"Biz son iki ildə iki yeni Baş nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var”.
Shafaqadogru.com Modern.az -a isdinadən xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.
"Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, qarşıya yeni çağırışlar qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik”,-deyə Z.Oruc əlavə edib.
Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca, daha çox vətəndaş bu prosesi müdafiə edir, fəal iştirak edir.
Deputat qeyd edib ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır.
"Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçsıının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır.
Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çökürlər, onları ələ keçirirlər. Dövlət başçısının öz ifadəsi ilə söyləsək, insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Prezident belələrini zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır”.
Z.Oruc, həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir, amma Azərbaycanda bu rəqəm aşağıdır:
"Halbuki, prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər.
Bu baxımdan, əsl biznes mühiti yaradılmalı, orta və kiçik biznesinin iqtisadiyyatda çəkisi artırılmalıdır.
Bu gün ölkədə əmək bazarına daxil olanların 60 faizinin texniki peşə və ali təhsili yoxdur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səsləndirdiyi səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividendlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.