Şəfəqə Doğru » Manşet » GORANBOYDAKI ƏMƏLİYYATIN SİRRİ AÇILDI-ŞOK DETALLAR

GORANBOYDAKI ƏMƏLİYYATIN SİRRİ AÇILDI-ŞOK DETALLAR

GORANBOYDAKI ƏMƏLİYYATIN SİRRİ AÇILDI-ŞOK DETALLAR

Qızıl axtaranlardan biri Ziya Məmmədovun şərikinin qardaşı olub, Misir Ələkbərov Bakıya qaçarkən yaxalanıb

Dünən axşam saatlarında belə bir məlumat yayıldı ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Goranboy rayonunda əməliyyat keçirib. JAM.AZ xəbər verir ki, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.
Belə ki, ayın 11-dən 12-ə keçən gecə rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər saxlanılıblar. Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.
Rayon sakinlərinin verdiyi məlumata görə, Tap və Qaşaltı kəndləri arasında yerləşən, 16-cı əsrə aid Osmanlı İmperiyası dönəminə aid olan Osmantəpə tarixi abidə iyunun 12-dən 13-nə keçən gecə nəqliyyat naziri Ziya Məmmədov, onun əsas şəriklərindən biri olan, bu yaxınlarda Ukraynaya qaçmış iş adamı Qulam Ələkbərovun göstərişinə əsasən ekskavatorlarla qazılıb.
Texnikalarla qazıntı işləri aparan şəriklərdə həmin ərazidə xəzinənin olduğuna dair bilgi olub. Elə bu səbəbdən də qazıntıların dərinliyi 9 metrə qədər çatdırılıb. İşin üstünü isə DTX-nın yerli şöbəsinin rəisi açıb. O məsələdən xəbər tutan kimi, dərhal Bakıya məlumat verib və ardından paytaxtdan əməliyyat qrupu Goranboya ezam edilib.
İlkin araşdırma zamanı saxlanılanlardan biri icra başçısının köməkçisi olsa da, digəri aradan çıxa bilib. Qazıntılarda istifadə olunan texnikanın bir qismi isə Goranboydakı dövlət müəssisələrindən birinə məxsus olub. Rayon camaatının dediyinə görə, ərazidən xeyli miqdarda qızıl-ziynət əşyaları tapılıb və onların bir qismi Bakıya göndərilib. JAM.AZ-a verilən məlumata görə, Bakıya çatdırılan həmin qızıllar Ziya Məmmədovla Qulam Ələkbərova verilib.
Qeyd edək ki, Osmantəpədə qızıl axtaran, DTX əməkdaşları tərəfindən saxlanılan şəxslərdən biri elə Ziya Məmmədovun şəriki olan Qulam Ələkbərovun qardaşıdır. 13 il həbsdə yatmasına rəğmən, Goranboy rayon Yol İstismarı İdarəsində rəis müavini işləyən Misir Ələkbərov əməliyyat zamanı aradan çıxsa da, qısa müddətdən sonra onu Bakıya gedərkən yaxalayıblar. Adı bir çox kriminal olaylarda keçən Misir Ələkbərovun azad edilməsi üçün qardaşı və nəqliyyat naziri bir xeyli cəhdlər etsələr də, nəticə olmayıb.