Bu gün təhsilin keyfiyyətinin aşağı düşdüyünü deyirlər. Nəzərə alaq ki, bu gün gənclər arasında kitaba olan maraq da azalıb. Əvvəllər kitabxanalarda növbələr olurdu. Kitab oxumaq üçün kitabxanada yer tapmaq olmurdu. Amma indi kitabxanalarda kitabları toz basıb. Kitabxanaya müraciət edənlərin sayı azalıb. Fikir verirsinizsə, metroda, avtobuslarda mütaliə edənlərə nadir hallarda rast gəlmək mümkündür. Əvvəllər hətta dayanacaqlarda belə gənclərin əlindən kitab düşməzdi. İndi isə gənclərin əlindən mobil telefon düşmür. Metroda da, avtobusda da elə dayanacaqda da uşaqdan tutmuş yaşlı insanlara qədər hər kəsin qulağında qulaqcıq nəyəsə qulaq asır, nəyə baxır, kiməsə sms yazır və sair. Təəssüf ki, kitab oxumağa insanlarda həvəs qalmayıb. Lakin kitab oxumaq hər bir insan üçün faydalıdır. Nitqin formalaşmasına yardımçı olur. Əslində isə belə bir sübut var. Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə dərc etdirdikləri elmi məqalədə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır, empati qura bilir və daha asan şəkildə dünyaya onların nəzərlərindən baxa bilirlər. Bu iddia hətta tədqiqatçıların daha empatik şəxslərin daha çox roman oxumağa meylli ola biləcəyi ehtimalını nəzərə aldıqdan sonra da özünü doğrultdu. Raymond Marın 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma da oxşar nəticə verdi: hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanların niyyətlərini daha çevik anlayırlar. Ümumiyyətlə, mütaliə insana həyatı sevdirir. Mütaliə zehni açır, kobudluqdan qurtarır. Kitab oxuyan insanlar etibarlı bir ətraf, yaxşı dostlar qazanar. Mütaliə söz xəzinəmizi zənginləşdirir. Mütaliə danışıq qabiliyyətimizi qüvvətləndirir, nitqimizi inkişaf etdirir. Kitab oxumaq mədəniyyətimizi artırır. Bizi hissiyatlı bir insana çevirir. Mütaliə dünyaya baxış bucağımızı dəyişdirir. Ona görə də kitab oxumaqdan vaz keçməməliyik. Hətta yenidən qiraətə marağın artması üçün müəyyən işlər görülməlidir. İnsanlarda kitaba maraq oyatmaq üçün maarifləndirici işlər həyata keçirilməlidir. Xüsusilə telekanallar bu işdə böyük rol oynaya bilər. Bildiyimiz kimi telekanallar ən yaxşı təbliğat vasitəsidir. Ona görə də telekanallar insanları mütaliəyə cəlb etmək üçün müəyyən işlər görə bilər. Maarifləndirici proqramlar hazırlaya bilər. Ümumiyyətlə, təhsil hər bir insanın inkişaf etməsi, gələcəyinin parlaq olması üçün ən önəmli silahdır. Ona görə də gələcəyimizin parlaq olması üçün təhsilə yiyələnməyimiz əsas şərtlərdən biridir. Heç olmasa paytaxtda kitab oxumaq üçün şərait varkən bu imkandan vaz keçməyək. Çünki paytaxtdan kənarda kitab oxumaq üçün hansısa şəraitin olması da sual altındadır. Çünki regionların əksəriyyətində nəinki kitabxana, heç normal məktəb belə yoxdur. Təəssüf ki, regionlarda, xüsusilə də ucqar kəndlərdə vəziyyət paytaxtdan fərqli olaraq daha ağırdır. Bundan başqa uşaqlarda təhsilə marağı valideyn oyatmalıdır. Valideynlər uşaqlara kitabları sevdirməliidir. Valideyn övladına iki dənə oyuncaq alanda, bir dənə də kitab almalıdır. Uşaqlıqdan kitablara maraq oyadılmalıdır. Əks halda gələcəyimiz savadsızlığın qurbanına çevriləcək. Günel MEHDİ