Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda 67 yaşını qeyd etdi. V.Putinin hər dəfə olduğu kimi bu ildə ad gününü fərqli keçirdi, Müdafiə naziri Şoyqu ilə Sibiri gəzməsi rus liderin şəxsiyyətini növbəti dəfə gündəmə gətirdi.
Rusiya kimi böyük dövlətə rəhbərlik edən və hazırda dünyanın ən güclü siyasi liderlərindən biri olan Vladimir Putinin siyasi fəaliyyəti ilə bağlı məlumatlar kifayət qədərdir.
Lakin Rusiya dövlət başçısının şəxsiyyəti, xarakteri, şəxsi həyatının görünməyən tərəfləri çoxları üçün hələ də müəmma olaraq qalır. Hansı ki, Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlarını heç vaxt yaddan çıxarmayacaq.
Fikrimizcə, Rusiya prezidentinin həyatının kimsəyə məlum olmayan maraqlı məqamları barədə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində onunla bir qrupda təhsil almış professor İlham Rəhimov daha çox məlumatlı ola bilər. Axı onlar arasında çox yaxın münasibətlər olub və bu gün də davam edir. Bunun həqiqət olduğunu keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov da öz xatirələrində təsdiq edirdi: "Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun valideynləri ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi. Nüfuzlu Leninqrad Universitetinin Hüquq fakültəsində təhsil alan Rəhimov qrup nümayəndəsi olub”.
Beləliklə, Axar.az olaraq Vladimir Putini siyasətdən kənar şəxs kimi daha yaxından tanımaq üçün onun tələbə yoldaşı və dostu, hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət etdik:
- Rusiya Prezidenti Vladimir Putin tələbə yoldaşınız olub. Oktyabrın 7-si Putinin 67 yaşı tamam oldu. Onu təbrik etdinizmi?
- Bəli, həmin gün səhər saatlarında təbrik etdim.
- Prezidentin dostu olmaq necə bir hissdir?
- İlk növbədə onu qeyd edim ki, bu müsahibə Putinlə dostluğumuzun reklamı kimi başa düşülməməlidir. Çünki nə onun, nə də mənim buna ehtiyacımız var. Sizin sualınıza gəldikdə isə bu yaxınlarda bizim bir-birimizi tanımağımızın 50 ili tamam olacaq. Tələbəlikdə o, necə olubsa, indi də elə qalıb.
Prezidentin dostu olmağa gəlincə, bir tərəfdən yaxşıdır, bir tərəfdən isə... (gülür). Hər zaman o statusda olan adamlarla dostluq edəndə hərəkətlərin müəyyən mənada ondan asılı olur.
- Tələbəlik dostunuzun dünyanın nəhəng ölkələrindən birinə rəhbərlik etməsinin tarixi 20 ilə yaxınlaşır. Putinin hakimiyyətə gəldiyi vaxtı necə xatırlayırsınız?
- 1999-cu ildə Putin təzəcə baş nazir təyin edilmişdi. Jurnalistlər onun haqqında məlumat almaq üçün yaxınlarını, dostlarını axtarırdılar. Bir gün Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı mənimlə əlaqə saxlayıb dedi ki, Putin haqda məlumat almaq üçün sənə zəng edəcəklər. Jurnalistlərə nə cavab verəcəyimi bilmirdim, ona görə də Putinin özü ilə məsləhətləşmək üçün ona zəng etdim. Dedim ki, jurnalistlər səninlə bağlı soruşurlar, onlara nə cavab verim? Putin cavab verdi ki, onsuz da bizim dostluq münasibətimizi nə vaxtsa hamı biləcək. Ona görə də gizlətməyin mənası yoxdur, məni necə tanıyırsansa, eləcə də təqdim et. Səhəri gün Rusiyanın məşhur qəzetlərindən birindən zəng edib, Putinlə bağlı suallar verdilər. Mən də hamısına necə vardısa, onu necə tanıyırdımsa, o cür cavab verdim. Jurnalist soruşdu ki, Putin vətənpərvərdirmi, yəni Rusiyanı sevirmi? Mən də cavabımda bildirdim ki, tanıdığım şəxlər sırasında Putin ən vətənpərvər insanlardan biridir. Mənim bu fikirlərim qəzetdə çıxdı, daha sonra yerli qəzetlər də bunu yayımladı.
