Şəfəqə Doğru » Manşet » MƏRMƏR DAŞLAR BİZİ YAŞADIRMI ?

MƏRMƏR DAŞLAR BİZİ YAŞADIRMI ?

MƏRMƏR DAŞLAR BİZİ YAŞADIRMI ?


Camaatımızın heç bir çağırış, dəvət olmadan toplana bildiyi yeganə səbəb kiminsə vəfat səbəbidir. Eşidildiyi andan etibarən gün ərzində 150-200, bir  həftə ərzində 1000-2000 nəfərin toplana bildiyi tək səbəb budur. Təbii ki, yerdən-yerə saylar dəyişə bilər.

Birinin vəfatı səbəbiylə toplanan camaat onun doğmalarına yardım etməyə çalışırlar-pul yardımı. Əslində adı "yardım”-dır, özü isə "məcburi borclandırma”dır. Camaat gəlir, siyahı tutulur, kim nə qədər istəsə verir, qohumlardan biri isə bu verilənləri dəftərə yazır. Yazmalıdır, çünki vəfat edənin varisləri gələcəkdə bu pulları geri qaytarmalıdır-bu dəftərə baxaraq biləcək məbləği. Bəs nə üçün toplanır bu pul ?

2 səbəbdən dolay

  • Başsağlığı diləmək üçün gələnlərə oturacaq, yemək-içmək verə bilmək üçün,
  • Qəbir daşları üçün.


Vəfat edənin evinə qədər gəlib onun doğmalarına, yaxınlarına səbr diləmək, başsağlığı vermək adətdir. İzahlara görə, bu həmin adamların qəm-kədərini yüngülləşdirir. Belə olan halda gələnlərin bir şəkildə qonaqlanması ev sahibinə  borc  olur, məcbur qalır ki, gələnlərə yemək-içmək versin. Hərçənd  ki,  dinlə heç bir əlaqəsi yoxdur, sırf ənənədir, ancaq, artıq geri dönüşü olmayan bir adətə çevrildiyi də həqiqətdir. Bu səbəbdən yığılan pullar qısmən başa  düşüləndir. Bəlkə də, vəfat edənin varisi yoxsuldur. yemə-içmə alacaq pulu yoxdur.


Pul yığılmasına ikinci səbəb isə qəbir daşlarının alınması üçündür, yəni mərmər sinə daşı və baş daşılarının alınması. Bizim kəndimizdə son 50 ildə qəbir  daşlarına mərmərdən başqa daş düzdürən demək olar ki, yox dərəcəsindədir. Burada "düzdürmək” yazdım, çünki elə  məbləğlər var ki, onun qarşısında "daş qoydurmaq” ifadəsi cılızdır. Qara, ağ, boz rəngli mərmər daşlar boy-boy  qəbristanlığı "bəzəməkdədir”. Deyilənlərə görə, ən ucuzu 1000 azn-dən başlayır. Kənd qəbristanlığında 3000 azn, 5000 azn-ə başa gəlmiş mərmər qəbir daşları var.

 

İnternet üzərindən apardığım araşdırma sonunda yazıram ki, Azərbaycanda satılan mərmər qəbir daşlarının hamısı başqa ölkələrdən gətirilmədirlər (əgər bunun əksini bilən varsa, şərhə yazsın). Türkiyə, Ukrayna, Mərkəzi Avropa ölkələri və hətta Nigeriyadan Azərbaycana mərmər daşlar gətirilir və azərbaycanlılara satılır. Azərbaycanda mərmər yatağı olduğuna dair çox sözlər danışılsa da biz hələ istehsalını görmədik-eşitmədik.


Təsəvvür edək, Qazağın bir kəndində doğulan, orada böyüyən, orada ömür sürən, vaxtı yetişib vəfat edən bir adamın qəbir daşı Ukraynadan gələn bir daş olur. Ölən adam diriliyində Azərbaycandan kənara bəlkə addım da atmayıb, ancaq öləndən sonra sinəsində Ukrayna mərməri, başdaşı isə Nigerya  mərməri… Məntiq utancından girməyə deşık axtarır. Bu ölkədə daş yoxdurmu ?! Gərək mərmərmi olsun? 100 -200 il əvvəl dünyadan köçənlərimizin  mərmər qəbir daşları yoxdur, bizdən inciyirlərmi?! Və ya mərmər daha uzunömürlüdür deyə guya bu mərhumlar daha çox xatırlanacaqlar?!  

 

Xatırlatmaqda fayda var, 15 il əvvəl bir kənd qəbristanlığında gəzərkən, vaxtilə həmin "kəndin yiyəsi” sayılan, indiki bəzi gənclər tərəfindən "Baron”  adlandırılan birinin qəbrinə rast gəldim, dövründə ən bahalı və uzunömürlü daşı  sayılan, qara mərmərdən bir daş.  Ancaq, nə gördüm? Başdaşı ortasından ikiyə ayrılmışdı-bu da guya mərmərin dözümlülüyü.


Camaatımızın topladığı pulların mərmər adıyla hara, kimin ciblərinə axdığını bu yolla bilə  bilmərik. Bildiyimiz  odur ki, daş bizim deyilsə, bizdən çıxmırsa  deməli harasa çox uzaqlara və bizdən olmayanların ciblərinə gedir, üstəlik, bir daha bizə qayıtmamaq şərtiylə.


Bəs məbləğ? Həmin kənddə 11000 əhali var, bir şəhər qədərdir, sayca Qax, Oğuz, Gədəbəy şəhər əhalisindən çox geri qalmırıq.. Allah hamıya sağlıq versin! Ancaq ölüm haqqdır. Vaxtı yetişən torpağa qayıtmalıdır. Bir ildə təqribən 50-60 adam vəfat  edir. Qiymətlərdəki aralığa  fikir  versək bu  daşlar  arasında orta qiyməti 1200 azn götürə bilərik. Deməli, bu kənddə bir  ildə mərmərlərə ödənən məbləğ 60 000 ilə 70 000 Azn arasındadır.


Bir kənd düşünün ki, ölülərin üstündə mərmər daş düzdürməyə ildə 70 000 manat xərcləyir - ancaq, burada bir dənə olsun,  UŞAQ PARKI yoxdur. Babanın, nənənin ölməzdən əvvəl bu dünyadakı ən çox  arzuladığı, həzz alacağı nə ola bilər - nəvələriylə oynamaq, onları gəzdirmək, sevindirmək. Bəs harada gəzdirəcəklər? O yer varmi bu kənddə? Yoxdur.


Bir yer düşünün, qəbir daşlarına ildə 70 000 manat verilsin, ancaq, bu yerdə yeniyetmələr üçün elementar  standartlara cavab verən bir dənə FUTBOL MEYDANÇASI olmasın. 

Bir El düşünün, heç vaxt dirilməyəcək olanlar üçün  dünyanın o başından, ildə 70 000 manat-lıq mərmər daş ala bilsin, ancaq, 20 km-lik məsafədən axan Kür çayından borularla su çəkdirib, susuz mələşən torpağına su verə bilməsin.

Bir camaat düşünün, 70 000 manatı hər il daşa versin, ancaq, işsiz-peşəsiz qalmış qız övladlarına bir tikiş məktəbi və ya  başqa bir  peşə məktəbi  qura bilməsin. 


Bu torpaqda  doğul, bu torpağın-daşın üzərində yaşa, buranın daşıyla özünə dünya evi tik, içinə gir – yuva qur, AMMA ÖLƏNDƏ ÜZƏRİNDƏ XARİCİ DAŞ OLSUN ?! Niyə ?? 

Nicat Novruzov