"Beynəlxalq Bank işi”ndə yeni sensasion məlumatlar yayılıb. Məlum olub ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona gedib.
"Yeni Müsavat”ın yazdığına görə, Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. R.Usubovun imzaladığı həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ancaq göründüyü kimi, Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.
Hakim Turqay Hüseynovun imzaladığı qərarda qeyd olunur ki, CM-nin 179.3.1 və 179.3.2 maddələri ilə ittiham olunan Zamirə Şirəli qızı Hacıyeva "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən əri Hacıyev Cahangir Feyzi oğlunun bir neçə cinayətinin törədilməsi üçün bankın bir neçə filialının müdiri ilə birgə cinayət əlaqəsinə giriblər. 2009-cu ildən 2015-ci ilə qədər 18 milyon 429 min manat mənimsəyiblər.
Qərardan aydın olur ki, Z.Hacıyeva ölkəni Bakı Hava Limanı vasitəsi ilə 15 noyabr 2014-cü ildə tərk edib. Həmin tarixdən 27 may 2016-cı ilə qədər istintaqçıların bankirin həyat yoldaşına sualları olmayıb. Həmin tarixdə isə Z.Hacıyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək barəsində CM-in 179 3.1 və 179.3.2 maddələri ilə təqsirləndirlən şəxs qısmində cəlbetmə qərarı qəbul edilib. Lakin Zamirə Hacıyeva ölkədə olmadığından ona ittiham elan edilməsi mümkün olmayıb və bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinə təqdimat verilməklə barəsində həbsli axtarış elan edilməsi haqda qərar verilməsi xahiş olunub. Qərara görə, Z.Hacıyeva saxlanılacağı təqdirdə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçiləcək.
Z.Hacıyevanın barəsindəki qərara diqqət etsək, maraqlı məqamlar üzə çıxır. C.Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə onun ailə üzvü yarıdan çoxu dövlətə məxsus olan bankın pullarını şəxsi vəsaiti kimi sağa-sola xərcləyib. Həmin dövrdə bankda dövləti təmsil edən Maliyyə Nazirliyinin müvafiq qurumlarının nə işlə məşğul olduqları bilinmir.