"Bizə bank, sığorta və kapital bazarları ilə bağlı tez-tez şikayətlər daxil olur. Əhalini ən çox narahat edən məsələlər sığorta sektoru ilə bağlıdır”.
Shafaqadogru.com-un məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.
R. Aslanlı qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib: "Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq. Risklərin transferi, sığorta və təkrarsığorta arasında münasibətlərin tənzimlənməsi və daha effektiv model üzərində çalışırıq. Bundan başqa, istehlakçıların hüquqlarının müdafiəsi və sığorta ilə bağlı maraqların tarazlaşdırılması çox mühüm fəaliyyət istiqamətlərimizdəndir. Bununla yanaşı, sığorta xidmətlərinin çeşidinin artırılması, icbari və könüllü sığortanın əhatə dairəsinin genişlənməsi ilə bağlı müzakirələr aparırıq və bu istiqamətdə fəaliyyət göstəririk".