Şəfəqə Doğru » Manşet » “Xalqın heysiyyatı da Qarabağ kimi tapdaq altındadır...”

“Xalqın heysiyyatı da Qarabağ kimi tapdaq altındadır...”

“Xalqın heysiyyatı da Qarabağ kimi tapdaq altındadır...”
Erməni jurnalistlərin Bakıya səfərini məhz 17 Noyabrda- Milli Dirçəliş Günündə təşkil edən azərbaycanlılar həmin tarixi çoxdan unudublar...”
"Xalqdan gizli "xalq diplomatiyası”?..


 

 Ötən həftədən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun irəli sürdüyü təşəbbüslə noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya, azərbaycanlı jurnalistlərin isə İrəvana səfər edəcəyi haqda informasiyalar yayılıb. Dünən erməni jurnalistlərin Bakıya gəlişi barədə məlumat verilməsə də,  materialı çapa hazırlayarkən  "BBC”-nin və bəzi yerli agentliklərin ermənilərin dünəndən Bakıda olduğu barədə informasiyaları yayıldığı bəlli oldu.... 

Bu nədir, xalqdan gizli "xalq diplomatiyası”mı... Görəsən, məhz bu tarixin- Azərbaycan Respublikasında Milli Dirçəliş günü kimi qeyd edilən 17 noyabr tarixinin  torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan bir xalqın nümayəndələrinin paytaxtımıza səfəri üçün seçilməsi təsadüfdürmü? Yoxsa hər şey məqsədəuyğun şəkildə, eyni zamanda Azərbaycan xalqının, xüsusən şəhid ailələrinin, qazilərin, əlillərin, qaçqın və köçkünlərin heysiyyatıyla oynamaq niyyəti ilə edilir? Axı 31 il öncə - məhz noyabrın 17-də indiki Azadlıq meydanında başlanan xalq hərəkatı məhz Ermənistanın təcavüzkar siyasətinə qarşı yönəlmişdi...

17 noyabr mitinqinin əsas təşəbbüskar və təşkilatçılarından hesab olunan keçmiş hərəkatçı, Milli Elmlər Akademiyasınıın əməkdaşı, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev Moderator.az-a açıqlamasında məsələyə kəskin münasibət bildirib: 

"Bu xəbər mənə də çox sarsıdıcı təsir göstərdi. Bilirsiz, son onilliklərdə belə faktlar saysız-hesabsızdır. Onu da deyim ki, artıq xalqın heysiyyatı da qalmayıb. O da torpaqlarımız kimi tapdaq altındadır. Ola bilər erməni tərəfin də belə bir tədbiri qəsdən məhz 17 Noyabr dirçəliş gününə salmaq fikri olub. Amma heç bəlkə  də Azərbaycan tərəfdən bu səfəri təşkil edənlər  17 Noyabrın  hansı tarixlə bağlı olmasını bilmirlər. Çünki onların məqsədi Azərbaycan xalqının mənafeyi, Qarabağın azadlığı yox, tamam başqadır...

Bilirsiz, məni bir məsələ də çox narahat edir. Deyirlər ki, Azərbaycan Respublikası daxilində Qarabağdakı ermənilərə yenidən muxtariyyət statusu verib, onlarla barışmalıyıq. İndiki vəziyyətdə bu, necə baş verəcək? Düzdü, 1991-ci ildən bəri Azərbaycan Respublikası coğrafiyasında, o cümlədən, Dağlıq Qarabağ adlanan ərazidə doğulan, yaşayan şəxslər, yəni ermənilər də Azərbaycan Respublikasının vətəndaşı sayılır. Amma onlar sabah günahlarını, cinayətlərini etiraf edib barışıq üçün yalvaracaqlarmı ki, biz onlarla barışaq?Azərbaycan vətəndaşlığını səmimi şəkildə qəbul edəcəklərmi ki, yoxsa yenə 1920-ci iildə olduğu kimi, müvəqqəti susub gələcəkdə yeni hoqqalar açacaqlar başımıza? Ötən əsrlərdə Rusiya və digər imperiyaların ermənilərə dəstəyi,  eləcə də öz səhv və günahlarımızın ucbatından indi çox böyük bir əngəllə qarşı-qarşıya qalmışıq. Bu gün torpaqlarımızı azad etsək belə, biz ermənilər yaşayan Azərbaycan ərazisinin varlığıya barışmalıyıq... 

Son illər Şəhidlər Xiyabanına hər baş çəkəndə onların qarşısında  dərin utanc hissi keçirirəm. Qardaş, axı biz on minlərlə şəhidimizin, əsirimizin, girovumuzun, yaralımızın, əlilimizin, Xocalıda, Qərbi Azərbaycanda  işgəncə ilə öldürülənlərimizin qisasını almışıqmı, heç olmasa, bir bölgəmizi bütövlükdə azad edib geri qaytarmışıqmı, barışıqdan danışırıq?..”-deyə keçmiş hərəkat lideri etirazını ifadə edib.

Sultan Laçın