Adı mediada mənfi mənada hallanan məmurlar niyə səssizliyə qaçırlar?
Haqlarında xəbər yayılır,bəzən də (normal cəmiyyətlərdə) sensasiya sayılacaq dərəcədə.
Birinin xaricdə mülkləri üzə çıxır, birinin övladının hansisa şəkildə skandalı aşkarlanır, bir başqasının səs yazısı yazılır.
Maaşlı işçi olduğu halda milyonları olan məmur var.
Deputat vəsiqəsini qoyub borca pul götürən deputat gördük ikicə gün əvvəl.
Restoranda dava salıb, sağa-sola təhdid yağdıran deputat haqqında yazılar getdi bu ölkədə.
Hər gün "xaricdən maliyyələşənlər" -in haqqında dil-boğaza qoyulmadığı halda xaricə gedib orada biznes imperiyası yaradanlardan yazılır-sənədlər, faktlar saçılır ortalığa.
Birinin xanımının adına striptiz klub,digərinin oğlunun adına holding peyda olur və daha nələr.
Gizlindən də olsa inkişaf xatirinə, ən azı geri qalmamaq xatirinə izlədiyimiz -inkişaf etmiş ölkələrə baxsaq orada haqqında hər hansı sensasiyalı xəbər çıxan- rüşvət , qanunsuz biznes, mənimsəmə və s bu kimi mövzularda adı hallanan bir siyasətçi,millət vəkili ,məmur olarsa o dəqiqə ilk ağla gələn budur ən qısa zamanda sözügedən şəxs çıxıb mətbuat konfransı keçirəcək suallara şəxsən və birbaşa yayım önündə cavab verəcək, ictimaiyyəti malumatlandıracaq.işin hüquqi araşdırılması bundan sonradır.
Bəs bizdə?
Yoxa çıxırlar. Özlərinə borc bilmirlər. Özlərini qarşıısında qorunmalı olduğu yerin təkcə prezident aparatı olduğunu düşünürlər.Hesab veriləcək yerin ancaq oranı bilirlər. Xalq,ictimaiyyət,cəmiyyət, mətbuat qarşısında borc anlayışı yoxdur bizimkilərdə. Adı hallandı, çıxsın bir mətbuat konfransı təşkil etsin ,hansı sual varsa cavablandırsın --belə bir borc hiss etmirlər.
- Adın qanunsuzluqda hallanır, ellərə yayılır ey qafil, niyə çıxıb jurnalistlər önündə, mikrofon önündə danışmırsan, niyə haqlı olaraq ortaya axışan suallara cavab vermirsən? Niyə demirsən ki, filan xəbər yalandır, mən etməmişəm?
Rahatdırlar nədənsə, niyəsə.
Sorğulayan olmayacaq deyədir bəlkə.
Ya da "onsuz da qoruyanım var" arxayınlığından.