- Putin Bakıya tələbə vaxtı gəlmişdi?
- Bəli, həm tələbə vaxtı, həm sonrakı illərdə bir neçə dəfə Bakıda olub, hətta Tovuza da getmişdi. Sizə maraqlı bir hadisə danışım. Putin 1987-ci ildə Almaniyada işləyəndə məzuniyyətə çıxmışdı. Onda yay idi, hava da çox istiydi. Mən Ədliyyə Nazirliyində çalışırdım. Bir dəfə Leninqraddan zəng edib dedi ki, tələbəlik dostumuz Viktor Xmarinlə Bakıya – sənin yanına gəlmək istəyirik. Mən də dedim ki, biletinizi nə vaxt alacaqsınızsa, xəbər verin. Dedi, bilet artıq cibimizdədir, sabah gəlirik. Gələn kimi onları Nabrana apardım. Təxminən 10 gün orada qaldılar.
Putinlə birlikdə gələn tələbə dostumuz Viktor vəkil idi. Onlara dedim ki, bizdə burada adətdir - haradan olduğunuzu, nə işlə məşğul olduğunuzu sizdən soruşacaqlar. Mən Ədliyyə Nazirliyində işləyirdim deyə, məni tanıyırdılar. Putinə dedim ki, Viktoru vəkil kimi təqdim edəcəm, bəs səni necə təqdim edim? Putin də o vaxt Almaniyada kəşfiyyatda çalışırdı. Dedi ki, cinayət axtarış şöbəsinin inspektoru kimi təqdim et. Putini də elə təqdim etdim.
- Sizin tələbəlik vaxtı həm də bir yerdə qaldığınız deyilir...
- Xeyr, onun evi vardı. Putin zəhmətkeş və sadə ailədən idi, valideynləri ilə birgə qalırdı. Atası zavodda fəhlə işləyirdi, anası tibb bacısı idi. Onun çox gözəl valideynləri vardı. Mənə digərlərindən daha çox hörmət edirdilər, bunu anlayırdım. Ayrı millətin nümayəndəsi olduğum üçün mənə münasibət bir qədər fərqli idi. Sanki qonaq kimi baxır, daha isti münasibət göstərirdilər. Mənə olan bu isti münasibət əslində o ailənin sovet sistemindəki beynəlmiləlçilik ənənələrinə söykənirdi.
Tələbəlik illərində Putin, Viktor və mən adətən, dərsdən sonra kafedə birlikdə yemək yeyirdik. İdmanla məşğul olduğumuz üçün içki qəbul etmirdik. Uzağı, pivə içərdik. İnanmazsınız, amma mən arağın dadını aspiranturada oxuyanda bilmişəm...
Bir gün kafedə olarkən söhbət əsnasında Putin sual verdi ki, "Zaporojets”in neçə qapısı var? Dedi, gəlin mərcə girək. Viktor dedi ki, 4 qapısı var, mən də bunu təkrarladım. Bundan sonra Putin "Zaporojets”in 2 qapısı olduğunu söylədi. Dedim, bunu necə sübut edəcəksən? Təklif olundu ki, yaxınlıqda əyləşənlərdən soruşaq. Gördük ki, heç kim bilmir. Putin dedi ki, gedək, çöldə axtaraq. Onların məhləsinə gələndə gördük ki, həyətdə "Zaporojets” var və Putinin dediyi düz çıxdı. Biz də bir yeşik pivədən mərcə girmişdik. Bu "Zaporojets”in kimin olduğunu soruşduq. Putin özünün olduğunu, anasının lotereyada udduğunu dedi. Həmin "Zaporojets” sonralar qızım körpə olanda çox köməyimizə gəldi.
- Deyəsən, Putin qızınızın toyunda da iştirak edib. Onu dəvət etmişdiniz, yoxsa eşidib özü gəlmişdi?
