Bu ilin ilk 6 ayında müxtəlif pulköçürmə vasitələri ilə Rusiyadan Azərbaycana 417 milyon dollar pul göndərilib. Bu haqda Rusiyanın Mərkəzi Bankı məlumat yayıb.
İqtisadçı ekpsert Natiq Cəfərli deyir ki, elə təxminən bir bu qədər də pul qeyri-rəsmi yollarla, dost-tanış vasitəsilə göndərilib. Onun sözlərinə görə, bu da o deməkdir ki, il ərzində Azərbaycana Rusiyadan təxminən 2 milyard dollar göndərilir(azadliq.org).
Natiq Cəfərlinin fikrincə, həmin pulların sayəsində Azərbaycanda sosial durumu tənzimləmək mümkündür. Onun sözlərinə görə, bir çox ailələr məhz həmin pulların hesabına dolanır.
İqtisadçı bildirir ki, qeyri-rəsmi məlumatlara görə Rusiyada 2 milyon azərbaycanlı var. Onların əksəriyyəti də iş dalınca ora gediblər. Onun fikrincə, bu qədər adam geri qaytarılsa, Rusiyadan çıxarılsa, Azərbaycanda sosial gərginlik artar.
Millət vəkili Fazil Mustafa da razılaşır ki, Rusiyadan göndərilən puldan aslılıq var və bu kifayət qədər ciddidir. Ordan göndərilən vəsaitlər azalsa, bu özünü insanların sosial durumunda göstərir. Amma Fazil Mustafa bildirir ki, Azərbaycan hökuməti bu aslılığı azaltmaq üçün işlər görür, layihələr gerçəkləşdirir. Yeni iş yerləri açır, qeyri-neft sektorunu, kənd təsərrüfatının iştirakına çalışır:
"Daxili bazarı sabitləşdirmək üçün xeyli iş yerləri də açılıb. Amma bu kifayət deyil. Çünki bizim vəsaitin böyük hissəsi mühabirə, müdafiə xərclərinə sərf olunur. Amma ümumilikdə, bu durum təkcə, bizdə deyil. Digər qonşu ölkələrdən də iş dalınca Rusiyaya gedənlər var. Çünki orada bazar var, əhali sayı azdır, işçilərə ehtiyac var”.
Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk 6 ayında MDB ölkələrinə 5 milyard dollar göndərilib. Bu siyahıda ilk yeri Özbəkistan tutur. Azərbaycan isə 5-ci yerdədir. Bu ancaq rəsmi göndərmələrdir.
Nicat Novruzov