İşsizlərə sığorta ödənişi veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşsizlik sığortası haqqında” qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.
Layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. Qanunun parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
Nazirin sözlərinə görə, layihədə əsas məsələlərdən biri işsizlik siğortasının tarifinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə görə, işsizlikdən sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
Sığorta ödənişinin məbləği işçinin stajından və işsiz qaldığı dövrdən asılı olacaq. Yəni işçinin stajı böyük olduqca sığorta ödənişi də böyük olacaq, işsiz qaldığı müddət artdıqca isə ödəniş də azalacaq. Siğorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, sonrakı 2 ayda bu ödəniş 80%-ə, növbəti iki ayda isə 70%-ni alacaq.
İşsiz şəxs bu müddət ərzində iş tapa bilməsə və yenidən sığorta ödənişi üçün müraciət etsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Ödənişlərin məbləği getdikcə azalacaq və minimum həddə düşəcək. Minimum hədd isə minimum əmək haqqı həddində olacaq.
Shafaqadogru.com ”Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.