Vidadi İsayev aprel döyüşlərində şəhid ailələrinə yardım adı altında idarə və müəssisə rəhbərlərindən 500 manatdan pul toplatdırır Bərdənin icra başçısı Vidadi İsayev bu dəfə şəhid ailələri üzərindən pul qazanmağı qarşısına hədəf qoyub.
Bu barədə JAM.AZ-a rayondan məlumat verilib. Məlumatda deyilir ki, aprel döyüşlərində şəhid olmuş Bərdə sakinlərinin ailələrinə yardım göstərilməsi məqsədiylə Vidadi İsayev bütün yerli idarə və müəssisə rəhbərlərinə göstəriş verib. JAM.AZ-a daxil ola məlumatda vurğulanır ki, Bərdənin icra başçısının təlimatına əsasən hər bir idarə rəhbəri 500 manat pul verməlidir. Həmin pullar isə guya, şəhid ailələrinə veriləcək. Halbuki həmin pulun cüzi bir hissəsi şəhid ailələrinə verilib. Yerdə qalan hissəsi isə icra başçısı ilə əyan-əşrəfi arasında bölüşdürülüb. Məlumatda deyilir ki, pul yığılması prosesinə Vidadi İsayevin sağ əli sayılan, İcra Hakimiyyətində ərazi-idarəetmə şöbəsinin müdiri Zaur Bəylərov rəhbərlik edir. Qeyd edək ki, hələ heç bir rayonda icra başçısı şəhid ailələrinə yardım adı ilə belə bir addım atmayıb. Vidadi İsayevin ağlına belə fikirlərin haradan gəldiyi isə məlum deyil. Qarşı tərəfi də dinləməyə hazırıq.