- 2001-ci ildə dekabrın 19-da qızımın Moskvada toyu oldu. Yoldaşım ağır xəstə olduğu üçün belə qərarlaşdırdıq ki, toy orada olsun. Toy üçün "Özbəkistan” restoranını seçdik. Toydan iki-üç gün əvvəl isə Putinlə zəngləşib, onun bağına getdim. Həyat yoldaşı da yanımızda idi. Dedim ki, ayın 19-u toydur, mənim borcum sizi çağırmaqdır, gəlib-gəlməmək öz işinizdir. Açığı, yenicə prezident seçilmişdi və təxmin edirdim ki, gəlməsə belə, kimisə toya təbrik üçün göndərəcək. Digər tələbə yoldaşlarımı da toya dəvət etmişdim. Putin soruşdu ki, toy harada olacaq? Dedim, "Özbəkistan” restoranında. Sakitcə dedi ki, orada olmuşam, yaxşı yeməkləri olur. Toy günü saat 21:15-də restoranın administratoru yanıma gəlib, qulağıma dedi ki, Putin həyat yoldaşıyla birgə restoranın girişindədir, sizi soruşur. Mən İsgəndər Xəlilov, Aydın Qurbanovla birgə oturmuşdum. Birdən İsgəndər Xəlilovun həyat yoldaşı Sevda xanım restorandakı monitoru göstərib dedi ki, "İsgəndər, Putin gəlib”. O isə cavabında "bu, sadəcə, rolikdir” söylədi. Administrator gələndən sonra dərhal onunla getdim.
Putin xanımı ilə zala daxil olan kimi bəylə gəlini təbrik etmək istədiyini bildirdilər və öz hədiyyələrini təqdim etdilər.
Mən sonradan bildim ki, onun mühafizə xidməti təhlükəsizliyi üçün bu əraziyə gəlməyinə qadağa qoyubmuş. Bu səbəbdən Kremldən çıxanda heç kim xəbər tutmamışdı.
Moskva şəhərinin milis rəisi mənim dostum idi və o da toya gəlmişdi. Putini görəndən sonra yanıma gəlib həyəcanla dedi ki, niyə mənə onun gələcəyini deməmisiniz? Dedim, mən haradan biləydim, şəhərin rəisi sənsən, sən özün bundan xəbərdar olmalıydın. Birdən əlini-əlinə vurub qayıtdı ki, bəlkə, məni artıq işdən çıxarıblar! Zarafatla dedim ki, indi olmasa da, sabah yüz faiz çıxaracaqlar.
Putin o qədər gizli gəlmişdi, heç kim heç nə bilməmişdi. Administrasiyanın şöbə müdirlərindən biri mənim dostum idi, onu da toya çağırmışdım. Onun toyda olmadığını görüb zəng etdim ki, haradasan, niyə gəlmirsən? O da sakit səslə "Mən prezidentin qəbul otağındayam, məni qəbul etməlidir” dedi. Prezident gedəndən sonra yenidən zəng etdim ki, sən hələ də qəbul otağında oturmusan? O da təsdiqlədi. Bundan sonra ona, "Nə qəbul otağı? Putin buradaydı, təzəlikcə getdi, orada niyə oturmusan?” dedim.
- Putinin mobil telefonu varmı?
- Mən onun mobil telefon gəzdirdiyini görməmişəm. Lakin onun istənilən şəxslə, istənilən məkanda əlaqə qurmaq imkanı var.
- Putin ad günlərini həm də fərqli keçirməsilə fərqlənir. Görünən odur ki, ad günü ərəfəsində təbiəti, Rusiyanın ucqarlarını gəzir. Bəs, görünməyən nədir?
- Gənclik illərindən belədir, bir yerdə oturmaqla arası yoxdur. Görürsünüz, fürsət düşən kimi qaçıb harasa gedir.
Xatırladım ki, Putinin ad günü – 7 oktyabr keçmiş SSRİ-də Konstitusiya günü kimi qeyd edilirdi. Ona görə də onun ad günü dostlarının yaddaşında yaxşı qalmışdı.
Biz 4-5 nəfər dostuq. Ad günlərində adətən, bizdən başqa kənar adam olmur. Yubiley keçirəndə isə qohumlarını da dəvət edir və maksimum 10 nəfərlə ad gününü qeyd edirik. Putin ev sahibi kimi də həddən artıq səmimi və qonaqpərvərdir. Biz onun qonağı olanda özümüzü Prezidentin qonağı kimi deyil, dostumuzun qonağı kimi hiss edirik.
- Maraqlıdır, Rusiya televiziyaları və Qərbin müxtəlif media orqanları tərəfindən hazırlanan filmlərdə Putin cəsarətli, qorxmaz, səmimi və ədalətli lider kimi göstərilir. Putini daha yaxından tanıdığınıza görə soruşuram: Putin həqiqətən onların göstərdiyi kimidir?
Ardı var...