Şəfəqə Doğru » Manşet » Apellyasiya Məhkəməsində B.Hacıyevin MSK-ya qarşı şikayətinə baxıldı

Apellyasiya Məhkəməsində B.Hacıyevin MSK-ya qarşı şikayətinə baxıldı

Apellyasiya Məhkəməsində B.Hacıyevin MSK-ya qarşı şikayətinə baxıldı

29 saylı seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Bəxtiyar Hacıyevin əlində olan möhürlü-imzalı seçki protokolları ilə Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı protokollardakı rəqəmlər arasında kəskin fərqlər var. Söhbət eyni məntəqələrin protokollarından gedir. B.Hacıyev protokolları da, 29 saylı dairənin müxtəlif məntəqələrində səsvermə günü qeydə alınmış pozuntuların videogörüntülərini də məhkəməyə təqdim edib.

Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsində B.Hacıyevin MSK-ya qarşı şikayətinə baxılıb.

B.Hacıyev protokolları müqayisə etməklə göstərib ki, 1 saylı məntəqənin protokolunda həmin dairədən qalib elan edilən Nigar Arpadaraiyə 114 səs yazılıb. Dairə Seçki Komissiyasının yekun protokolunda (DSK) və MSK-nın saytında isə bu rəqəm 214 göstərilib. Yaxud 22 saylı məntəqədə N.Arpadaraiyə 46 səs yazıldığı halda, DSK-nın yekun protokolu və MSK-nın saytında ona bu məntəqə üzrə 96 nəfərin səs verdiyi göstərilib. 27 saylı məntəqənin protokolunda yenə də N.Arpadaraiyə 111 səs yazıldığı halda, DSK-nın yekun protokolunda və MSK-nın saytında rəqəm 175 göstərilib.