barışsın və Azərbaycanla sülh sazişi imzalasın. Qalan hallarda danışıqlar, sadəcə, problemin həllini zamanın ixtiyarına buraxmaq və daha əlverişli beynəlxalq şərait gözləmək məqsədi daşıyacaq". Deputat teleqraf.com-a deyib ki, əlverişli beynəlxalq şəraiti biz özümüz yaratmalıyıq: "Biz Qarabağın məskunlaşdırılmasına imkan verməməli, problemin həlli üçün Rusiya ilə hansısa formada anlaşmalıyıq. Rusiyanın Ermənistana dəstəyi olmasa, Azərbaycan bu problemi qısa müddətdə həll edə bilər. Bu baxımdan danışıqlardan heç nə gözləməyə dəyməz. Dövlət olaraq müharibə edə bilmiriksə, Mübariz İbrahimov kimi qəhrəmanlarımız şəxsi şücaət göstərməli, düşmənə qan uddurmalıdırlar. Belə qəhrəmanlarımız daha yoxdursa, onda ah-nalə edib hökuməti, xalqımızı qınamamalı, onları yetişdirənə qədər danışıq aparmalıyıq”.
Bu arada Ermənistan daxilində baş verənlər də diqqət çəkir. Ermənistan paytaxtında basdırılmış aprel müharibəsi iştirakçılarının məzarları təhqir olunub. Bundan əvvəl analoji hadisələr Nubaraşen və Çarentsavan qəbiristanlığında da baş verib.
Ermənistan parlamentinin Araşdırma Komissiyası isə bu ilin sentyabrından 2016-cı ilin aprel döyüşlərinin nəticələrini araşdırmağa başlayacaq. Məsələni araşdırmaq üçün komissiya üzvlərinin təcrübə və bilikləri yetərincə deyil. Ona görə də araşdırmalara peşəkar hərbçilər cəlb olunacaqlar. Göründüyü kimi, Ermənistandakı durum hər an partlayışla bitə bilər. Köçəryan da Paşinyanı xəbərdar edib. Çox güman ki, işğalçı ölkənin hakimiyyəti diqqəti özündən yayındırmaq üçün sərhəddə tətiyə basmağı sifariş edib. Amma variant Paşinyan komandasını xilas etmək əvəzinə, bütövlükdə Ermənistanı məhvə apara bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, budəfəki savaş dəhşətli və fəlakətli olacaq...